Layihələr
Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüş
25.10.2021
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşmüşdür. Mərkəzin direktoru Sevinc Əliyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verərək Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqi ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs etmişdir. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində Pakistan dövlətinin ölkəmizə, xalqımıza mənəvi dəstəyinə görə də dərin minnətdarlığını dilə gətirmişdir. Görüşdə Azərbaycanda yaşayan pakistanlı tələbələrdə və Pakistan vətəndaşlarında Azərbaycan dilində danışıq və yazı vərdişlərinin formalaşdırılması, eləcə də Pakistanda Azərbaycan dilinin yüksək səviyyədə tədrisi məsələləri müzakirə olunmuşdur. Görüş zamanı səfir Bilal Haye Pakistandakı Müasir Dillər Universitetinin nəzdində növbəti ay Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılacağını nəzərə çatdırmışdır. Eləcə də “Azərbaycan dili” fənninin tədrisi məqsədilə Monitorinq Mərkəzinin əməkdaşlarının Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə dəvət edilməsi də vurğulanmışdır.
Səfir Bilal Haye bu fənnin mənimsədilməsi üçün Monitorinq Mərkəzinin əməkdaşlarını Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə dəvət etmişdir. Onun sözlərinə görə bu təşəbbüs Azərbaycan dilinin daha yaxşı öyrənilməsinə təkan verəcəkdir. Sevinc Əliyeva bildirmişdir ki, təlim və tədris prosesində yaxından iştirak etməklə yanaşı, Monitorinq Mərkəzi Azərbaycan dilini öyrənən tələbələrin lazımi dərs vəsaitləri və dərsliklərlə təmin olunmasına da kömək edəcəkdir. Görüş çərçivəsində Pakistanda fəaliyyət göstərən digər ali təhsil ocaqları ilə əməkdaşlığın perspektivləri də nəzərdən keçirilmişdir. Professor Sevinc Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dil siyasətinin beynəlxalq aləmdə təbliğ olunmasının vacibliyini vurğulayaraq bu istiqamətdə Mərkəzin öz töhfəsini verməyə hazır olduğunu bildirmişdir. Sonda səfir Bilal Haye işgüzar görüşə görə Sevinc Əliyevaya minnətdarlıq bildirərək, quruma gələcək fəaliyyətində yeni nailiyyətlər arzu etmişdir.