VII Beynəlxalq Avrasiya Sosial Elmlər Konqresi
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Türkiyənin Bodrum şəhərində (27-30 aprel) keçirilən “VII Beynəlxalq Avrasiya Sosial Elmlər Konqresi”ndə iştirak etmişdir. 8 ölkədən (Türkiyə, Azərbaycan, Rumıniya, Makedoniya, İngiltərə, Malayziya, Özbəkistan və Nigeriya) 368 alim və mütəxəssisin təmsil olunduğu konqresin açılış mərasimində “Bir millət, iki dövlətin dili ilə bağlı tarixi araşdırma” adlı məruzə ilə çıxış edən prof. Sevinc Əliyeva eyni dil ailəsindən olan Azərbaycan və türk dillərinin formalaşma tarixini, inkişafını və müasir vəziyyətini konkret dil faktları ilə təhlil etmiş, həmçinin qədim türk yazılı abidələrini sonrakı dövr müəlliflərinin əsərləri ilə müqayisə zəminində təqdim etmişdir.
Konqresdə antropologiya, arxeologiya, hüquq, fəlsəfə, psixologiya, tarix, turizm, türk dili və ədəbiyyatı, beynəlxalq əlaqələr və digər mövzuları əhatə edən panellər üzrə elmi məruzələr dinlənilmişdir. Sessiya iclasında ““Kitabi-Dədə Qorqud” dastanlarının dilindəki alınma komponentli feili frazeoloji vahidlər” adlı elmi məruzə ilə çıxış edən prof.Sevinc Əliyeva oğuz türklərinin tarixi, dünyagörüşü, mədəniyyəti və adət-ənənələrini özündə ehtiva edən dastanı xalqımızın milli-mənəvi dəyərlərinin öyrənilməsində, xüsusilə dilimizin qədim qatlarının tədqiqində də əvəzsiz mənbə kimi səciyyələndirmişdir. O bildirmişdir ki, abidənin dilində işlənmiş feil komponentlərinin leksik-semantik baxımdan araşdırılması müvafiq feillərin işlənmə mövqelərinin izlənməsinə imkan yaradır. Türk xalqlarının şifahi və yazılı ədəbiyyatının ən gözəl nümunəsi adlandırdığı oğuz dastanının yaranma tarixinin islamiyyətdən əvvəlki dövrə aid olduğunu qeyd edən S.Əliyeva eposda yer alan ərəb və fars dillərindən alınmaların mütləq əksəriyyətinin islam amili ilə bağlı olduğunu diqqətə çatdırmışdır. Onların abidənin lüğət tərkibinə daxil olması xalqımızın həyatında VII – X əsrlərdə cərəyan edən tarixi hadisələrlə əlaqələndirilmişdir. Natiq məruzədə abidənin dilindəki ərəbmənşəli və farsmənşəli mürəkkəb feillərin oğuz qrupu türk dillərində, o cümlədən Azərbaycan dilində mənimsənmə spesifikasını təhlil etmiş, fonetik adaptasiya, alınma feili frazeoloji vahidlər, alınma komponentli feillərin müasir işlək vəziyyəti ilə abidənin imlasının müqayisəsi və s.məsələlərə toxunmuşdur.