Türkdilli Xalqların Beynəlxalq Forumu
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Qırğız Respublikasının Bişkek şəhərində keçirilən (20-22 sentyabr) Türkdilli Xalqların Beynəlxalq Forumunda iştirak etmişdir. 52 xarici qonağın və 200-dən artıq yerli ziyalının təmsil olunduğu Forumda “Dilin inteqrasiyası, insan faktoru və dil siyasəti”, "Dilin transformasiyası, ünsiyyət və süni intellekt” panelləri üzrə bir sıra mövzular müzakirəyə çıxarılmışdır. Paralel panel iclaslarında türk xalqlarının milli-mənəvi dəyərlərinin qorunması və mədəni əlaqələrin inkişafı, həmçinin qədim türk yazılı abidələrinin dili, yazıldığı əlifba, türk xalqlarının tarixinin öyrənilməsində abidənin əhəmiyyəti kimi bir sıra məsələlər müzakirə edilmişdir. Çıxışlarda türk dövlətlərində müasir dil siyasətinin ümumilikdə izlənilməsinin gələcəkdə türk xalqları arasında elmi-mədəni dəyərlərin mübadiləsi və əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyi xüsusi vurğulanmışdır. “Dilin inteqrasiyası, insan faktoru və dil siyasəti” panelində “Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin tərkib hissəsi kimi” adlı məruzə ilə çıxış edən prof.Sevinc Əliyeva ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və inkişafında ümummilli lider Heydər Əliyevin, həmçinin onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərindən danışmışdır. Natiq bildirmişdir ki, 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi, müstəqillik dövründə Konstitusiyada Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunması dövlətçilik tariximizin ən mühüm nailiyyətidir və bu, birbaşa ümummili liderimizin adı ilə bağlıdır. Həmçinin qeyd edilmişdir ki, imzalanan hər bir sərəncam və fərman ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını yaratmaqla yanaşı, ana dilinin qorunması və inkişafı sahəsində uzunmüddətli strategiyanın möhkəm təməlinə çevrilmişdir. Monitorinq Mərkəzinin də bu fərman və sərəncamlardan irəli gələn məsələləri, dövlətin dil siyasətindəki əsas prinsipləri, dövlət dili ilə bağlı ulu öndərin və ölkə başçısının göstərişlərini rəhbər tutmaqla doğma dilin saflığının qorunması və nüfuzunun yüksəldilməsi məqsədilə kompleks tədbirlər həyata keçirdiyi diqqətə çatdırılmışdır.
Prof.Sevinc Əliyevanın moderatorluğu ilə keçirilən “Dilin transformasiyası, ünsiyyət və süni intellekt” adlı digər paneldə iqtisadi, siyasi mədəni və s. səbəblər fonunda baş verən proseslər sosial dil amili olaraq dəyərləndirilmiş, dil transformasiyası semantik inkişaf hadisəsi kimi nəzəri-linqvistik aspektdən təhlil edilmiş, qədim və ortaq kökə malik türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası, süni intellekt əsrində dilin əhəmiyyəti və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır
Qeyd edək ki, prof. S.Əliyeva səfər çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Manas” dastanının təqdimatında da fəxri qonaq qismində iştirak etmiş, həmçinin Türk Dil Qurumunun, “Maarif vəqfi”nin, “Qırğıztest” Dövlət Qurumunun, Qırğız Dövlət Dil Komissiyasının və bir sıra qurumların rəhbərləri ilə ikitərəfli əməkdaşlıq istiqamətində səmərəli görüşlər keçirmişdir.