Media

“Xocalı soyqırımı ‒ unudulmayan tarix” adlı tədbir

25.02.2022
“Xocalı soyqırımı ‒ unudulmayan tarix” adlı tədbir
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Xocalı soyqırımı ‒ unudulmayan tarix” adlı tədbir keçirilmişdir. Tədbirdə Xocalı qətliamının reallıqlarını əks etdirən çarx nümayiş olunmuş, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifəsi, insanlıq tarixinin isə ən ağlasığmaz kütləvi terror aktı adlandırmışdır. Professor bildirmişdir ki, bir gecədə Xocalı şəhərinin yerlə-yeksan edilməsi, qadın, uşaq və qoca demədən 613 günahsız insanın məhz azərbaycanlı olduğuna görə qətlə yetirilməsi bu cinayətin soyqırımı olduğunun birbaşa sübutudur. S.Əliyeva bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin verilməsində ulu öndərin müstəsna xidmətlərini xüsusi vurğulayaraq qeyd etmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu faciənin gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Natiq Xocalı soyqırımının bütün dünyada tanıdılması istiqamətində dünya azərbaycanlılarının apardıqları təbliğat işləri barədə ətraflı məlumat vermişdir.
Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov bildirmişdir ki, Azərbaycan xalqı şovinist ermənilərin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmışdır. Soydaşlarımız öz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Şahlar Məmmədov bildirmişdir ki, həmin gecə yalnız Xocalının özündə deyil, şəhərdən çıxmağa imkan tapan dinc əhaliyə qarşı da əsl soyqırımı cinayəti törədilmişdir. Hərbi təcavüz nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Həmçinin 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və amansız işgəncələrə məruz qalmışdır. Natiq 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmiş Allahverdi Bağırov, Xocalı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş Əlif Hacıyev, Ələsgər Novruzov, Tofiq Hüseynov kimi Azərbaycan oğullarından da bəhs etmişdir.
Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Vəfa İsmayılova erməni terrorçularının soyqırımı siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər arasında Xocalı faciəsinin xüsusi amansızlığına görə seçildiyini diqqətə çatdırmışdır. V.İsmayılova bildirmişdir ki, 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı dörd ay müddətində əhalinin xeyli hissəsi şəhərdən çıxmağa məcbur olmuşdu. O dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin, demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı olmuşdu. Məruzəçi bu faciənin soyqırımı kimi tanınmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini nəzərə çatdırmaqla bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, bildirmişdir ki, bugünədək müxtəlif ölkələrdə geniş təbliğat işləri aparılmış, məhz bu fəaliyyətin nəticəsində 17 ölkənin qanunverici orqanı və ABŞ-nin 24 ştatı tərəfindən Xocalı faciəsinin rəsmi şəkildə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edilmişdir.
Tədbir digər çıxışlarla davam etmişdir. Məruzələrdə bildirilmişdir ki, erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətini ifşa edən həqiqətlərin beynəlxalq aləmə çatdırılması istiqamətində aparılan məqsədyönlü işlər gec-tez onların ədalət məhkəməsi qarşısında cavab verəcəklərini deməyə əsas verir.