Xəbər başlığına diqqət cəlb etmək naminə dili qurban vermək olmaz
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyevanın APA-ya müsahibəsi
Sevinc xanımla müsahibə haqqında danışanda təsadüfən Türkiyə türkcəsində işlətdiyim bir sözü mənə irad tutmuşdu. Əslində, haqlı idi. Türkiyə serial və kinolarının ölkəmizdə kütləvi formada yayılması, yeddidən-yetmiş yeddiyə hər kəsin o film və seriallara baxması istər-istəməz danışığımıza təsir edir. Elə müsahibəni də bu mövzudan başladıq: Azərbaycan dilinə Türkiyə türkcəsinin təsirindən…
– Mən əvvəlcə onu qeyd edim ki, türkoloqam. Namizədlik dissertasiyam “Orxon-Yenisey abidələrində toponimlər” mövzusunda olub. Bunu ona görə deyirəm ki, özümü türk dünyasına bağlı hesab edirəm. Lakin, eyni zamanda, Azərbaycan dilini sevən, onun saflığı uğrunda mübarizə aparan biri kimi qeyd edim ki, bizim dilimiz türk dilləri ailəsinin ən zəngin dillərdən biridir. Azərbaycan dili həm də türk dilləri ailəsində ana qanun olan ahəng qanununa tamamilə əməl edən və mühafizəkarlığı ilə seçilən bir dildir. Amma bilirsiniz ki, dillər arasında əlaqə mövcuddur. Məsələn, “Orxon-Yenisey” abidələrində belə ümumtürk dili anlayışı var. Sonrakı dövrlərdə isə artıq ayrılma prosesi gedib. Yəni istənilən dildə proses daima davam edir.
Bizdə əsas problemlərdən biri Azərbaycan dilində qarşılığı ola-ola yersiz formada Türkiyə türkcəsindən gətirilən söz və ifadələrdir ki, bu yolverilməzdir. Ümumiyyətlə, bu tip sözlər alınma sayılmır. Yəni dilə zorla, məcburiyyətlə gəlir. Məsələn, xüsusən televiziyalarda tez-tez eşidirik: “Sizi bura alaq”. Halbuki öz dilimizdə bu ifadənin qarşılığı kimi “dəvət edirəm” var. Yaxud “tamam”, “falan” kimi sözlər tez-tez işlədilir. Eyni zamanda digər xarici dillərdən də gələn və heç bir ehtiyac olmayan sözlər var: məsələn, okey. Və yaxud daha çox yazışmalarda sözlərin qısa formasının yazılması halları var ki, bu da yolverilməzdir.
– Türkiyə cizgi filmlərinin də uşaqların danışığına təsiri böyükdür.
– Tamamilə. Hətta öz ailəmizdə də bu problemi müşahidə edirəm. Məsələn, çəhrayı rəngin uşaqlar tərəfindən artıq “pembe” olaraq dərk edilməsini qeyd eləmək istəyirəm. Bu çox ciddi məsələdir. Çünki uşaq eyni sözü o qədər eşidib ki, onun təhtəlşüurunda o formada qalıb. Təkrar edirəm ki, belə şeylər yolverilməzdir.
– Yazışmalarda sözlərin qısaldılması məsələsinə toxundunuz. Fikrimcə, bunun zərəri yoxdur. İngilis dilinin özündə belə hətta danışıqda sözlərin qısaldılması məsələsi var. Bu, bir növ, sürətli danışıq üçündür.
– Əlbəttə, sizin vaxta qənaət və sürətli danışıq məsələsində dediyiniz halda da müəyyən həqiqət payı var, amma biz nisbətən yaşlı nəslin o cür yazı formasından istifadə etdiyini görürükmü? Görmürük. Onlar daha çox diqqətli olurlar, sözlə daha incə davranırlar, hətta müvafiq durğu işarələrini belə qoyurlar. Bizi narahat edən məsələ böyüməkdə olan nəsildə sözügedən məsələlərin vərdiş halını ala bilməsidir.
Çünki nitq ünsiyyət prosesidir, bu nitqi düzgün formada qurmaq üçün həmin nitq bacarığını düzgün şəkildə yönləndirmək lazımdır. Bizim hər hansısa bir gənc “təşəkkür edirəm” əvəzinə “tşk” yazırsa, sabah onun nitqində də müəyyən qüsurlar yaranacaq. Çünki bu qısaltmalar ünsiyyət prosesinin azaldılması deməkdir. Bu, eyni zamanda, nitq mədəniyyətində də ciddi problemlərin yaranmasına gətirib çıxaran haldır. Bu gün biz müəllimlərə təlqin edirik ki, sinifdənxaric oxu materiallarının tapşırıq kimi verilməsi halını çoxaltsınlar. Çünki bu proses şagirdin oxu qabiliyyətini, nitq qabiliyyətini formalaşdırır, inkişaf etdirir.
Mən sizə bir faktı da deyim, biz müsabiqələr keçirirdik. Bilirsiniz, tələbələrimiz həmin müsabiqələrdə iştirak etməkdən belə çəkinirlər. Səbəb bax o dediyimiz ünsiyyətdən qaçma məsələsidir. Biz də çalışırıq ki, bu problemin nə vaxt, necə ortaya çıxdığını aşkar edək, problemi aradan qaldıraq.
İkinci bir məsələ isə, tələbələrimizin yazı qabiliyyətinin olmamasıdır. Mən auditoriyada vaxtilə dərs aparan müəllim kimi qətiyyətlə deyirəm ki, tələbələrimiz inşa yazmaqda, fikirlərini yazı formasında ifadə eləməkdə çətinlik çəkirlər. Bunun bilavasitə səbəblərindən biri də orta məktəb müəllimlərinin bir qismi və onların adi sözlərin yazılışında belə səhvlər etməsindədir. Cənab nazir Emin Əmrullayev də bu yaxınlarda bu haqda danışdı. Bu bilirsiniz nə deməkdir? Bir müəllimin sinifdə hansısa sözü yanlış yazması minlərlə şagirdin də həmin sözü yanlış yazması deməkdir.
– Sizə elə gəlmirmi ki, dediyimiz problemin bir başqa səbəbi də məhz orfoqrafiya lüğətinin tez-tez dəyişikliyə uğramasıdır. Məsələn, səhv eləmirəmsə, “kompüter” sözü iki dəfə dəyişib.
– Razıyam. Bizim Monitorinq Mərkəzinin sosial şəbəkə səhifələrində məhz bu cür problemli sözlərin düzgün yazılışı ilə bağlı kifayət qədər rubrikalar var. Amma elə sözlərin yazılışında səhvlər edilib ki, siz dediyiniz problemli sözlərdən deyil. Məsələn, “şaftalı” sözü hər zaman “şaftalı” formasında yazılıb. Amma bu sözün yazılışında səhv edən müəllimlər var və həmin müəllim şagird qarşısına çıxır.
Lüğət məsələsinə gəlincə, lüğətlər 5 ildən bir çap olunur. Bu ona görə belədir ki, bu 5 il ərzində dilin praktik vəziyyəti nəyi necə tələb edirsə, o sözlər lüğətdə öz əksini tapsın. Məsələn, dediyiniz “kompüter” sözü bir zamanlar rus dilinin təsiri ilə “kompyuter” formasında yazılırdı. İndi isə artıq “kompüter” formasında. Amma elə ümumişlək sözlər var ki, onların düzgün yazılışı üçün lüğətə ehtiyac qalmır.
İstənilən halda, lüğət birbaşa istinad mənbəyidir. Səhvli-düzlü ona istinad edilməsi məqsədəuyğundur.
– Sevinc xanım, lüğətə səhvli-düzlü istinad edilsin deyirsiniz. Ümumiyyətlə, lüğətdə səhvlərə niyə yol verilsin?
– Əslində, olmalı deyil. Çünki lüğət ciddi mütəxəssislər tərəfindən hazırlanır.
–Əfsus ki,bu hal mövcuddur. Olur deyə, zamanla artıq müəyyən sözlərin yazılışı mübahisələrə gətirib çıxarır. Məsələn, son lüğətdə “hörümçək”, “göyqurşağı” kimi sözlər yoxdur. Həm “sehirli”, həm də “sirli-sehrli” sözləri var. Birində “sehir” “i” saiti ilə yazılıb, birində yox. Bunlar olmalı deyil axı.
– Bilirsiniz, “hörümçək” sözünü axtarırıqsa, orada “hörümçəkkimilər” fəsiləsinin adı var, oradan sözün yazılışını doğru formada təyin etmək olar.
– Azərbaycan dilində “hörümçək” deyə bir söz var. O söz lüğətdə olmalıdır.
– Olmaya da bilər. Orfoqrafiya lüğəti düzgün yazılışı ifadə edən lüğətdir. “Hörümçək” sözü problemli söz deyil ki, o bütün lüğətlərdə mütləq şəkildə olsun.
– Mən sizinlə razı deyiləm.
– Lüğətin 5 ildən bir çap olunma məqsədi odur ki, bu illər ərzində sual doğuran sözlərin düzgün yazılışı öz əksini tapsın. Amma elə ümumişlək sözlər var ki, artıq onun üçün lüğətə baxmağa ehtiyac olmur. Bizi narahat edən yazılış baxımından mübahisə yaradan sözlərdir. Məsələn, bir dəfə məndən soruşdular ki, “Ər-Riyad” sözü necə yazılır? Mən cavab verdim ki, “ər” artikli bizə xas deyil, ərəb dilindən gəlib. Ona görə də biz onu “Riyad” formasında yazsaq, daha doğru olar. Çünki bu tip sözlərin milliləşməsinin vaxtı çatıb. Biz durğu işarəsi olan apostrofu dildən çıxardıq, nə oldu ki? Dildə hansı problemlər yarandı ki?
– Apostrofun dildən çıxmasını əruz vəznində şeir yazan şairlər hələ də qəbul etmir.
– Ədəbiyyatımız və dilimiz üçün heca vəzni daha səciyyəvidir. Heca vəzni böyük şairimiz Vaqif tərəfindən təkmilləşdirilib və dilimizin bütün lazımi funksiyalarını özündə ehtiva edir.
– Bu o demək deyil ki, bu gün əruz vəznində heçnə yazılmasın.
– Yazılmalıdır. Mən bunu inkar etmirəm. Sadəcə apostrof işarəsi Azərbaycan dili üçün yad ünsür idi. Məsələn, bir ara qoşa “y” samitinin birinin düşməsi məsələsi gündəm idi. Bunun nəyi pisdir ki? Türklərdə bir “y” ilə yazılır. Bu nə dərəcədə problem yaradır ki?
– Belə çıxır ki, siz dilin sadələşdirilməsinin tərəfdarısınız.
– Tamamilə.
– Amma sözlərin qoşa “y” samitli olması “iyyat, iyyət” şəkilçisinə görədir. Burada “y” samitinin birini ata bilmərik.
– Bilirsiniz, biz dildə konkret faktlara istinad edirik. Fonetikanın banisi Ağamusa Axundov (Ağamusa Axundov görkəmli Azərbaycan ədəbiyatşünası, türkoloqu və dilçisi. Dilçiliyin Fonetika bölməsinin böyük araşdırmaçısı – N.P.) deyirdi ki, “y” samiti samit kimi ağız boşluğunda maneəyə rast gəlmir. Buna görə də o, “y” samitinin iki “i” saitinin yanaşı gəlməsindən yarandığını deyirdi. İndi təsəvvür edin, qoşa “y” samiti 4 “i” saitinin yanaşı gəlməsi deməkdir. Buna nə ehtiyac var? Bizə Azərbaycan dilinin milliliyi lazımdır. Milliləşmə prosesi başqa dillərdən gələn sözlərə də şamil olunmalıdır.
– Sevinc xanım, termin kimi işlənən “fake news” ifadəsi, həmçinin bu qəbildən olan sözlər var ki, bizdə də istifadə edilir. Bir dilçi olaraq, siz nə düşünürsünüz?
– Heç də arzu olunan hal deyil. Bilirsiniz, jurnalistikaya xas olan bir metod var ki, tələffüzü asan olan söz və ifadələrə qaçırıq. Məsələn, elə sözlər var ki, onların qarşılığını yaratmaq istəyəndə mütləq şəkildə iki komponentlikdən qaçmaq lazımdır. Baxın, “atvyorka” sözünün əvəzinə “buraç” sözü gəldi, bir komponentli oldugu və bir vurğu ilə ifadə edildiyi üçün qəbul edildi. Amma “razetka” yerinə “elektrik yuvası” ifadəsi qəbul edilmədi. İstənilən halda, bu sözləri xalq öz danışıq dilinə qəbul etməlidir ki, o söz yaşasın. Bir zamanlar “spiker”, “kreativ” kimi sözlər vardı, onlar o qədər də uğurlu olmadığına görə, demək olar ki, dildən çıxdı.
Sözün dildə əvəz olunması sadələşmə prinsipinə əsaslanır. Bir vaxtlar Türkiyədə “okul”, “öğrenci” kimi sözlərin dilə qəfləti gəlişi türk xalqını digər türkdilli xalqlarından ayırmaq üçün bir variant idi. Bunu mən sizə bir türkoloq olaraq deyirəm. Özü də bu prosesi həyata keçirən dilçi erməni əsilli idi. Ona görə də bu gün türkiyəli biri danışanda onu Orta Asiyadan olan biri başa düşmür. Amma biz azərbaycanlılar danışanda müəyyən mənada başa düşülürük. Çox böyük təəssüflə qeyd edim ki, biz türkiyəlilərlə elmi üslubda bir-birimizi başa düşmürük. Bu faktı onlar özləri də təsdiq edir. Bu isə bayaq dediyim kimi özləşmə prosesinin nəticəsidir. Amma bu, yenilik deyil, dilin lüğət tərkibinə qəsd etmək deməkdir. Alınma söz dildə vətəndaşlıq hüququ qazanıbsa, işlətmək lazımdır. Məsələn, “məktəb” sözü dilimizdə vətəndaşlıq qazanıb, yaxud “təyyarə” sözü alınmadır, lakin çoxdan vətəndaşlıq alıb. Bu gün biz onu “uçmaq” feilindən götürüb “uçaq” formasında dəyişsək, dilə zədə vurmuş olarıq. Bu özləşmə prosesi faydasızlıqla nəticələnə bilər.
– Ortaq türk dili məsələsi tez-tez hallanır. Sizin fikriniz nədir?
– Ortaq türk dilinin tərəfdarıyam. Dil strateji məsələdir. Dilə münasibət xalqın taleyini, müqəddəratını həll edən məsələdir. Təsadüfü deyil ki, cənab Prezident dillə bağlı, ana dilinin qorunması ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Monitorinq Mərkəzinin yaradılması da bunlardan biridir. Ortaq türk dili türk dünyasının birliyi, vəhdəti deməkdir.
– Ortaq türk dili üçün əsas mərkəzi dil hansı dili hesab edirsiniz?
– Əlbəttə ki, Azərbaycan dilini. Doğrudur, iqtisadi cəhətdən Türkiyənin dilini iddia edə bilərik. Amma dil baxımından, onun imkanları baxımından Azərbaycan dili daha yaxşıdır. Məsələn, türklərdə “ə” səs kimi var, hərf kimi yoxdur. Yaxud “x” səsi və hərfi yoxdur. Biz “arxiv” deyirik, onlar “arşiv”. Yəni bu kimi hallar Azərbaycan dilinin daha mükəmməl və daha münasib olduğunu sübut edir. Ümumiyyətlə, Azərbaycan dilinin sintaktik quruluşu türk dillərinin sintaktik quruluşuna birbaşa uyğundur. Türkiyə türkcəsinə başqa dillərin təsiri daha çoxdur. Ona görə də bir türkoloq kimi qənaətim odur ki, Azərbaycan dili daha yaxşıdır və arzu edirəm ki, bu dediklərimiz bir arzu olaraq qalmasın, Ortaq türk dili anlayışı tezliklə reallaşsın.
– Sevinc xanım, adların dilə gətirilməsi zamanı hansı prinsipə əsaslanmaq lazımdır? Diqqətinizə bir faktı catdırmaq istəyirəm ki, bir dəfə saytlardan biri “Fikret Orman” adını “Fikrət Meşə” olaraq təqdim etmişdi. Ümumiyyətlə, adlar olduğu kimi saxlanması daha münasib deyilmi?
– Mən adların leksik cəhətdən tərcümə edilməsinin tamamilə əleyhinəyəm. Amma fonetik cəhətdən tərcümədə qüsur görmürəm. Məsələn, “Erdoğan” adındakı “e” hərfini rahatlıqla “ə” olaraq dəyişə bilərik. Çünki bu hərf bizdə var. Bax bu dediyim fonetik uyğunlaşdırmadır, yəni bunda problem yoxdur. Məsələn, mənim soyadım “Əliyeva”dır. Türklərdə “Ə” hərfi yoxdur, ona görə də məcbur “Eliyeva”, yaxud “Aliyeva” olaraq yazacaqlar, bu da normaldır. Leksik uyğunlaşdırma isə yolverilməzdir.
– Monitorinq Mərkəzinin işlərindən danışaq. Ümumiyyətlə, monitorinq prosesi nə cür həyata keçirilir?
– Bütün televiziya və radiolarda aparıcıların nitqi üzərindən monitorinqlər təşkil edilir. Bizə aparıcının subyektivliyi qəti şəkildə maraqlı deyil, bizə nitq prosesi və Azərbaycan dilinin qorunması maraqlıdır. Və yaxud verilişdə titrlər varsa, o titrlərdə yazı qaydalarına əməl olunması üzərindən monitorinq təşkil edirik. Ümumi nəticələrlə bağlı isə hesabat veririk, ictimaiyyətə statistik göstəriciləri təqdim edirik.
– Apardığınız monitorinqlərin effektini görürsünüz?
– Bəli, mən sizə rahatlıqla deyə bilərəm ki, böyük nəticələrin şahidi oluruq. Hətta televiziyaların rəhbərləri zəng edib minnətdarlıq edirlər. Eynilə biz özümüz də müəyyən düzəlişləri gördükdə işimizin nəticəsi olaraq bundan zövq alırıq.
– Monitorinqlər təkcə aparıcılarla aparılır, yoxsa qonaqlara da şamil edilir?
– Əlbəttə, biz eyni prosesi qonaqlar üzərindən də aparırıq. Və qonaqların da nitqində artıq yaxşı mənada dəyişikliyi görürük. Bilirsiniz, bizim istəyimiz odur ki, necə efirlərdə geyimlə bağlı müəyyən prinsiplər var, bax eləcə aparıcı qonağı dəvət edəndə desin ki, burada Azərbaycan dilində danışmaq, onun qayda-qanunlarına əməl və hörmət etmək mütləqdir.
– Saytlarda da monitorinq aparılır?
– Bəli, biz saytlarda da monitorinqlər aparmışıq. Təxminən 6000-ə yaxın dil qüsuru ortaya çıxıb.
– Bu 6000 qüsur hansı müddət çərçivəsində aşkar olunub?
– Biz, adətən, bu prosesi bir-iki ay müddətinə həyata keçiririk. Bizə lazımdır ki, bu müddətdə ümumi mənzərəyə şahidlik edək. Elə saytlar var ki, onlarda qüsur, həqiqətən, çox az olur, amma eləsi olur ki, çox olur. Və bir şeyi də deyim ki, etirazlarla heç rastlaşmamışıq. Yəni bu iradları tamamilə xoş formada qarşılayırlar.
– Ümumiyyətlə, səhvlər daha çox hansı norma üzərindən olur?
– Dilin bütün səviyyə və normalarında qüsurlar müşahidə edirik. Amma şəxsən məni ən çox narahat edən üslub qüsurlarıdır. Aparıcılarımız efirə özlərinin fərdi üslubunu gətirməyə cəhd edirlər. Və bu üslublarda o qədər xətalar, qüsurlar olur ki, biz bununla qəti formada mübarizə aparırıq.
Daha sonra fonetik norma xətaları da çox olur. Bunlar daha çox canlı yayımlarda olur. Canlı yayımda ümumi efir həyəcanı və digər məsələləri nəzərə alıb güzəştə getmək olur. Lakin, dediyim kimi, üslub xətalarında güzəştə getmək yoxdur. Və sintaktik normanın da pozulması daima diqqətimizdədir.
– Bayaq Türkiyə istehsalı serial və filmlərin məişət dilimizə təsirindən danışdıq. Eyni proses mediada da var. Məsələn, saytların birində “sərt açıqlama” deyə bir başlıq görmüşəm.
– Əlbəttə, bu da arzuolunmazdır. Bəzən manşetdə diqqəti cəlb eləmək üçün müəyyən fikirlər qabardılır. Amma diqqət cəlb etmək naminə dili qurban vermək olmaz. Qətiyyən olmaz.
– Vulqar ifadələr necə, tez-tez rast gəlinir?
– Çox, həddindən çox.
– Buna görə cərimə tətbiq etmək olar?
– Hələlik yox, amma bu barədə də düşünürük. İki dəfə xəbərdarlıqdan sonra cərimələrin tətbiqi məsələsini qaldıracağıq. Daha çox bu hallar qeyri-xəbər xarakterli verilişlərdə olur. Onlar da düşünməlidir ki, o tip verilişlərə həm məktəblidən tutmuş, yaşlı nəslə qədər hamı baxır. Ona görə də ifadələrə maksimum formada diqqət eləmək lazımdır.
– Sevinc xanım, televiziya aparıcılarının natiqlik qabiliyyəti sizi qane edir?
– Elə aparıcılar ki, biz onları hətta təlimlərimizə də dəvət eləməyi düşünürük və dəvət də edirik. Onlardan bəhrələnməyi də planlaşdırırıq. Amma elə aparıcılar da var ki, onların nitqində qüsurlar saysız-hesabsızdır. Bizim də işimiz bununla mübarizə aparmaq və aradan qaldırmaqdır. Bayaq da dediyim kimi, nəticələri görmək sevindiricidir.
– Verilişlər aydındır, bəs reklamlar necə? Onlarda da monitorinq aparılırmı?
– Bəli, bu da çox ciddi və bizi narahat edən məsələdir. Reklamlar üzərindən də monitorinqlərin aparılması planlaşdırılır. Daha sonra mahnılarla bağlı da monitorinqlər aparmışıq. Oktyabrda bununla bağlı nəticəmizi açıqlayacağıq. Hesab edirəm ki, nəticələrimiz çox maraqlı nüanslarla yadda qalacaq və lazımi reaksiyalar olacaq.
– Bəs dublyajlar? Əksər şikayətlər dublyajlarla bağlıdır.
– Haqlısınız. Bu da kifayət qədər problemli məsələdir. Bununla bağlı bizim kitabımız da çıxdı. Əsas bu problemlərin aradan qaldırılması üçün yollar düşünürük. Qurum yenidir, amma bu keçən dövr ərzində az qüvvə ilə böyük işlər gördüyümüzü düşünürəm.
– Sosial şəbəkələrdə aktiv dil müdafiəçiləri var. Səhifələrində dillə bağlı, sözlərin yazılışı ilə bağlı rubrikalar təqdim edirlər. Bəs onlarla əməkdaşlıq nəzərdə tutulub?
– Bəli, bir neçə dəfə görüşmüşük. Onların fikri bizə maraqlıdır, əməkdaşlığımız var. Ümumiyyətlə, dili qoruyan, müdafiə edən hər bir kəs bizim dostumuzdur və yanımızda görmək istəyirik.
Foto Orxan Kərimov ©APAgroup