Layihələr

Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir

17.08.2023
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir

   Azərbaycan Dövlət Pedaqoji Universitetinin, ADPU-nun Şəki və Quba filiallarının, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin, İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) və Bəxtiyar Vahabzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə “V Beynəlxalq Bəxtiyar Vahabzadə – türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı” adlı konfrans keçirilmişdir. Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarından, eləcə də dünyanın müxtəlif ölkələrindən alim və ziyalıların iştirak etdiyi konfransda Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və baş mütəxəssis fil.ü.f.d. Mətanət Xudiyeva təmsil olunmuşlar. Konfransın elm komitəsinə sədrlik edən prof. Sevinc Əliyeva plenar iclasda “Bəxtiyar Vahabzadənin ədəbi-elmi irsində ana dili motivləri” adlı məruzə ilə çıxış edərək Xalq şairi B. Vahabzadənin Azərbaycan və türk ədəbiyyatında mövqeyindən, istiqlal şairimizin yaradıcılıq xüsusiyyətlərindən, poeziyasının ana xəttini təşkil edən müstəqillik ideyalarından, dilçilik görüşlərindən və ana dili təəssübkeşliyindən bəhs etmişdir. Bildirilmişdir ki, əsərlərində doğma dilin saflığının qorunmasının vacibliyini və tarixi köklərə sıx bağlılığı daim tərənnüm edən şair soykökümüzə və dilimizə sadiqliyi hər bir azərbaycanlının mənəvi borcuna çevirə bilmiş, əsərlərində dilin qrammatik və poetik imkanlarını ehtiva edən milli çalarlarla bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. Prof. Sevinc Əliyeva bu görkəmli şəxsiyyətin ana dilini milli şüurun bir parçası kimi “ana köküm” adlandırmasını tarixi-mədəni dəyərlərə ehtiramın nümunəsi olmaqla yanaşı, milli poeziyada vətənpərvərlik ruhunun aşılanmasına, ədəbi-ictimai fikirdə azərbaycançılıq ideyalarının təbliğinə mühüm töhfələr verdiyini də xüsusi vurğulamışdır.

   Plenar hissədən sonra Bəxtiyar Vahabzadə yaradıcılığında istiqlal və vətənpərvərlik motivləri, vətən sevgisi və ailə konsepti, şairin şerlərində ana dilin təbliği, hisslərin bədii təsviri, XX əsr Azərbaycan ədəbiyyatında ana dili məsələsi və s. mövzuları əhatə edən fərqli panellər üzrə davam edən konfransda müxtəlif maraqlı məruzələr dinlənilmiş, görkəmli şairin bədii yaradıcılığı ilə bağlı  dəyərli araşdırmalar təqdim olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi fil.ü.f.d. Mətanət Xudiyeva “Məmməd Cəfər Cəfərov romantizmin linqvopoetik xüsusiyyətləri haqqında” adlı məruzə ilə çıxış etmişdir

   Tədbir B.Vahabzadənin ev-muzeyində şairin yaradıcılığından müxtəlif nümunələrin təqdim olunması və musiqi parçaları ilə yekunlaşmışdır.