Media

“Saytların dil mənzərəsi” mövzusunda tədbir

09.07.2021
“Saytların dil mənzərəsi” mövzusunda tədbir

İyulun 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva dilimizin saflığının qorunmasının, daim diqqətdə saxlanılmasının bütün yazılı və şifahi kütləvi informasiya vasitələrinin, o cümlədən saytların ümumi işi olduğunu vurğulayıb. Qeyd edib ki, bu, olduqca vacib məsələdir. Orfoqrafik və orfoepiya qaydalarına riayət etmək, dilimizi sevmək, ona diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur. O, ölkəmizdə Azərbaycan dilinin inkişafı, onun saflığının qorunması və təkmilləşdirilməsi istiqamətində müvafiq fərman və sərəncamlar imzalandığını, dövlət proqramları həyata keçirildiyini xatırladıb.

Sevinc Əliyeva vurğulayıb ki, Monitorinq Mərkəzi keçən dövr ərzində Azərbaycan dilinin saflığının qorunması və dilimizin düzgün tətbiqi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Altmışdan artıq saytın dili ilə bağlı aparılan monitorinqin nəticələrinin əks olunduğu hesabatda beş mindən artıq dil faktı aşkarlanıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də məlumat verən Sevinc Əliyeva bildirib ki, 2020-ci il oktyabrın 15-dən fəaliyyətə başlayan Monitorinq Mərkəzinin əsas məqsədi dilimizin saflığını qorumaq və Azərbaycan dilinin düzgün tətbiqi məsələlərinə nəzarət etməkdir.

Mərkəzin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədovun monitorinqlərin nəticələrini əks etdirən “Saytların dil mənzərəsi” mövzusunda hesabat məruzəsi dinlənilib. O, monitorinqin aparılması prinsipləri haqqında məlumat verib. Saytlarda rast gəlinən norma pozuntuları, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, saytları monitorinq etməkdə məqsəd ədəbi dil normalarının pozulması hallarını müəyyən edərək təhlillər aparmaq, statistik baxımdan araşdırmaq, qüsurları aradan qaldırmaq istiqamətində təkliflər irəli sürmək, eləcə də gücləndirici tədbirlər görməkdir.

AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, professorlar Qəzənfər Kazımov və Sayalı Sadıqova, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş redaktoru Yaşar Quluzadə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digər çıxış edənlər internet resurslarında ana dilinin tətbiqi ilə bağlı yaranan problemlərə toxunub, onların aradan qaldırılmasının həlli yolları barədə fikirlərini bölüşüb, ölkəmizdə bu sahənin inkişafına göstərilən dövlət qayğısından söz açıblar.

Sonra müxtəlif sahələrdə ana dilinin saflığının qorunması məqsədilə təşkil olunacaq təlimlər və birgə əməkdaşlıq barədə müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva dilimizin saflığının qorunmasında, ədəbi dil normalarına riayət olunmasında AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirib. Professor Sevinc Əliyeva isə pandemiya dövründə xəbərlərin vətəndaşlara dəqiq, təhrif olunmadan çatdırılmasında AZƏRTAC-ın fəaliyyətini xüsusi qeyd edib.

Müzakirələrdə Monitorinq Mərkəzinin müşahidə şurasının üzvləri, görkəmli dilçi alimlər, ziyalılar, dövlət və özəl saytların nümayəndələri iştirak ediblər.