Haqqımızda

Ümumi məlumat

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanının 1-ci və 4-cü hissələrinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdır.

 

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

 

Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasının təmin edilməsi Monitorinq Mərkəzinin fəaliyyətinin əsas məqsədini təşkil edir.

 

 

Mərkəzin əsas fəaliyyət  istiqamətləri

 

Azərbaycan Respublikası Dövlət Dil Komisiyası yanında Monitorinq Mərkə­zi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsini rəhbər tutur. Azərbaycan Respublikasının dövlət dilinin tətbiqi,  ədəbi dil normalarının qorunmasının təmin olunması istiqamətində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və AMEA-nın müvafiq qurumlarının əlaqələndirilməsini təmin edir;

 

***

 

 

  1. Azərbaycan dilinin işləndiyi bütün sahələrdə dövlət dil normalarının qorunması və təbliği ilə bağlı monitorinqlərin keçirilməsi;

 

  1. Azərbaycan dilinin müasir vəziyyəti, dil situasiyası ilə bağlı elmi konfranslar, müzakirələr, dəyirmi masaların təşkili, mövcud problemlərin ictimaiyyətin nəzərinə çatdırılması;

 

  1. Azərbaycan dilinin mediada təbliğinin gücləndirilməsi məqsədilə tövsiyələrin hazırlanması və müvafiq tədbirlərin görülməsi;

 

  1. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının mütəmadi monitorinqinin aparılması;

 

  1. Reklamlarda, müxtəlif xidmət sahələrində, çap və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik, leksik-semantik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi;

 

  1. Tərcümə ədəbiyyatının və dublyajların dilinin monitorinqinin təşkili;

 

  1. Filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və aidiyyəti üzrə təkliflərin verilməsi;

 

  1. Ali və orta məktəb dərsliklərinin monitorinqinin aparılması;

 

  1. Ölkəyə daxil olan istehlak məhsullarının (qida, dərman və s.) müşayiətedici sənədlərinin Azərbaycan dilinə tərcüməsinin monitorinqinin aparılması;

 

  1. Rus və ingilis bölməli məktəblərdə Azərbaycan dili dərsiklərinin və Azərbaycan dilinin tədrisinin monitorinqinin təşkili;

 

  1. Ədəbi dilin düzgün işlədilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi məqsədilə mətbuat, radio, televiziya əməkdaşları (diktor, aparıcılar), QHT nümayəndələri üçün dil kursları və treninqlərin təşkili;

 

  1. “Azərbaycan dili” qaynar xəttinin yaradılması və ora gələn müraciətlər əsasında hesabatların hazırlanması;

 

  1. Azərbaycan dilində gedən prosesləri öyrənmək məqsədilə dilə keçən yeni sözlərin statistik göstəricilərini müəyyənləşdirmək üçün monitorinqlərin aparılması;

 

  1. Dilin təbliği və təşviqi məqsədilə televiziya verilişlərinin təşkili, həmin verilişlərdə Monitorinq Mərkəzi tərəfindən görülən işlərin işıqlandırılması;

 

  1. Çap və elektron kütləvi informasiya vasitələrində, elan və afişalarda, küçə adlarında ədəbi dil normalarına riayət olunması ilə bağlı materialların toplanılması, araşdırılması, sistemləşdirilməsi və təhlilinin aparılması, ədəbi dil normalarının pozuntularının aradan qaldırılması üsullarının müəyyənləşdirilməsi;

 

  1. Azərbaycanda sosiolinqvistik vəziyyətin öyrənilməsi məqsədilə regionlarda Azərbaycan dilinin işlənmə vəziyyətinin öyrənilməsi, region televiziyalarının monitorinqinin aparılması və onlarda aşkarlanan qüsurların aradan qaldırılması məqsədilə təlimlərin təşkili;

 

  1. Mərkəzin yerli nümayəndəliyi tərəfindən respublika ərazisində, xüsusən də milli azlıqların kompakt yaşadığı yerlərdə dövlət dilinin işlənmə vəziyyətinin öyrənilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması;

 

  1. Dilçilik sahəsində kadrların hazırlanması, orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi ilə bağlı təkliflərin verilməsi;

 

  1. Dövlət dilinin təbliği məqsədiilə daim müvafiq icra qurumları ilə birgə tədbirlərin keçirilməsi, reklam çarxlarının hazırlanması;  Dövlət dilinin xaricdə yaşayan soydaşlarımız tərəfindən işlənməsinin vəziyyətini müəyyənləşdirmək məqsədiilə diaspor təşkilatları ilə mütəmadi olaraq görüşlərin keçirilməsi; Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilinin işlənmə vəziyyətinin monitorinqinin və təhlilinin aparılması;

 

  1. Azərbaycan dilinin dövlət idarələri və özəl müəssisələrdə işlənmə vəziyyətini öyrənmək məqsədilə kargüzarlıq sənədlərinin monitorinqinin aparılması;

 

  1. Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə kompleks nəzarətin həyata keçirilməsi;

 

  1. Monitorinqlərin nəticələri ilə bağlı məlumatların təhlili əsasında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq məqsədilə təklif və tövsiyələrin hazırlarlanaraq müvafiq qurumlara təqdim edilməsi;

 

  1. Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq qanun layihələri və təkliflərlə bağlı dövlət orqanları qarşısında vəsatətin qaldırılması;

 

  1. “Dövlət dili haqqında qanun”un və digər müvafiq sənədlərin müddəalarını pozan vəzifəli, hüquqi və fiziki şəxslərin cəzalandırılması ilə bağlı müvafiq icra orqanları qarşısında vəsatətin qaldırılması.

 

Mərkəzi Müşahidə Şurası və direktor idarə edir.