Media
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
10.05.2022
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdən əvvəl Monitorinq Mərkəzinin kollektivi Fəxri xiyabanda ulu öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoymuşlar.
Monitorinq Mərkəzində davam edən tədbirdə müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur. Tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva ulu öndərin müstəsna liderlik və idarəetmə bacarığından, zəngin siyasi irsindən bəhs edərək ölkəmizə rəhbərlik etdiyi hər iki dövrü dövlətçiliyimiz üçün dönüş nöqtəsi kimi qiymətləndirmişdir. Ümummilli liderin vətən sevgisindən, ana dilinə qayğısından danışan S.Əliyeva dilin saflığını qorumaq, onunla fəxr etmək, ana dilini xalqın mənəvi varlığı kimi sevməkdə Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olduğunu bildirmişdir. Məhz ulu öndərin böyük qətiyyəti nəticəsində Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunmuş, imzaladığı sərəncam və fərmanlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını, uzunmüddətli strategiyasını müəyyən etmişdir. Monitorinq Mərkəzinin də bu fərman və sərəncamlardan irəli gələn məsələləri, dövlət dili ilə bağlı ulu öndərin verdiyi göstərişləri rəhbər tutaraq doğma dilin saflığının qorunmasına öz töhfələrini verəcəyini diqqətə çatdırmışdır. Dünyanın ən mötəbər kürsülərində Azərbaycan dilində səsləndirilən çıxış və məruzələri qürurverici hal kimi dəyərləndirən S.Əliyeva ana dilinin nüfuzunun yüksəldilməsi və saflğının qorunması istiqamətində Prezident İlham Əliyevin fəaliyyətini xüsusi vurğulamaqla qiymətləndirmişdir.
Mərkəzin direktor müavini dosent Gülarə Əmirova ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə, elm adamlarına xüsusi diqqət və qayğısından, elmi fəaliyyət üçün yaratdığı geniş imkanlardan danışmışdır. Gənclərin ölkə xaricinə təhsil almaq üçün göndərilməsi, müxtəlif sahələr üzrə fəlsəfə və elmlər doktorlarının hazırlanması, elm adamları üçün xüsusi mükafatların təsis edilməsi, məşhur alimlərin ölkəmizə cəlb edilərək dünyanın intellektual potensialından istifadə olunmasında ulu öndərin xidmətlərindən bəhs etmişdir. Ulu öndərin doğma dilə təssübkeşliyindən danışan G.Əmirova bildirmişdir ki, 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dilinin təsbit olunması, müstəqillik dövründə dövlət dili məsələsinin referenduma ayrıca müzakirə predmeti kimi çıxarılması Azərbaycan dilinə nüfuz qazandırmaqla yanaşı, həm də müstəqil dövlətin başçısının məhz ana dilinə, dövlət dilinə olan sevgisinin bariz nümunəsidir.
Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Vəfa İsmayılova məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri iqtisadi yüksəliş, elm, təhsil və mədəniyyətin tərəqqi dövrü kimi yadda qaldığını bildirmişdir. Üçrəngli bayrağımızın 70 ildən sonra ilk dəfə dalğalanmasında, ölkədə siyasi sabitliyin təmin edilməsində, atəşkəsə nail olunmasında, “Əsrin müqaviləsi” kimi qlobal layihəyə imza atılmasında ulu öndərin müstəsna xidmətləri qeyd olunmuşdur. “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir”, ‒ deyən ulu öndər ölkəmizin müstəqil dövlət kimi dünya miqyasında tanınmasını da təmin etmişdir. V.İsmayılova müstəqil Azərbaycanı ömrünü bütövlükdə Azərbaycan dilinin inkişafına, Azərbaycana, azərbaycançılıq idealogiyasına həsr edən Heydər Əliyevin şah əsəri adlandırmışdır.
Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dos. Şahlar Məmmədov ulu öndər Heydər Əliyevin natiqlik qabiliyyətindən, Azərbaycanın mədəniyyəti, tarixi, dili və ədəbiyyatına dərindən bələd olmasından danışmışdır. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində Heydər Əliyevin uzaqgörən siyasətçi kimi müstəsna rolunu vurğulayan Ş.Məmmədov onun xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədiyyət qazandığını diqqətə çatdırmışdır. Natiq qeyd etmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkədəki gərgin siyasi vəziyyəti aradan qaldıraraq dövlətimizi parçalanmaqdan xilas etmişdir. Müasir azərbaycançılıq məfkurəsinin formalaşmasını ulu öndərin adı ilə bağlayan dos. Şahlar Məmmədov qazandığımız misilsiz tarixi Zəfərin təməlində də Heydər Əliyevin siyasi uzaqgörənliyinin və dövlət-ordu quruculuğunun dayandığını vurğulamışdır.