“Reklamların dili monitorinq aynasında”
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Reklamların dili monitorinq aynasında” adlı tədbir keçirilmişdir. Açıq məkan reklamlarının mətnləri üzərində aparılan monitorinqin nəticələrinə həsr olunmuş tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu və üzvü professor Mahirə Hüseynova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Aparat rəhbəri Nahid Qasımov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İctimaiyyətlə əlaqələr departamentinin direktoru Nicat Mustafayev və Mərkəzi kommunikasiya şöbəsinin müdiri Kənan Səlimov, həmçinin ziyalılar, sahibkarlar, müxtəlif reklam şirkətlərinin nümayəndələri iştirak etmişlər. Mərkəzin direktoru professor Sevinc Əliyeva giriş nitqində tədbirin keçirilməsində başlıca məqsədin monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunu bildirmişdir. Ana dilinin saflığının qorunması və inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Sevinc Əliyeva ölkəmizdə dil siyasətinin formalaşması və Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulamışdır.
Reklamlarda ədəbi dil normalarına riayət olunması və onların təcrübədə düzgün tətbiqinin vacibliyini nəzərə çatdıran natiq reklam sahəsində çalışan bəzi mütəxəssislərin dilimizin normalarını ya yetərincə bilmədiklərini, ya da bu işə laqeyd yanaşdıqlarını təəssüflə bildirmişdir. Prof. S.Əliyeva əcnəbi dillərə meyilliliyi və xarici brendlərin reklam mətnlərinin hərfi tərcümədə təqdim olunmasını mövcud qüsurların əsas səbəblərindən biri kimi qeyd etmişdir. Natiq, həmçinin dövlət dilinin qorunması və inkişafına mənfi təsir göstərə biləcək mübahisəli məsələlərdə hər kəsi, o cümlədən reklam sahəsində çalışanları diqqətli və məsuliyyətli olmağa çağırmışdır.
“Açıq məkan reklamları və dilimiz: problemlər,vəzifələr” adlı məruzə ilə çıxış edən direktor müavini dosent Gülarə Əmirova açıq məkan reklamlarının (Bakı şəhərində yerləşən) monitorinqinin nəticələrinə həsr olunmuş kitabda mağaza, dükan, ictimai-iaşə obyektləri, idman, sağlamlıq, tədris, estetik və gözəllik mərkəzləri, istirahət və əyləncə məkanları, klinika və tibb məntəqələrinin adlarında, onlara məxsus lövhələrdə (reklam, məlumat, menyu və s.), eləcə də sosial xarakterli mətnlərdə müşahidə edilmiş fonetik, leksik, qrammatik norma pozuntuları, üslub və ifadə səhvlərinin əhatə olunduğunu bildirmiş, 510 reklam mətnində aşkarlanmış 2300 norma pozuntusundan 2028-nin (918 orfoqrafik, 707 leksik, 157 qrammatik norma pozuntusu, 246 üslub və ifadə səhvi) hesabata daxil edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Günümüzdə geniş auditoriyası və kütləviliyi ilə fərqlənən, hər kəs üçün əlçatan olan açıq məkan reklamlarının qısa və yığcam olmasına baxmayaraq, dilin ən aktiv təbliğat vasitələrindən olduğunu bildirən G.Əmirova mövcud mətnlərdə Azərbaycan ədəbi dil normalarının kobud şəkildə pozulması hallarına çox rast gəlindiyini təəssüflə qeyd etmişdir.
Reklam işi ilə bilavasitə məşğul olan “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və İdarə Heyətinin üzvü, "Media FM" Radiostansiyasının baş direktoru Rüstəm Əliyev, “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin direktor müavini Sayalı Səfərova, filologiya üzrə fəlsəfə doktoru Jalə İsmayıl və başqaları çıxış edərək açıq məkan reklamlarının mətnlərinin monitorinqə cəlb edilməsinin dövlət dilinin düzgün tətbiqi və saflığının qorunması işinə mühüm töhfə verəcəyini bildirmişlər.
Sonda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır.