Media

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir

28.09.2021
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Anım Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq 30 il düşmən əsarətində qalan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün təmin olunduğunu vurğulamışdır. O, həmçinin bildirmişdir ki, 44 günlük Vətən müharibəsinin zəfərlə yekunlaşmasında xalq-ordu birliyinin və hər kəsin Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsinin müstəsna rolu olmuşdur. Mərkəzin direktoru vətən uğrunda canından keçən şəhidlərə ehtiramını ifadə etmiş, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını diqqətə çatdırmışdır. Onu da əlavə etmişdir ki, şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə nümunə göstərmək hər birimizin üzərinə düşən ümdə vəzifədir. Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Vəfa İsmayılova isə 2016-cı il Aprel döyüşlərinin Zəfər yolunun başlanğıcı olduğunu söyləmişdir. O qeyd etmişdir ki, Lələtəpə yüksəkliyi üzərində dalğalanan Azərbaycan bayrağı qələbənin ilk müjdəçisi olmuşdur. Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov çıxışında Azərbaycan əsgərlərinin şücaətindən, rəşadətindən danışaraq vurğulamışdır ki, onlar hünərləri, cəsarətləri, hərbi bilikləri, döyüş taktikaları, vətən sevgiləri ilə tarix yazdılar və əbədiyyətə qovuşdular. Dosent bildirmişdir ki, işğal altında olan torpaqların azad edilməsi Azərbaycanın regionun ən qüdrətli dövləti olduğunu və ən güclü ordulardan birinə sahib olduğunu sübut etdi və bu gün dünyanın hakim dövlətlərinin Azərbaycan Ordusunun döyüş taktikasını öyrənməyə başlaması ölkəmizin növbəti uğurudur. Şahlar Məmmədov 27 sentyabrı xalq-hakimiyyət birliyinin, dünya azərbaycanlılarının növbəti həmrəylik dalğasının tarixi kimi də dəyərləndirmişdir. Mərkəzin digər əməkdaşı Vüqar Qurbanov qeyd etmişdir ki, Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində həyata keçirdiyi əməliyyatların tarixdə analoqu olmamışdır, belə silahlardan istifadə edilməklə həyata keçirilmiş hərbi əməliyyatlar hələ uzun müddət hərbi ekspertlər və dünyanın bir sıra ordularının komandanlığı tərəfindən təhlil ediləcək, öyrəniləcəkdir. Tədbir digər çıxışlarla davam etmiş və şəhidlər ehtiramla yad olunmuşlar.