Media

“Saytlarımız monitorinq aynasında”

04.12.2023
“Saytlarımız monitorinq aynasında”

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirilmişdir. Saytlarda ikinci dəfə aparılan monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu və üzvü akademik Nizami Cəfərov, AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri dosent Fariz İmranov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, icraçı direktoru dosent Baba Məhərrəmli, şöbə müdirləri professor Sayalı Sadıqova və dosent Kifayət İmanquliyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Qulu Məhərrəmli, dövlət qurumlarının rəsmiləri, ziyalılar, jurnalistlər, müxtəlif saytların nümayəndələri və digər qonaqlar iştirak etmişlər. Mərkəzin direktoru professor Sevinc Əliyeva giriş nitqində tədbirin keçirilməsində başlıca məqsədin monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi, onları əmələ gətirən səbəblərin müəyyənləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunu bildirmişdir. Ana dilinin saflığının qorunması və inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Sevinc Əliyeva ölkəmizdə dil siyasətinin formalaşdırılması və Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulamışdır.

   Jurnalistlərimiz tərəfindən ədəbi dil normalarına riayət olunması və onların təcrübədə düzgün tətbiqinin vacibliyini nəzərə çatdıran natiq bəzi media işçilərinin dilimizin normalarının tələblərini ya yetərincə bilmədiklərini, ya da bu işə laqeyd yanaşdıqlarını bildirmişdir. Prof. S.Əliyeva həmçinin saytlarda dərc olunan mətnlərdəki qüsurların bir qismini müsahiblərin fikirlərinin jurnalistlər tərəfindən redaktə edilmədən, xarici mənbələrdən olan xəbərlərin isə hərfi tərcümə olunaraq verilməsi səbəbi ilə izah etmiş, ad və soyadların transliterasiyası məsələsi kimi mübahisəli məsələlərdə media nümayəndələrini diqqətli olmağa çağırmışdır.

   “Saytlarımız monitorinq aynasında” adlı məruzə ilə çıxış edən şöbə müdiri Vəfa İsmayılova aşkar edilmiş 4500 dil faktından 3564-nün hesabata daxil edildiyini (1371 orfoqrafik, 356 leksik, 909 qrammatik norma pozuntusu, 928 üslub və ifadə səhvi) bildirmişdir. Natiq əvvəlki monitorinqlə müqayisədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ədəbi dil normalarının pozulması hallarına hələ də çox rast gəlindiyini təəssüflə qeyd etmişdir.

   Müzakirələr zamanı akademik Möhsün Nağısoylu, akademik Nizami Cəfərov, professor Sayalı Sadıqova, professor Nadir Məmmədli, professor Qulu Məhərrəmli, dosent Fariz İmranov və digər qonaqlar saytların monitorinqə cəlb edilməsinin dilimizin saflığının qorunması, eləcə də xəbər və məlumatların doğru təqdim olunması işinə mühüm töhfə verəcəyini bildirmişlər. Sonda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd olunmuşdur.