Sərəncamlar

25.01.2022

Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının prezidenti Heydər ƏLİYEV,in "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin etmişdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır.

Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq qərara alıram:

  1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan əsərlərin siyahısı təsdiq olunsun (siyahı əlavə olunur).
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə Azərbaycan Respublikasının bütün kütləvi kitabxanalarına və orta tədris müəssisələrindəki kitabxanalara latın qrafikası ilə yenidən çap olunmuş kitabların alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin.
  3. Azərbaycan Respublikası prezidentinin İcra Aparatına tapşırılsın ki,

- Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2005-2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsərlərin siyahısını bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; [1]

- Azərbaycan Respublikasının Nazirlər Kabineti və respublikanın maliyyə qurumları ilə birlikdə müvafiq plan-qrafik tərtib edib latın qrafikası ilə yenidən nəşr olunması nəzərdə tutulan kitabların çapını təmin etsin;

- Azərbaycan Respublikasının aidiyyatı qurumları ilə birlikdə yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitələri ilə yayılmasını, latın qrafikasında Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılmasını təmin etsin.

  1. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 12 yanvar 2004-cü il

       № 56

 

 

Azərbaycan Respublikası Prezidentinin

12 yanvar 2004-cü il tarixli 56 nömrəli sərəncamı ilə

TƏSDİQ OLUNMUŞDUR 

Azərbaycan dilində latın qrafikası ilə ilk növbədə yenidən nəşri nəzərdə tutulan kitabların

 

SİYAHISI

 

Lüğət və ensiklopediyalar:

 

Azərbaycan dilinin izahlı lüğəti

Azərbaycan dilinin orfoqrafiya lüğəti

"Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası

Azərbaycanca-ingiliscə lüğət

Azərbaycanca-rusca lüğət

"Ədəbiyyat və incəsənət" ensiklopediyası

İngiliscə-azərbaycanca lüğət

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Rusca-azərbaycanca lüğət

 

Azərbaycan xalq ədəbiyyatı:

 

Aşıq ədəbiyyatından seçmələr, 3 cilddə

Atalar sözü və məsəllər

Azərbaycan dastanları, 5 cilddə

Azərbaycan folkloru (məktəblilər üçün seçmələr)

Azərbaycan xalq ədəbiyyatından seçmələr (qaravəllilər, xalq tamaşaları və oyunlar)

Azərbaycan xalq mahnıları (not yazıları ilə), 3 cilddə

Azərbaycan nağılları, 5 cilddə

Bayatılar

Bunu əzbərləməyə dəyər (folklor poeziyasından seçmələr)

"Əfsanə, əsatir və rəvayətlər"

"Kitabi-Dədə Qorqud", 3 cilddə

"Koroğlu" dastanı, 2 cilddə

"Qaçaq Nəbi"dastanı

Molla Nəsrəddin lətifələri

Tapmacalar

 

Klassik və müasir Azərbaycan ədəbiyyatı:

 

Abbas Səhhət. Əsərlər, 2 cilddə

Abdulla Şaiq. Əsərlər, 3 cilddə

Axundov Süleyman Sani. Seçilmiş əsərlər

Axundzadə Mirzə Fətəli. Əsərlər, 3 cilddə

Almas İldırım. Əsərlər

Anar. Seçilmiş əsərlər

Aşıq Ələsgər. Əsərlər, 2 cilddə

"Azərbaycan şeri antologiyası (XIX əsr)

Azərbaycan şeri antologiyası" (XX əsr)

Azərbaycan uşaq ədəbiyyatı antologiyası, 3 cilddə

Azərbaycanın qadın şairləri antologiyası

Azəroğlu Balaş. Əsərlər

Bakıxanov Abbasqulu ağa. Seçilmiş əsərlər

Cabbarzadə Zeynal. Əsərlər

Cabir Novruz. Əsərlər

Cəfər Cabbarlı. Əsərlər, 4 cilddə

Çəmənzəminli Yusif Vəzir. Əsərlər, 3 cilddə "Dastani-Əhməd" Hərami

Dilbazi Mirvarid. Əsərlər

Elçin. Seçilmiş əsərlər

Əfəndiyev İlyas. Əsərlər, 3 cilddə

Əhməd Cavad. Əsərlər

Əkrəm Əylisli. Seçilmiş əsərlər

Əlağa Vahid. Əsərlər

Əli Kərim. Əsərlər

Əlibəyli Ənvər. Əsərlər

Əvhədi Marağalı. "Cami-Cəm

Fədai. "Bəxtiyarnamə"

Fikrət Qoca. Əsərlər

Hacıbəyov Üzeyir. Əsərlər, 2 cilddə

Hadi Məhəmməd. Əsərlər, 2 cilddə

Haqverdiyev Əbdürrəhim bəy. Əsərlər, 2 cilddə

Həbib Sahir. Əsərlər

Həmid Nitqi. Əsərlər

Həsənzadə Nəriman. Seçilmiş əsərlər

Hökumə Billuri. Əsərlər

Hüseyn Arif. Əsərlər

Hüseyn Cavid. Əsərlər, 4 cilddə

Hüseyn Mehdi. Əsərlər, 3 cilddə

Hüseynov İsa. Seçilmiş əsərlər

Xaqani Şirvani. Əsərlər

Xəlil Rza. Əsərlər, 2 cilddə

Xətai Şah İsmayıl. Əsərlər, 2 cilddə

İbrahimov Hüseyn. Seçilmiş əsərlər

İbrahimov Mirzə. Əsərlər, 3 cilddə

İmadəddin Nəsimi. Əsərlər, 2 cilddə

Kəsəmənli Nüsrət. Əsərlər

Kişvəri. Əsərlər

Klassik Azərbaycan ədəbiyyatından seçmələr, 3 cilddə

Köçərli Firidun bəy. Əsərlər, 2 cilddə

Kürçaylı Əlağa. Əsərlər

Qabil. Əsərlər

Qasımzadə Qasım. Əsərlər

Qazi Bürhanəddin. "Divan"

Qövsi Təbrizi. Əsərlər

Qul Əli. "Qisseyi-Yusif"

Qutqaşınlı İsmayıl bəy. Əsərlər

Mədinə Gülgün. Əsərlər

Məhəmməd Əmani. Əsərlər

Məhəmməd Füzuli. Əsərlər, 6 cilddə

Məhsəti Gəncəvi. Əsərlər

Məlikzadə İsi. Əsərlər

Məmməd Araz. Əsərlər, 2 cilddə

Məmmədxanlı Ənvər. Seçilmiş əsərlər

Məmmədquluzadə Cəlil. Əsərlər, 4 cilddə

Məsihi. Vərqa və Gülşaı

Mikayıl Müşfiq. Əsərlər

Mir Cəlal. Əsərlər

Mirzə Ələkbər Sabir. "Hophopnamə"

Natəvan Xurşidbanu. Əsərlər

Nəbati Seyid Əbülqasim. Əsərlər

Nəbi Xəzri. Əsərlər, 2 cilddə

Nərimanov Nəriman. Seçilmiş əsərlər

Nəsirəddin Tusi. "Əxlaqi-Nasiri"

Nizami Gəncəvi. Əsərlər, 7 cilddə

Ordubadi Məmməd Səid. Seçilmiş əsərlər, 2 cilddə

Osman Sarıvəlli. Əsərlər

Rəfibəyli Nigar. Əsərlər

Rəfiq Zəka. Əsərlər

Rəhimov Süleyman. Seçilmiş əsərlər.

Rəsul Rza. Əsərlər, 5 cilddə

Rüstəmxanlı Sabir. Seçilmiş əsərlər

Sabit Rəhman. Əsərlər, 2 cilddə

Saib Təbrizi. Əsərlər

Səfərli İslam. Əsərlər

Səməd Vurğun. Əsərlər, 5 cilddə

Səmədoğlu Vaqif. Seçilmiş əsərlər

Səmədoğlu Yusif. Əsərlər

Söhrab Tahir. Seçilmiş əsərlər

Süleyman Rüstəm. Əsərlər, 5 cilddə

Şəhriyar Məhəmmədhüseyn. Əsərlər, 2 cilddə

Şıxlı İsmayıl. Əsərlər, 2 cilddə

Şirvani Seyid Əzim. Seçilmiş əsərlər, 3 cilddə

Tofiq Bayram. Əsərlər

Vahabzadə Bəxtiyar. Əsərlər, 2 cilddə

Vaqif Molla Pənah. Əsərlər

Vazeh Mirzə Şəfi. Əsərlər

Vəliyev Əli. Seçilmiş əsərlər

Vəzirov Nəcəf bəy. Seçilmiş əsərlər

Vidadi Molla Vəli. Əsərlər

Zakir Qasım bəy. Əsərlər

Zeynal Xəlil. Əsərlər

Zərdabi Həsən bəy. "Əkinçi"

 

Dünya ədəbiyyatı:

 

Andersen Hans Kristian. "Nağıllar"

Aytmatov Çingiz. Əsərlər

Cami Əbdürrəhman. Seçilmiş əsərlər

Çexov Anton. Seçilmiş əsərlər

Dante Aligyeri. "İlahi komediya"

Defo Daniel. "Robinzon Kruzo"

Dostoyevski Fyodor. Seçilmiş əsərlər

Düma Aleksandr. Seçilmiş əsərlər

Dünya uşaq ədəbiyyatından seçmələr, 10 cilddə

Ellada qəhrəmanları

Əlişir Nəvai. Seçilmiş əsərlər

Firdovsi Əbülqasım. "Şahnamə"

Hafiz Şirazi. Əsərlər

Homer. "İliada", "Odisseya"

Höte İohann Volfqanq. "Faust"

Hüqo Viktor. Seçilmiş əsərlər

Jül Vern. Seçilmiş əsərlər

Kəlilə və Dimnə

Lermontov Mixail. Seçilmiş əsərlər

London Cek. Seçilmiş əsərlər

Mark Tven. Seçilmiş əsərlər

Ömər Xəyyam. Rübailər

Puşkin Aleksandr. Seçilmiş əsərlər

Servantes Saavedra. Don Kixot

Sədi Şirazi. "Bustan", Gülüstan

Stivenson Robert. Seçilmiş əsərlər

Svift Conatan. "Qulliverin səyahəti"

Şekspir Uilyam. Seçilmiş əsərlər

Şiller Fridrix. Seçilmiş əsərlər

Tolstoy Lev. Seçilmiş əsərlər

Yunus İmrə. Əsərlər

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 27 sentyabr 2006-cı il tarixli 466nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 09, maddə 743)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 09, maddə 743) ilə 3-cü bəndin ikinci abzasında “Mədəniyyət” sözü “Mədəniyyət və Turizm” sözləri ilə əvəz edilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti vardır.

Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması, xalqımızın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan dilçiliyinin də inkişaf yolunu müəyyən etmişdir. Ana dili ilə bağlı yeni-yeni dərsliklər, lüğətlər və sanballı elmi tədqiqatlar meydana çıxmışdır. Bu sahədə görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və başqalarının mühüm xidmətləri vardır.

Ana dilimizin tədqiqi xüsusilə ötən əsrin ilk onilliklərindən başlayaraq bilavasitə diqqət mərkəzində olmuşdur. Həmin dövrdə Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir çox tədqiqatları işıq üzü görmüşdür. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi ölkəmizdə dilçilik sahəsində əldə olunan nailiyyətlərin məntiqi davamı kimi yeni-yeni tədqiqatların meydana çıxmasına təkan vermişdir.

1920-ci illərdə respublikada aparılan dilçilik tədqiqatları Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda mərkəzləşmişdi. Sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunun yaradılması ilə həmin tədqiqatlar daha sistemli və əhatəli aparılmağa başladı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969-cu ildə müstəqil Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması üçün möhkəm zəmin yarandı. Azərbaycan dilçiliyi Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər alimlərimizin yüksək elmi səviyyəli tədqiqatları yalnız dilşünaslığımızı yox, ümumən Azərbaycan ictimai fikrini zənginləşdirdi.

Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edilirdi.

Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.

Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.

Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir.

Bəzən dilimizin tarixinə aid səslənən səhv fikirlərə vaxtlı-vaxtında cavab verilmir və bu dilin keçdiyi inkişaf mərhələlərini etibarlı tarixi mənbələr əsasında dolğun əks etdirən fundamental əsərlər yaranmır. Elmi tədqiqatlar üçün bəzi hallarda müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən xeyli geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsit mövzular seçilir.

Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan qaldırılmamışdır.

Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırlamalıdır.

Dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb 2012-ci il oktyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Dövlət Proqramının layihəsini 2012-ci il noyabr ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
  3. Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılsın.
  4. Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılsın.
  5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 may 2012-ci il

№ 2236

 

 

 

 

 

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, qloballaşma şəraitində Azərbaycan dilinin imkanlarından dövrün tələblərinə uyğun istifadəni və ölkədə dilçiliyin inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

  1. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 aprel 2013-cü il

  № 2837

 

 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair

 

DÖVLƏT PROQRAMI

 

  1. Giriş

 

Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 506 nömrəli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli 552 nömrəli fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində normativ hüquqi aktlar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli 55 nömrəli və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamlarına əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olmuşdur.

Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli 2240 nömrəli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) həmin sərəncamlardan irəli gələn məsələlərin həllinə yönəlmişdir və 2013–2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

  1. Dövlət Proqramının məqsədi

 

Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

 

  1. Dövlət Proqramının əsas vəzifələri

 

3.1. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması;

3.1.2. dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi;

3.1.3. dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

3.1.4. dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi;

3.1.5. dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi;

3.1.6. dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi;

3.1.7. dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi;

3.1.8. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;

3.1.9. dil və nitq mədəniyyətinin yüksəldilməsi;

3.1.10. Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi;

3.1.11. Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi.

 

  1. Gözlənilən nəticələr

 

4.1. Dövlət Proqramının yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

4.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafının dövlət səviyyəsində təmin olunması;

4.1.2. dünya dilçilik elminin müasir inkişaf meyilləri nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasında və respublikanın digər elmi müəssisələrində, ali məktəblərində aparılan fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

4.1.3. dilçiliyin inkişafı sahəsində fəaliyyət göstərən elmi müəssisə və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi;

4.1.4. Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsi;

4.1.5. Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

4.1.6. qədim dillərin öyrənilməsi sahəsində dönüş yaradılması və müasir dünya dilçiliyi­nin nəzəri səviyyəsinə uyğun elmi tədqiqatlar aparılması işinin gücləndirilməsi;

4.1.7. dilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi;

4.1.8. dünyanın aparıcı mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi, dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə dair birgə tədbirlərin həyata keçirilməsi;

4.1.9. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi;

4.1.10. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;

4.1.11. mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi;

4.1.12. elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün tədbirlərin müəyyənləşdirilməsi;

4.1.13. reklam, afişa və elanlarda ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün yollar müəyyən edilməsi;

4.1.14. Azərbaycan dilini öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbaycanlılar üçün tədris vəsaitlərinin daha intensiv hazırlanmasının təmin olunması;

4.1.15. Azərbaycan dilinin düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet resurslarının yaradılması;

4.1.16. Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsi.

  1. Dövlət Proqramının maliyyələşdirilməsi

 

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsində müvafiq dövlət qurumlarının xərclər smetasında elmi tədqiqatların aparılması üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

  1. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı[1]

 

Tədbirin adı

İcraçılar

İcra müddəti

(illər üzrə)

6.1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi

6.1.1.

Dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Ədliyyə Nazirliyi

2013-2015

6.1.2.

Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması

Təhsil Nazirliyi,

Azərbaycan Milli

Elmlər Akademiyası

2013-2015

6.1.3.

Qloballaşma dövrünün tələblərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası

2013

6.1.4.

Milli transliterasiya standartlarının hazırlanması

Azərbaycan Milli Elmlər Akademiyası

2013-2014

6.1.5.

Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2013-2014

6.2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi

6.2.1.

Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərində əcnəbi vətəndaşlar, diaspor nümayəndələri və digər maraq göstərən şəxslər üçün təsərrüfathesablı Azərbaycan dili kurslarının yaradılmasına dair təkliflərin hazırlanması

Xarici İşlər Nazirliyi,

Təhsil Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

Mədəniyyət və Turizm Nazirliyi,

Diasporla İş üzrə Dövlət Komitəsi

2015

6.2.2.

Ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədris olunmasının təmin edilməsi

Təhsil Nazirliyi

mütəmadi

6.2.3.

Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

mərkəzi və yerli icra hakimiyyəti orqanları,

Mətbuat Şurası,

Milli Televiziya və Radio Şurası

mütəmadi

6.3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi

6.3.1.

Ölkədə tədrisin digər dillərdə aparıldığı ümumtəhsil müəssisələrində dövlət dilinin tədrisinin təmin edilməsi

Təhsil Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

6.3.2.

Ölkədə qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi

mütəmadi

6.3.3.

Türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması

Azərbaycan Milli

Elmlər Akademiyası, Təhsil Nazirliyi

2013-2020

6.3.4.

Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

mütəmadi

6.3.5.

Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Xarici İşlər Nazirliyi,

Diasporla İş üzrə Dövlət Komitəsi

mütəmadi

6.3.6.

Qloballaşma şəraitində Azərbaycanda dil situasiyasının və dillərin qarşılıqlı əlaqəsinin öyrənilməsinin intensivləşdirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

6.3.7.

Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilməsi

İqtisadiyyat və Sənaye Nazirliyi,

Dövlət Gömrük Komitəsi,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi [2]

mütəmadi

6.3.8.

Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Mədəniyyət və Turizm Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi,

yerli icra hakimiyyəti orqanları və bələdiyyələr

2013-2015

6.3.9.

Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanması

Azərbaycan Milli Elmlər Akademiyası,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2013-2014

6.4. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi

6.4.1.

Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2013-2015

6.4.2.

Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2013-2020

6.4.3.

Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

mütəmadi

6.4.4.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması

Azərbaycan Milli Elmlər Akademiyası,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2013-2015

6.4.5.

Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,

Azərbaycan Milli Elmlər Akademiyası

2013-2015

6.4.6.

Azərbaycan dilində antiplagiat sistemin yaradılması

Azərbaycan Milli Elmlər Akademiyası,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

Müəllif Hüquqları Agentliyi

2013-2016

6.4.7.

Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi [3]

2013-2020

6.5. Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliği

6.5.1.

Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğinin gücləndirilməsi

Azərbaycan Milli

Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Milli Televiziya və Radio Şurası,

Mətbuat Şurası

mütəmadi

6.5.2.

Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Milli Televiziya və Radio Şurası,

Mətbuat Şurası, Təhsil Nazirliyi

mütəmadi

6.5.3.

Teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması

Milli Televiziya və Radio Şurası

2013

6.5.4.

Qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio verilişlərinin təşkil edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Milli Televiziya və Radio Şurası,

Mətbuat Şurası

mütəmadi

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 14 may 2014-cü il tarixli 164 nömrəliAzərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)
  2. 2 sentyabr 2014-cü il tarixli 247nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
  3. 16 avqust 2016-cı il tarixli 1023nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
  4. 7 avqust 2017-ci il tarixli 1574nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

 

SƏRƏNCAMDA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı” hissəsinin 6.1.5-ci, 6.3.4-cü, 6.3.9-cu, 6.4.1-ci, 6.42-ci, 6.4.3-cü, 6.4.4-cü, 6.4.6-cı və 6.4.7-ci yarımbəndlərinin “İcraçılar” sütununda “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3.7-ci yarımbəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 6.3.7-ci yarımbənddən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[3] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı” hissəsinin 6.3.4-cü, 6.4.2-ci, 6.4.3-cü və 6.4.7-ci yarımbəndlərinin “İcraçılar” sütununa “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan dili xalqımızın mənəvi sərvəti və dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində digər normativ hüquqi aktlar, həmçinin tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.

Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Azərbaycan Respublikasında hər il yüzlərlə əcnəbi təhsil alır. Ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək üçün əcnəbilərin, o cümlədən ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan yaradılması əhəmiyyətli məsələlərdən biridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsinə əsasən təqdim olunacaq təklifləri beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndirsin və “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə və icra mexanizmlərinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. zərurət yarandığı təqdirdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciətinə əsasən, digər dövlət orqanlarının (qurumlarının) da bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təkliflərin hazırlanması prosesinə cəlb olunmasını təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  1. Bu Sərəncam 2018-ci il avqustun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 iyul 2018-ci il

№ 346