Layihələr
Səidə Ekmenlə görüş
27.01.2022
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin budəfəki qonağı Türkiyə Vəkilləri Kollegiyası İnsan Haqları və Gender Bərabərliyi Komissiyalarının üzvü, “Ekmen – hüquq və konsaltinq şirkəti”nin rəhbəri Səidə Ekmen olmuşdur. Tədbirdə Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, təbliği, tətbiqi ilə bağlı görülən işlərdən və bu sahədə olan çətinliklərdən danışılmışdır. Xüsusilə hüquq sahəsi ilə bağlı sənədlərin türk dilinə tərcüməsi zamanı ortaya çıxan problemlər diqqətə çatdırılmışdır.
Tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Mərkəzin fəaliyyət istiqamətləri, görülən işlər və həyata keçirilən beynəlxalq layihələr barədə ətraflı məlumat vermisdir. Ölkə hüdüdlarından kənarda Azərbaycan dilinin tədrisi, təbliği məqsədilə soydaşlarımızın lazımi dərslik və vəsaitlərlə təmin olunmasını diqqətə çatdırmışdır. Natiq bildirmişdir ki, bu sahədə olan boşluqların aradan qaldırılması istiqamətində xaricdə yaşayan soydaşlarımızla əməkdaşlıq etməyə hazırdır.
Çıxış edən S.Ekmen Monitorinq Mərkəzinin fəaliyyətini yaxından izlədiyini və qısa zamanda görülən işləri təqdir etdiyini bildirmişdir. Ölkədən kənarda yaşasa da, doğma dilimizə, Vətənimizə bağlılığını vurğulayan Səidə xanım milli dəyərlərimizi tanıtmaq məqsədilə yaratdıqları “2018 Hərəkatı”nın həyata keçirdiyi layihələr barədə geniş məlumat vermişdir. Bununla yanaşı, sənədlərin türk dilinə tərcüməsi zamanı həmyerlilərimizin qarşılaşdıqları çətinliklər, ümumiyyətlə, hüquq, məhkəmə, ticarət sahəsində hazırlanan sənədlərdəki terminlərlə bağlı mövcud problemlərdən bəhs etmişdir. Həmin çətinliklərin aradan qaldırılması üçün azərbaycanca-türkcə hüquq terminləri lüğətlərinin hazırlanmasının zəruriliyi vurğulanmışdır.
Tədbirdə lüğətin hazırlanması ilə bağlı müzakirələr aparılmış, təkliflər səsləndirilmişdir. Görüşün sonunda professor Sevinc Əliyeva qeyd etmişdir ki, azərbaycançılıq ideologiyası ətrafında birləşən, dövlətimizin dil siyasətinə sadiq olan hər bir insanın təklifini dinləməyə və onları sıralarımızda görməyə hazırıq.