Media

“Televiziyaların dili monitorinq aynasında” adlı tədbir

02.03.2022
 “Televiziyaların dili monitorinq aynasında” adlı tədbir
Martın 2-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Televiziyaların dili monitorinq aynasında” adlı tədbir keçirilmişdir. 12 televiziya kanalında aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə mərkəzin əməkdaşları, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı alimləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, dövlət qurumlarının əməkdaşları, televiziya kanallarının rəhbər və məsul şəxsləri, tanınmış aparıcılar və digər fəxri qonaqlar iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva bildirmişdir ki, dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasının təmin olunması əsas fəaliyyət istiqamətləri kimi qurumun Nizamnaməsində öz əksini tapmışdır. Mərkəz ölkə başçısının fərman və göstərişləri, eləcə də dövlətin dil siyasətindəki əsas prinsipləri rəhbər tutaraq doğma dilin qorunması və nüfuzunun yüksəldilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Kütləvi informasiya vasitələrində ana dilinin tətbiqi vəziyyətinin öyrənilməsi və mövcud çatışmazlıqların aşkar edilməsi üçün monitorinqlər aparılır, nəticələr ictimaiyyətə geniş şəkildə təqdim olunur. Professor Sevinc Əliyeva diqqətə çatdırmışdır ki, Mərkəz tərəfindən aparıcıların və müxbirlərin nitqi monitorinqə cəlb edilmiş və televiziyaların dilinin praktik vəziyyətini əks etdirən 4800 dil faktı “Televizayarın dili monitorinq aynasında” adlı kitabda öz əksini tapmışdır. Bəzi aparıcıların televiziyaya "fərdi" üslub gətirmək cəhdi, alınma sözlərdən yersiz istifadə, yad intonasiyanın tətbiqi, dilimizə xas olmayan cümlə tipləri kimi xarakterik nöqsanlar vurğulanmışdır. Sevinc Əliyeva bildirmişdir ki, bu monitorinqlərin aparılmasında məqsəd yalnız qüsurların müəyyən edilməsi deyil, həm də onların aradan qaldırılmasıdır. Tədbirdə radioların monitorinqinin başa çatması və hazırda gündəlik qəzetlərin monitorinqinin aparılması barədə də məlumat verilmişdir. Cərimələrlə bağlı suallara da aydınlıq gətirən Mərkəzin direktoru qeyd etmişdir ki, aparılan monitorinqlərin nəticələri ilə bağlı müvafiq qurumlara xəbərdarlıq etdikdən sonra eyni xətalara təkrar yol verilərsə, cərimələrin tətbiqi qaçılmaz olacaq.
“Televiziyaların dili monitorinq aynasında” adlı məruzə ilə çıxış edən direktor müavini dosent Gülarə Əmirova televiziya kanallarında aparılan monitorinqin nəticələri ilə bağlı statistik məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Bildirilmişdir ki, qeydə alınmış 6000 dil faktından 4753-ü hesabata daxil edilmiş, onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir. Dosent aparıcı və müxbirlərlə yanaşı ekspert və qonaqların nitqinin də monitorinqə cəlb olunduğunu, titrlərdə və dublyaj filmlərində yol verilmiş xarakterik səhvlərin də kitaba daxil edildiyini vurğulamışdır. Televiziyalarda ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində işlənməməsinin adi hala çevrildiyi qeyd olunmuşdur. Məruzədə monitorinq zamanı leksik vahidlərin aid olmadığı mənada işlədilməsi, söz və ifadələrin lüğəvi mənalarının müəlliflər tərəfindən tam mənimsənilməməsi və ya onların lüzumsuz şəkildə mətnə daxil edilməsi kimi ciddi nitq nöqsanları da diqqətə çatdırılmışdır. Ədəbi dil normalarının pozulması fonunda ən çox üslubi səhvə yol verilməsi təəssüf doğuran məqam kimi dəyərləndirilmişdir.
Sonra AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, görkəmli yazıçı Seyran Səxavət, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, AMEA Dilçilik İnstitutunun şöbə müdiri professor Sayalı Sadıqova, dosent Kifayət İmamquliyeva, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov və başqaları çıxış etmişlər. Natiqlər bir ay ərzində 6000 dil faktının aşkar edilməsini sistemli işin və gərgin əməyin nəticəsi kimi dəyərləndirilmiş, aparılmış monitorinqin kütləvi informasiya vasitələrində ana dilinin saflığının qorunmasına mühüm töhfələr verəcəyini vurğulamışlar. Mövcud qüsurların aradan qaldırılması üçün işə qəbul olan işçilərin müsabiqədən keçirilməsinin, jurnalist və aparıcıların peşəkarlığının artırılması məqsədilə təlim və seminarların təşkil edilməsinin zəruriliyi diqqətə çatdırılmışdır.
Digər çıxışlarda Azərbaycan dili ahəngliliyi və nizamlılığı baxımından dünya dilləri içərisində özünəməxsus dil kimi səciyyələndirilmiş, milli varlığımız və kimliyimizin göstəricisi olan ana dilinin saflığının qorunması istiqamətində Mərkəzin fəaliyyəti yüksək qiymətləndirilmişdir. Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, görkəmli dilçi alimlər və ziyalıların, media nümayəndələrinin yaxından iştirak etdiyi müzakirədə kütləvi informasiya vasitələrində yazılı və şifahi nitqdə yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflər səsləndirilmişdir.