Media

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir

10.12.2021
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva bildirmişdir ki, müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin əbədiyyətə qovuşmasından illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, onu daim ehtiramla yad edir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açan professor ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrləri dövlətçiliyimiz tarixində əsaslı dönüş nöqtəsi adlandırmışdır. Natiq ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkənin rəhbərliyinə yenidən qayıdışının çox çətin və mürəkkəb illərə təsadüf etdiyini xüsusilə vurğulamışdır. O qeyd etmişdir ki, ulu öndər 20 Yanvar faciəsindən sonra doğma vətəninə qayıdarkən ölkədə xaos, anarxiya hökm sürürdü, dövlətin taleyi sual altında idi, xalq bu vəziyyətdən yeganə çıxış yolunu isə məhz ulu öndərin ətrafında sıx birləşməkdə görürdü. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın 70 ildən sonra ilk dəfə dalğalanmasını isə professor Sevinc Əliyeva milli azərbaycançılıq ideologiyasının formalaşmasında başlanğıc kimi səciyyələndirmişdir. Mərkəzin direktoru ümummili liderin xalqına, vətəninə olan sevgisini, ana dilinə olan qayğısını məxsusi olaraq vurğulayaraq bildirmişdir ki, məhz onun təşəbbüsü nəticəsində Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunmuşdur. 2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanda isə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Həmin fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşımışdır. Nitqini ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” sözləri ilə bitirən Sevinc Əliyeva bildirmişdir ki, bu sevgi hər bir soydaşımız üçün örnəkdir.
Mövzu ətrafında məruzə ilə çıxış edən Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov bildirmişdir ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində üzaqgörən siyasətçi Heydər Əliyevin müstəsna rolu olmuşdur. O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider səviyyəsinə yüksəlmiş tarixi şəxşiyyət kimi qalmışdır. Natiq qeyd etmişdir ki, 1993-cü ildə xalqın israrı ilə hakimiyyətə gələn Heydər Əliyev müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində daxili və xarici siyasət sahəsində ciddi dönüş yaratmışdır. Ermənistan və havadarları tərəfindən ərazilərimizin işğal olunduğu bir vaxtda ölkəmizi parçalanmadan, vətəndaş müharibəsi təhlükəsindən, xaosdan xilas etmiş, Avropaya inteqrasiya yolunu tutmuşdur. Dosent Şahlar Məmmədov vurğulamışdır ki, Beynəlxalq layihə olan Bakı — Tbilisi — Ceyhan neft kəməri, o cümlədən Bakı — Tbilisi — Ərzurum qaz kəmərinin çəkilişi məhz onun qətiyyətli mövqeyinin, siyasi uzaqgörənliyinin nəticəsi kimi reallaşmışdır. Çağdaş azərbaycançılıq məfkurəsinin əsasları məhz onun adı ilə bağlıdır. Eyni zamanda ölkədəki siyasi sabitliyin, iqtisadi inkişafın, eləcə də qarı düşmən üzərində qazandığımız misilsiz tarixi Zəfərin təməlində Heydər Əliyevin siyasi uzaqgörənliyi, dövlət-ordu quruculuğu durmuşdur. Bu xüsusda ölkə başçısı cənab Ali Baş Komandan İlham Əliyevin Şuşada səsləndirdiyi bu məşhur fikri hər kəs xatırlayır: “Mən ata vəsiyyətini yerinə yetirdim!”.
Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Vəfa İsmayılova çıxışında bildirmişdir ki, Heydər Əliyevin hakimiyyəti dövründə müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərə söykənən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Onun apardığı daxili siyasətin ana xəttini Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüquqünün təmin olunması təşkil etmişdir. Natiq vurğulamışdır ki, bu gün ulu öndərdən bizə miras qalan dövlətçilik ideologiyasının təntənəsi, demokratik prinsiplərə əsaslanan müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır, Azərbaycan öz varlığını bütün dünyaya təsdiq edir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Təbdirdə məruzə ilə çıxış edən Mərkəzin aparıcı mütəxxəssi Türkanə İsrafilli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda gedən milliləşmə prosesinə, 90-cı illərdən isə milli və müstəqil Azərbaycan dövlətinin qurulmasına rəhbərlik etməklə yanaşı, dil məsələsinə də xüsusi diqqət yetirdiyini, ümumən dünya tarixinə böyük dil siyasətçilərindən biri kimi daxil olduğunu bildirmişdir. Müstəqil Azərbaycan dövlətinin əsas ideyasının azərbaycançılıq olduğunu israrla göstərən Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji ənənələrinə söykənərək onu daha müasir bir düşüncə kontekstində təqdim etmişdir.
Mərkəzin baş mütəxəssisi İlhamə Abasova çıxışında bildirmişdir ki, ulu öndər Heydər Əliyev hər zaman xalqının mənafeyini uca tutmuş və ömrünü çox sevdiyi vətəninə həsr etmişdir. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər qətiyyətli addımlar atmağa qadirdilər. Heydər Əliyev 1993-cü ildə Bakıya gələndə cox mürəkkəb dövr idi, belə bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında məsuliyyət və güclü siyasi iradə tələb edirdi. Xalqın qurtuluşu kimi mühüm missiyanın öhdəsindən yalnız Heydər Əliyev gələ bilərdi. Ulu öndər ölkə rəhbərliyini öz üzərinə götürdükdən sonra əldə olunan nailiyyətlərdən də danışan natiq bildirmişdir ki, qısa zamanda ölkədə dövlət çevrilişləri cəhdlərinin qarşısı alınaraq sabitliyə nail olunmuş, Bakı neftini dünya bazarına çıxarmaq üçün “Əsrin müqaviləsi” kimi qlobal mahiyyətli müqaviləyə imza atılmışdır. 20 Yanvar faciəsi və Xocalı soyqırımına siyasi qiymətin verilməsi, 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit olunması da məhz ulu öndərin səyi nəticəsində mümkün olmuşdur.
Daha sonra tədbirdə çıxış edən mərkəzin digər əməkdaşları bildirmişlər ki, bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin müqəddəratı etibarlı əllərdədir. Əlavə edilmişdir ki, Prezident İlham Əliyev ümummilli liderin bizə ərməğan qoyduğu müstəqil Azərbaycanda onun siyasi kursunu uğurla davam etdirir.