Media
Zəfər Günü və Dövlət Bayrağı Günü
05.11.2021
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdən əvvəl Mərkəzin əməkdaşları İkinci Fəxri xiyabanda uyuyan şəhidlərin məzarlarını ziyarət edərək Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canından keçənlərə ehtiramlarını ifadə etmişlər.
Sonra Monitorinq Mərkəzində davam edən tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva bildirmişdir ki, ölkə başçısı Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının mənafeyini hər zaman uca tutaraq yürütdüyü daxili və xarici siyasətdə bunu dəfələrlə sübuta yetirmişdir. Natiq bildirmişdir ki, 30 ildən sonra Qarabağın həqiqi sahiblərinə qovuşması, tarixi ədalətin bərpa olunması, ölkənin bütövləşməsi bu siyasətin məntiqi nəticəsidir. Sevinc Əliyeva Vətən müharibəsi dönəmində ölkə rəhbərinin nitqlərinin insanları yalnız qələbəyə kökləməsini, onları Zəfərə doğru inamla öz arxasınca aparmasını xüsusilə diqqətə çatdırmışdır. Məhz Ali Baş Komandanın və rəşadətli ordunun sayəsində bu gün Azərbaycan xalqı bütöv bir dövlətin vətəndaşıdır. Çıxışını Dövlət Bayrağı Günü ilə bağlı fikirlərlə davam etdirən professor qeyd etmişdir ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Onu qürur mənbəyi adlandıraraq Qarabağda səmalara ucalan üçrəngli bayrağı Zəfər, Qələbə simvolu kimi səciyyələndirmişdir.
Sonra “Zəfər yolu” adlı məruzə ilə çıxış edən Mərkəzin aparıcı mütəxəssisi Günel Hacıyeva İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın böyük zəfərə imza atmasından, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti nəticəsində azərbaycanlıların ata-babalarından miras qalmış yurd-yuvasına qovuşmasından danışmışdır. 44 gün ərzində baş tutan “Dəmir yumruq” əməliyyatı sayəsində tarixi qələbəni, bu böyük zəfəri yaşadan ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsindən, Azərbaycan ordusunun əsgər və zabitlərinin yazdığı qəhrəmanlıq salnaməsindən bəhs etmişdir. Natiq onu da əlavə etmişdir ki, Vətən müharibəsi zamanı qəhrəman oğullararımız Azərbaycan xalqının tarixi torpaqlarını, Qarabağı geri qaytararaq dünyaya milli birlik, həmrəylik nümunəsi göstərmişlər. Eyni zamanda döyüş meydanında zəfərin yalnız tanklarla, toplarla deyil, ağılla, zəkayla da qazanılmasının mümkün olmasını diqqətə çatdırmışdır. Daha sonra “Laçın dəhlizi”nin əhəmiyyəti, “Zəfər yolu”nun inşası, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi barədə ətraflı söhbət açmışdır.
Zəfər Günü ilə bağlı məruzə ətrafında müzakirələri davam etdirən Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov torpaqlarımızın qəhrəman əsgər və zabitlərimizin qanı, canı bahasına düşmən tapdağından azad edildiyini bildirmişdir. Torpaqlarımızın hər qarışında Azərbaycan əsgərinin qanı var. Şəhidlərimiz və qazilərimiz öz qanları ilə tarix salnaməsi yazdılar. Ordumuz 44 günlük müharibədə ölkəmizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, Azərbaycanı müzəffər, qalib dövlətə çevirmişdir. Bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Şahlar Məmmədov bildirmişdir ki, uyuduqları məkanı ziyarətgaha çevirən müqəddəs şəhidlərimizin ruhu Vətən göylərində daha nigaran deyil, şaddır. Natiq 8 Noyabrı Azərbaycanımızın taleyini dəyişən şanlı tarix, Zəfər Gününü isə təkcə Qarabağa qayıdış günü kimi deyil, daha böyük anlamda Azərbaycanın bütövləşməsinə aparan gün kimi qiymətləndirmişdir.
Tədbiri Dövlət Bayraq Gününə həsr olunmuş “Bayraq mənliyimdir, bayraq kimliyim” məruzəsi ilə davam edən Mərkəzin baş mütəxəssisi İlhamə Abasova üçrəngli bayrağı müstəqillik tarixinin varislik ənənəsinin sübutu kimi dəyərləndirmişdir. Natiq 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarından olan üçrəngli bayrağa yenidən qovuşmağın 70 illik fasilədən sonra 1990-cı il noyabrın 17- də ulu öndər Heydər Əliyev təşəbbüsü ilə mümkün olduğunu bildirmişdir. Məruzəçi əlavə etmişdir ki, məhz bu hadisənin məntiqi davamı olaraq 1991-ci il, fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edilmiş, bununla da üçrəngli bayrağımız xalqımızın istiqlal rəmzi kimi rəsmən təsdiqlənmişdir. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapması diqqətə çatdırılmışdır. Əlavə edilmişdir ki, ümummilli liderin bizə ərməğan qoyduğu müstəqil Azərbaycanda onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də ölkəmizin milli dövlət rəmzlərini daim uca tutur. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə ucaldığı 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilməsi milli bayrağa olan ehtiramın ifadəsidir.
Mərkəzin direktor müavini dosent Gülarə Əmirova çıxış edərək bildirmişdir ki, Zəfər gününün Azərbaycanın haqq işinin, haqq davasının qələbə çaldığı, 28 il boynubükük yol gözləyən xarıbülbülün başını dik tutduğu, düşmən tapdağında olan Cıdır düzünün azad olunduğu, Pənahəli xanın, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ruhlarının doğma yurda – Şuşaya qayıtdığı, müqəddəs torpaq uğrunda canlarını fəda edən Çingiz Mustafayev, Təbriz Xəlilbəyli, Salatın Əsgərova, Alı Mustafayev, Polad Həşimov, Mübariz İbrahimov, Fərid Əhmədov kimi minlərlə şəhidimizin artıq məzarda rahat uyuduğu, nəhayət, ulu öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetdiyi gündür. Qələbə, Zəfər günü xalqımızın birliyi, həmrəyliyi günüdür. Gülarə Əmirova əlavə etmişdir ki, Azərbaycan xalqının öz rəhbərinə və ordusuna sonsuz inamı, Vətən eşqi ilə döyünən qəlblərin böyük sevgisi tarixi qələbəmizi şərtləndirmiş, xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək müzəffər ordumuzun şücaəti ilə erməni qəsbkarlarını yurdumuzdan təmizləmişdir. Natiq çıxışının sonunda üçrəngli bayrağımızın Qarabağda əbədi dalğalanacağına əminliyini ifadə etmişdir.
Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Vəfa İsmayılova çıxışında bildirmişdir ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycanın tarixi torpaqlarına ərazi iddiası irəli sürərək hərbi təcavüzə başlamışdır. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüş, 30 ilə yaxın davam edən sülh danışıqları heç bir nəticə verməmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti təxribatına cavab olaraq rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqların müdafiəsinə qalxaraq əks- hücum əməliyyatına başlamışdır. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy olaraq 44 gün ərzində Zəfərə doğru birgə addımlamışdır. Çıxışını davam edən V.İsmayılova Dövlət Bayrağı Günü münasibətilə də tədbir iştirakçılarını təbrik etmiş və bayrağın müqəddəsliyindən, Azərbaycan dövlətinin suverenliyinin rəmzi olmasından bəhs etmişdir.
Daha sonra tədbirdə çıxış edən mərkəzin əməkdaşları Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbriklərini dilə gətirərək bu əlamətdar günlərlə bağlı hisslərini bölüşmüşlər.