Vətəndaşlarımız və ümumən soydaşlarımız dövlət dilinin qorunmasında yaxından iştirak etməlidirlər
Müsahibimiz Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədovdur.
-Şahlar bəy, hazırda bir çox restoranlarda olan menyuların, yerli brend adlarının Azərbaycan dilində olmamasına münasibətiniz necədir?
-Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunun (30 sentyabr 2002) 7-ci maddəsi dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda tətbiqi ilə bağlıdır. 7.1-ci bənddə qeyd olunur ki, Azərbaycanın bütün ərazilərində, xidmət sahələrində, reklam və elanlarda dövlət dili tətbiq edilməlidir. Bir məqam bəzən diqqətdən qaçırılır. Qanunda göstərilir ki, əcnəbilərə xidmət göstərmək məqsədilə dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə edilə bilər. Amma görürük ki, əcnəbilərin ayaq basmadığı uzaq kənd və qəsəbələrimizdə belə restoran, iaşə obyektlərinin adları başqa dillərdədir. Bu onu göstərir ki, bəzi sahibkarlar qanundan sui-istifadə edərək, dövlət dili haqqında Qanunun tələblərini pozurlar. Bu məsələlər eyni zamanda Reklam haqqında Qanunun 4.7-ci bəndində də öz əksini tapıb. Reklamvericinin tələblərinə əsasən reklam qurğularında yerləşdirilən reklam mətni digər dillərdə də ola bilər.
Təbii ki, Azərbaycan həm də turizm ölkəsi olduğu üçün ölkəmizə üz tutan əcnəbilərlə bağlı dil-ünsiyyət məsələləri də nəzərə alınır. Ancaq bu, o demək deyil ki, dövlət dilinin tələbləri pozulmalıdır.
2018-ci ildə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dinindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı Fərman imzalanıb. Fərmanda qeyd edilir ki, Azərbaycan dili mükəmməl dil quruluşuna, zəngin lüğət tərkibinə, ifadə vasitələrinə sahibdir. Təəssüf ki, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilmir. Xüsusən, televiziya, radio kanallarında, internet resurslarında, mətbuatda, reklam daşıyıcılarında ədəbi dilin normaları kobud şəkildə pozulur. Bu sahədə hüquqi tənzimləməni və daimi nəzarət funksiyasını həyata keçirmək məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Monitorinq Mərkəzi dövlət dilinin tətbiqinə kompleks nəzarəti həyata keçirir. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında dövlət dili normaların qorunmasına nəzarət edir. Mövcud problemlərin aradan qaldırılmasında aidiyyəti qurumlarla əməkdaşlıq edir. Azərbaycan Dövlət Reklam Agentliyi ilə də sıx əməkdaşlıq edən Mərkəz Reklam Agentliyində çalışan əməkdaşlar üçün həm təlimlər keçəcək, həm də Mərkəzə ünvanlanan mətnləri redaktə edəcək, sözlərin düzgün yazılışını təmin edəcəkdir. Növbəti aydan etibarən açıq məkanda reklamların monitorinqinə başlayacağıq.
-Bu problemlərlə bağlı hansısa cərimə mövcudddurmu?
-Əhalinin sıx yaşadığı ərazilərdə, xüsusən paytaxt Bakıda dil normaları daha çox pozulur. Əlbəttə, başlıca səbəb mərkəzə insan axınının çox olması ilə bağlıdır. Bilirsiniz ki, 2020-ci ildə cərimə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Qanunu pozan fiziki şəxslərə 100-200, vəzifəli şəxslərə 300-400, hüquqi şəxslərə isə 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulur.
Reklamlarda daha çox orfoqrafik, leksik norma pozuntuları müşahidə olunur. Efir məkanında nümayiş etdirilən, xüsusən xaricdən ölkəmizə gətirilən məhsul adlarının dilimizə tərcüməsi yarıtmaz səviyyədədir. Reklam mətnlərində açar sözlər düzgün seçilmir, mənbə dildən götürüldüyü kimi yazılır.
Bunun qarşısını başqa cür necə almaq olar?
-Bu təkcə sahibkar və istehlakçı arasında olan məsələ deyil. Təəssüf ki, bəzi sahibkarların dövlət dilinə münasibəti arzuolunan səviyyədə deyildir. Maarifləndirməyə ciddi şəkildə ehtiyac vardır. Hesab edirik ki, dili yaxşı bilməyən sahibkarlar özləri reklam verməməlidir. Bu iş dilçilərə, dizaynerə, kopirayterlərə həvalə edilməlidir. Bu, azad sahibkarların sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması anlamına gəlməməlidir. Maarifləndirmə işi, təbliğat aparılmalıdır ki, sahibkarlar dilimizin qorunmasında fəal iştirak etsinlər.
Tez-tez "şadlıq sarayı" əvəzinə "palace", "uşaq dükanı" əvəzinə "baby shop", "gözəllik salonu" əvəzinə "beauty salon", "uşaq dünyası" əvəzinə "baby world" kimi adlara rast gəlirik. Əlbəttə, qanunla bu tip söz və ifadələrin yazılması da yanlış deyil. Amma söz və ya ifadə ilk olaraq məhz Azərbaycan dilində və başda gəlməlidir.
Bizdə Naxçıvan təcrübəsi var. Orada Azərbaycan dil mühiti müqayisədə saf, təmizdir. Məncə, sahibkarlar həmin təcrübədən faydalanmalıdır. Biz reklam vasitəsilə həm ana dilimizi, həm də əcnəbi dillərə aid yeni terminləri, söz və ifadələri öyrənirik. Təəssüf ki, qeyd etdiyiniz menyularda da dilimizin imla qaydaları daha çox pozulur. Məsələn, "kütfə", "kabab" sözlərini "köfte", "kebab" şəklində yazırlar. Təbii ki, reklam lövhələrindəki dil mənzərəsi düşüncəmizə və dilimizə təsirsiz ötüşmür.
-Ana dilinə yetərincə dəyər verilirmi?
-Azərbaycan dilinə dövlət səviyyəsində çox böyük diqqət və qayğı vardır. Son illərdə ana dilinin qorunması, inkişafı, saflığı ilə bağlı xeyli sayda fərmanlar, sərəncanlar verilib. Bu onu göstərir ki, dövlət dilinin tətbiqinə də ciddi nəzarət var.
Vətəndaşlar arasında isə ana dili sevgisi, dil təəssübkeşliyi isə hələ ki arzuolunan səviyyədə deyildir. Bu bir reallıqdır. Bunu qonşu ölkələrlə müqayisədə də görmək olar. Məsələn, gürcülər dil məsələsində daha həssasdırlar, öz dilini başqa dillərdən üstün tuturlar. Çalışırlar ki, öz vətəndaşları ilə gürcü dilində danışsınlar. On nəfərdən biri rusca danışırsa, digər doqquzu da o dildə danışır. Bu daha çox düşüncə ilə bağlı məsələdir. Dövlətimiz gücləndikcə, dilimizə tələbat artdıqca, Azərbaycan dili tamamən aristokratiyanın dilinə çevriləcək. Ana dili bizi həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızla birləşdirir. Monitorinq Mərkəzi, diaspor nümayəndələri və bir çox təşkilatlar bu istiqamətdə çalışırlar. Vətəndaşlarımız və ümumən soydaşlarımız dövlət dilinin qorunmasında yaxından iştirak etməlidirlər.
-İş üçün müraciət edən şəxslərdən rus dilini əsas tələb kimi irəli sürmək, sizcə, doğrudurmu?
-Əlbəttə, rus dilinin əsas tələb kimi qoyulması doğru deyildir. Bəzi şirkətlərdə, sahələrdə belə hallar ola bilər. Amma dövlət dili məcburidir. Bu ölkədə doğulub yaşayan vətəndaşın Azərbaycan dövlət dilini bilməməsi yumşaq desək, eyibdir.