Müşahidə Şurası
Müşahidə Şurası (bundan sonra – Şura) Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura Azərbaycan Respublikasının Baş Naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Şuranın sədrindən və müvafiq ictimai, elmi və tədris qurumlarının nümayəndələrindən ibarət digər 4 üzvdən ibarətdir.
Şura Mərkəzin strateji məqsədini və planlarını müəyyən edir.
Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir.
-
Akademik Möhsün Nağısoylu
Şuranın sədriAzərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü filologiya elmləri doktoru, professor, akademik Möhsün Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Xok kəndində anadan olmuşdur. O, Azərbaycanda şərqşünaslıq, əlyazmaşünaslıq, ədəbi dil tarixinin tədqiqi sahəsində mühüm xidmətləri olan alimlərdən biridir. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlayan alim 2016-2021-ci illər ərzində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik etmişdir. Hazırda AMEA-nın prezidentinin humanitar sahə üzrə müşaviri vəzifəsini icra edir.
300-dən çox elmi əsərin müəllifi olan M.Nağısoylunun elmi yaradıcılığı əsasən farsdilli və türkdilli əlyazmaların tədqiqinə həsr olunmuşdur. Onun “Orta əsrlərdə Azərbaycan tərcümə sənəti”, “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə””, “Füzulinin “Hədiqətüs-süəda” əsəri, “Əhməd Təbrizi və “Əsrarnamə” tərcüməsi”, “Şeyx Səfi təzkirəsi” və s. kimi əsərləri vardır. Monoqrafiyalarının, tərtib və tərcümə kitablarının ümumi sayı 58-dir. 500-ə yaxın elmi, elmi-kütləvi məqalənin, çoxlu sayda rəy və resenziyaların müəllifidir.
Akademik Möhsün Nağısoylu Azərbaycan Respublikası Təhsil Nazirliyinin (2001), Azərbaycan milli Elmlər Akademiyasının Rəyasət Heyətinin (2005, 2016) Fəxri fərmanları, “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı (2019) ilə təltif olunmuşdur.
-
Aslan Aslanov
Şuranın üzvüAslan Əhməd oğlu Aslanov – Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədridir. O, 1951-ci il avqustun 18-də Cəbrayıl rayonunda anadan olub. 40 ildən artıqdır ki, mətbuatda çalışır.
Aslan Aslanov “Heydər Əliyev və AZƏRTAC”, “AZƏRTAC-dan AZƏRTAC-a mürəkkəb və şərəfli yol”, "AzərTAc-90", “Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri”, Dövlət siyasətinin informasiya təminatı, İnformasiya yaradıcılığı: “Standartlar və yeni yanaşmalar” kitablarının müəllifidir.
Aslan Aslanov Azərbaycan Respublikasının “Əməkdar Mədəniyyət İşçisi” (2000), “Tərəqqi” medalı (2005), jurnalistika sahəsində Həsən bəy Zərdabi, “Qızıl qələm”, “Ali Media”, MDB iştirakçısı olan dövlətlərin inteqrasiyasının inkişafına verdiyi töhfəyə görə “MDB-nin yubiley gümüş medalı”, “TÜRKSOY-un 20 illiyi” yubiley medalı (2014), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalları mükafatları laureatıdır. O, həmçinin Rusiya Federasiyasının "Dostluq" ordeni (2011), 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (2010), Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni (2011), Prezident İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2021) ilə təltif olunmuşdur.
-
Bəxtiyar Sadıqov
Şuranın üzvüBəxtiyar Yusif oğlu Sadıqov “Azərbaycan” qəzetinin baş redaktorudur. O, 1951-ci ildə Ağdam şəhərində anadan olub. 2000-ci ildə 119 nömrəli Ağdam kənd seçki dairəsindən Milli Məclisə deputat seçilib. İkinci, üçüncü, dördüncü və beşinci çağrış Milli Məclisin deputatı olub. 2002-ci il aprelin 12-dən Bəxtiyar Sadıqov rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı olan “Azərbaycan”ın baş redaktorudur.
Bəxtiyar Sadıqov 50-dən çox elmi, bədii, siyasi və publisistik kitabın redaktorudur. Çox illik jurnalist fəaliyyətinin bəhrəsi olan “Qeyrət və xəyanət”, “İnsan və zaman”, “Həqiqət və yalan”, ”Ömrün söz yaddaşı”, “Xilaskar İlham Əliyev” adlı kitabların müəllifidir.
O, 1978-ci ildə yaradıcılıq mükafatlarına – “Hərbi vətənpərvərlik mövzusunda ən yaxşı yazılarına görə” Azərbaycan Jurnalistlər İttifaqının “Keşikdə” keçici prizinə, 1983-cü və 1994-cü ildə “Qızıl qələm” mükafatına, 2007-ci ildə “Yusif Məmmədəliyev” adına medala layiq görülüb. Bəxtiyar Sadıqov, həmçinin KHVTİC-nin “Hərbi vətənpərvərlik işlərində xidmətinə görə” medalına, Dövlət Sərhəd Xidmətinin “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalına, “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalına, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülmüş, “Şöhrət” ordeni (2018) ilə təltif olunmuşdur.
-
Nizami Cəfərov
Şuranın üzvüNizami Qulu oğlu Cəfərov Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru professor, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov 1959-cu il sentyabrın 21-də Qazax (indiki Ağstafa) rayonunun Zəlimxan kəndində anadan olmuşdur.
Nizami Cəfərov Azərbaycan filologiyası və türkologiyasının tanınmış nümayəndələrindəndir. Onun tədqiqatları Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan türkcəsinin milliləşməsi, Azərbaycanşünaslığın əsasları və inkişafı tarixi, həmçinin qədim türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.
Nizami Cəfərov Respublikamızda və dünyanın müxtəlif ölkələrində nəşr olunmuş 50 kitabın, 700-ə yaxın elmi məqalənin, 20-dən çox redaktə kitabının müəllifidir. “Füzulidən Vaqifə qədər”, “Azərbaycan türkcəsinin milliləşməsi tarixi”, “Azərbaycanşünaslıq məsələləri”, “Qədim türk ədəbiyyatı”, “Türkün dünyasından türk dünyasına”, “Türkologiyaya giriş”, “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, “Azərbaycan xalqının tarixi, yaxud tərcümeyi-halı”, “Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları”, “Mir Cəlalın milli idealları” və s. kitab və monoqrafiyaların müəllifidir, tanınmış ictimai xadimdir. Azərbaycan Respublikasının II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.
Akademik Nizami Cəfərovun ictimai-siyasi fəaliyyəti və elmin inkişafındakı xidmətləri xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına, Azərbaycan «Bilik» Maarifçilik Cəmiyyətinin “Yusif Məmmədəliyev” medalına layiq görülmüş, “Şöhrət»” (2018) ordeni ilə təltif edilmişdir.
-
Mahirə Hüseynova
Şuranın üzvüAzərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur.
Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən Mahirə Hüseynova 28 elmi kitabın–monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 16 bədii (şeirlər) kitabın müəllifidir. Alimin Respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi məqaləsi çap olunmuşdur. Eynilə onun haqqında 300-dən yuxarı məqalə Respublika mətbuatında dərc olunmuşdur. Missiya (Ulu öndər Heydər Əliyevə həsr olunur), Ulu öndərimizə məhəbbət ruhunda, Alim təfəkkürünün itiliyi (monoqrafiya), Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (dərs vəsaiti), Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya), Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti), Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası və sair elmi kitabların müəllifidir.
Mənim anam. (şeirlər), Su at dalımca, ana. (şeirlər), Ana sevgisindən doğan nəğmələr., Yaşadacaq anam məni. (şeirlər), Ana kəndim Xalxalım, Ömrün çıraqdır sənin, Sözün hikməti. (şeirlər), Analı dünyam. (şeirlər), Haqqa çağıran səs. (şeirlər), Bayatılar., Bayatılar və üç şeir., Ruhuna beşiksə, tanı, Vətəndir., Dilimiz – varlığımızdır., "Salam Olsun (Vətənpərlik şeirləri)" bədii kitabların müəllifidir.
Mahirə Hüseynova “Euroasia Journal of Social Sciences & Humanities” jurnalında redaksiya heyətinin üzvü, 2020-ci ildən “Linqvistika problemləri” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktoru, “Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya heyətinin üzvü, 2021-ci ildən isə Ali Attestasiya Komissiyasında Ekspert Şurasının sədridir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülən, döş nişanı ilə təltif edilən Mahirə Hüseynova 2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplomla təltif edilmişdir. Mahirə Hüseynova “Qızıl qələm”, “İlin Alimi” Media Mükafatı Laureatı fəxri adlarına və s. mükafatlara layiq görülmüşdür. 2021-ci ildə isə “Səməd Behrəngi” Beynəlxalq mükafatını almışdır.