Media

“Dublyajlar və Azərbaycan dili” adlı tədbir

12.05.2022
“Dublyajlar və Azərbaycan dili” adlı tədbir
   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Dublyajlar və Azərbaycan dili” adlı tədbir keçirilmişdir. Dublyaj filmlərində aparılan monitorinqin nəticələrinin təqdim edilməsi və mövcud sahədə boşluqların müzakirəsi məqsədilə təşkil olunmuş tədbirdə Mərkəzin əməkdaşları, televiziya kanallarının dublyaja məsul nümayəndələri və bu sahədə fəaliyyət göstərən şəxslər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva kütləvi informasiya vasitələrində ardıcıl aparılan monitorinqlərin nəticəsində aşkar edilən nitq faktlarının ictimaiyyətə açıqlandığını bildirmişdir. Dövlət dilinin düzğün tətbiqi məqsədilə telekanallarda nümayiş olunan dublyaj filmlərinin də monitorinqlərin predmeti olduğunu bildirən S.Əliyeva mövcud sahədə kifayət qədər nöqsanların mövcudluğunu qeyd etmişdir. Professor Sevinc Əliyeva bildirmişdir ki, filmlər aid olduğu xalqın dil, bədii təfəkkür və yaradıcılığını əks etdirdiyindən dillər və mədəniyyətlər arasında fərqlər nəzərə alınmadıqda mətnin hərfi tərcüməsi özünü doğrultmur. Məhz bu səbəbdən tərcümə ilə məşğul olan şəxsin hər iki dili, xüsusən də dilin xüsusi qatını təşkil edən frazeoloji birləşmələri mükəmməl bilməsi, dillərin qrammatik quruluşuna dərindən bələd olması olduqca vacibdir. Mövcud sahədəki problemlərə də toxunan Sevinc Əliyeva mənbə dildəki mənanın təhrif edilməsi, səsləndirmə zamanı orfoepiya qaydalarına riayət olunmaması, bəzən məişət üslubuna yaxın ifadələrin işlədilməsi hallarını təəssüf hissi ilə qeyd etmişdir.
   Mərkəzin aparıcı mütəxəssisi Günel Hacıyeva dublyaj filmlərində bir ay müddətində aparılan monitorinqin nəticələrini təqdim edərək monitorinq zamanı orfoepik, leksik və qrammatik norma pozuntularının müəyyən edildiyini, eyni zamanda yanlış ifadələr və tərcümə zamanı üslub xətalarına geniş təsadüf olunduğunu bildirmişdir. Serial və filmlərdə aşkar edilən dil faktlarını əyani şəkildə iştirakçılara təqdim edən G.Hacıyeva həmin nöqsanları geniş şərh edərək müvafiq izahını vermişdir.
   Mövcud sahədəki qüsurların müzakirəsi ilə davam edən tədbirdə telekanalların nümayəndələri və səsləndirmə prosesində yaxından iştirak edən mütəxəssislər dublyajla bağlı tələblər və tərcümə zamanı diqqət edilməsi vacib olan məqamlara aydınlıq gətirmişlər. Ümumi qəbul olunmuş milli mental dəyərlərin, yaş kateqoriyasının nəzərə alınmasının zərurilyi diqqətə çatdırılaraq mükəmməl işin ərsəyə gəlməsi üçün redaktor, rejissor və aktyor əməkdaşlığının vacibliyi də vurğulanmışdır. Dublyajların dil məsələsinə də toxunan qonaqlar frazeoloji birləşmələrin tərcüməsinin sinxron səslənmədə yaratdığı çətinliklərdən bəhs etmişlər.
   Aparılan müzakirələrin yekunu olaraq dublyajlarda ədəbi dil normalarının tətbiqində boşluqların aradan qaldırılması üçün praktik təkliflər irəli sürülərək Azərbaycan dilinin düzğün tətbiqi ilə bağlı tövsiyələr verilmişdir.