Layihələr

"Xarı bülbül" inşa müsabiqəsi

12.11.2021
"Xarı bülbül" inşa müsabiqəsi
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi IX−XI sinif şagirdləri arasında İkinci Qarabağ müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” adlı inşa müsabiqəsinin yekunlarına dair tədbir keçirmişdir. Monitorinq Mərkəzinin əməkdaşları, dilçi alimlər, ziyalılar, dövlət və özəl qurumların nümayəndələri, qazilər, məktəb direktorları və müsabiqənin qaliblərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva hər kəsi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir. O bildirmişdir ki, bu həftə iki mühüm bayram qeyd edilmişdir, hazırda 12 noyabr − Konstitusiya Gününün ərəfəsindəyik. Bu əlamətdar günlərin xalqımız, dövlətimiz üçün əhəmiyyətindən danışan professor Azərbaycan xalqına zəfər hissini yaşadan şəhidlərə, qazilərə ehtiramı ifadə etmiş, 30 ildən sonra tarixi ədalətin bərpa olunmasının məhz Ali Baş Komandan və rəşadətli Azərbaycan oğullarının sayəsində mümkün olduğunu söyləmişdir. Professor Sevinc Əliyeva bildirmişdir ki, ”Xarıbülbül” adlı inşa müsabiqəsinin keçirilməsində əsas məqsəd Vətən müharibəsində əldə olunan zəfərin şagirdlərdə yaratdığı təəssüratı öyrənmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına müvəffəq olmaq, eləcə də məktəblilərdə düzgün yazı vərdişlərinin qazanılmasına kömək etmək, yazıda ədəbi dil normalarına ciddi əməl olunmasına təşviq etməkdir. Sonra tədbirin fəxri qonaqlarını təqdim etmək üçün söz AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Birinci Qarabağ müharibəsinin qazisi Qədim Qubadova verilmişdir. Qədim Qubadov tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edərək işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi adlandırmışdır. Qeyd etmişdir ki, bu müharibədə iştirak edən qəhrəmanların ömür yolu, vətən sevgisi gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir. Bu çıxışdan sonra təbdirdə iştirak edən qazilərə hədiyyələr təqdim edilmiş, onların ürək sözləri dinlənilmişdir.
Sonra müsabiqənin münsiflər heyətinin sədri, Mərkəzin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik edərək bildirmişdir ki, məhz belə bir əlamətdar gündə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Zəfər Bayramına həsr olunmuş “Xarıbülbül” adlı inşa müsabiqəsinin nəticələrini elan edir. Şahlar Məmmədov diqqətə çatdırmışdır ki, bu qəbildən olan müsabiqələr şagirdlərdə tədqiqatçılıq və yaradıcılıq qabiliyyətlərini üzə çıxartmaq, dil qaydalarını bilmə və tətbiqetmə bacarığını müəyyənləşdirmək məqsədi daşıyır. Nəticələri elan etməzdən əvvəl Şahlar Məmmədov münsiflər heyətini təqdim etmiş, inşa müsabiqəsinə göndərilən yazıların yoxlanma prinsipləri və qaliblərin seçilmə meyarları ilə bağlı ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, müsabiqə qaydalarına uyğun olan 32 inşa yazısı maksimal 10 ballıq sistemlə qiymətləndirilmiş, münsiflər heyətinin yekun qərarına əsasən qaliblər müəyyən olunmuşdur. Nəticələr qısa şəkildə ümumiləşdirilərək qeyd olunmuşdur ki, müsabiqədə iştirak edən məktəblilərdə vətənpərvərlik ruhu yüksəkdir, lakin yazı qaydalarını bilmə və tətbiqetmə bacarığı zəifdir. Bəzi inşalarda internetdən köçürmə faktları mövcuddur, belə hallar isə şagirdin tədqiqatçılıq qabiliyyətini məhdudlaşdırır, müstəqil düşünməyə, sərbəst mühakiməyə mane olur.
İnşa müsabiqəsinin mahiyyəti və şərtləri haqda ətraflı məlumat verildikdən sonra qaliblər elan edilmişdir. İlk üç yerin qaliblərinə və onların təhsil aldığı məktəbin rəhbərliyinə Fəxri fərman və hədiyyələr təqdim olunmuş, 7 şagird isə inşa müsabiqəsində xüsusi seçildiyinə görə təltif edilmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qalibləri təbrik etmiş, inşa müsabiqələrinin şagirdlərin, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasına, şagird şəxsiyyətinin hərtərəfli inkişafına müsbət təsirindən danışmışdır. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ana dilinin saflığının qorunması istiqamətində həyata keçirdiyi çoxşaxəli tədbirlərdən və layihələrdən bəhs etmişdir. Professor bildirmişdir ki, qurum Azərbaycan dilinin beynəlxalq aləmdə də nüfuzunun yüksəldilməsi və təbliği məqsədilə mühüm addımlar atmışdır. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, şair Vüqar Əhməd çıxışında bildirmişdir ki, dil millətin əbədi qayğısıdır, onun saflığını qorumaq hər kəsin ümdə vəzifəsidir. İnşa müsabiqələrində şagirdlərin dünyagörüşü, onların milli ruhu ilə yanaşı, ana dilinə olan münasibəti də öz əksinin tapır.
Müsabiqənin münsiflər heyətinin üzvü “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təmasib Novruzov çıxışında bildirmişdir ki, Monitorinq Mərkəzinin Zəfər Gününə həsr olunmuş inşa müsabiqəsinə göndərilən yazıların hər biri gənc nəslin daxilindəki vətən, xalq sevgisinin parlaq təzahürüdür. Natiq məktəblilər arasında keçirilən inşa müsabiqəsinin əhəmiyyətini xüsusilə diqqətə çatdıraraq belə layihələrin tarixi zəfərə diqqətin, ana dilinə sevgi hissinin artırılmasına xidmət etdiyini də qeyd etmişdir.
Münsiflər heyətinin digər üzvü Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin rəhbəri Vasif Sadıqlı bildirmişdir ki, təmsil etdiyi qurumun 5 əməkdaşından ibarət komissiya yazı nümunələrini qiymətləndirərkən məzmunu və ədəbi dil normalarına əməl olunmasını əsas meyar götürmüşdür. İlk onluğa məntiqi ardıcıllıq, fikirlərin rabitəli və aydın ifadəsi, üslub gözəlliyi və fərdi yanaşma, II Qarabağ müharibəsində qələbənin doğurduğu hisslərin dolğun çatdırılması kimi tələblərə cavab verən yazılar daxil edilmişdir. Daha sonra tədbirdə iştirak edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Qüdsiyyə Qəmbərova, “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Mərziyyə Nəcəfova və digər ziyalılar keçirilən müsabiqə ilə bağlı təəssüratlarını bölüşmüş, xatirə şəkilləri çəkilmişdir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli inşa müsabiqəsində fərqlənən şagirdləri təbrik edərək onların formalaşmasında təhsil ocaqlarının və müəllimlərin böyük rolu olduğunu vurğulamışdır. Natiq qeyd etmişdir ki, istər vətənpərlik hissinin aşılanmasının, istərsə də düzgün yazı vərdişinin qazanılmasının əsasları məhz məktəbdə qoyulur. Bununla yanaşı, Əlizadə Əsgərli tədbirdə iştirak edən qazilərin timsalında bütün qazi və şəhidlərə ehtiramını ifadə etmişdir.
Qeyd edək ki, “Xarıbübül” inşa müsabiqəsində vətənpərvər ruhda tərbiyə olunmasında birinci yerin qalibi Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 11A sinif şagirdi İsayeva Tuba Murad qızı, ikinci yerin qalibi Bakı şəhəri, Xəzər rayonu 230 №-li tam orta məktəbin 10A sinif şagirdi Kərimzadə Pərvanə Sadiq qızı, 3-cü yerin qalibi isə Bakı şəhəri, Nəsimi rayonu 151 № -li tam orta məktəbin 9A sinif şagirdi Eminli Müjgan Vidadi qızı olmuşdur.