Media

Türk ad və soyadlarının transliterasiyası

12.01.2023
Türk ad və soyadlarının transliterasiyası

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Türk ad və soyadlarının transliterasiyası” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, direktor müavini dosent Gülarə Əmirova, şöbə müdirləri – dosent Şahlar Məmmədov və Vəfa İsmayılova, AMEA Dilçilik İnstitutunun  direktor müavini dosent Baba Məhərrəmli, Bakı Dövlət Universitetinin professoru Zemfira Şahbazova, Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının dosenti filologiya elmləri doktoru Nuridə Novruzova, AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Aygül Hacıyeva, AMEA Dilçilik İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli, AMEA Dilçilik İnstitutunun elmi işçisi Könül Mirzəyeva,  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının şöbə müdiri dosent Dürdanə Rəhimova, Bakı Avrasiya Universitetinin kafedra müdiri dosent Elmira Məmmədova-Kekeç, Bakı Avrasiya Universitetinin baş müəllimi Zəminə Rüstəmbəyli, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin üzvü Aygün Əzizli, “Grammar Azi”nin təsisçisi Murad Hüseynov iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan prof. Sevinc Əliyeva antroponimlərin mənsub olduğu hər bir xalqın tarixini, mədəniyyətini, dini etiqadını, adət-ənənələrini əks etdirən vahidlər kimi dilin lüğət tərkibinin mühüm hissəsini təşkil etdiyini bildirməklə ad və soyadların transliterasiyası sahəsində xeyli qüsur və nöqsanların olduğunu qeyd etmişdir. Natiq mövzunun aktuallığını vurğulamaqla KİV-də işlənən Avropa və türk mənşəli antroponimlərin yazılışındakı variantlılığın aradan qaldırılmasının, sözlərin yazıda dilimizin səs tərkibinə uyğun şəkildə ifadəsinin təmin edilməsi işində mütəxəssislərin iştirakının zəruriliyini xüsusi qeyd etmişdir. “Türk ad və soyadlarının transliterasiyası” mövzusunda çıxış edən şöbə müdiri dosent Şahlar Məmmədov fonetik transkripsiya yolu ilə transliterasiya probleminin tam həll olunmaması səbəbindən xarici adların da yazılışı və tələffüzündə pərakəndəliyin hökm sürdüyünü, mövcud transliterasiya standartlarının praktik baxımdan yetərli olmamasını qeyd etməklə ad və soyadların Türk dilindən dilimizə transliterasiyasında bəzi mübahisəli məqamların mövcudluğunu bildirmişdir. Natiq nəzərə çatdırmışdır ki, bəzən müvafiq səslərin konvertasiyası və sözlərin transliterasiyası məna təhrifinə səbəb olur. Bu baxımdan sözügedən antroponimlərin mənbə dildəki kimi yazılması daha məqsədəuyğundur. Dosent Ş.Məmmədov Monitorinq Mərkəzinin apardığı monitorinqlərin nəticələrinə əsasən, transliterasiya sahəsində vahid prinsiplərin olmamasını qeyd etməklə müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı, fərdi xüsusiyyətlərin nəzərə alınmasının zəruriliyini bildirmişdir.

Müzakirədə çıxış edən alim və mütəxəssislər tədbirin olduqca aktual mövzuya həsr edildiyini vurğulamış, türk ad və soyadlarının transliterasiya istiqaməti üzrə vahid transkripsiya normalarının hazırlanması, transliterasiya prinsiplərinin müəyyənləşdirilməsi, türk ad və soyadlarının transliterasiya lüğətinin hazırlanması və s. məsələlər barədə geniş bəhs etmişlər.