Media

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

18.10.2021
Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor müavini dosent Gülarə Əmirova bildirmişdir ki, müstəqilliyin bərpasının 30 illiyini Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. O, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu vurğulayaraq 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni, müstəqil inkişaf dövrünün başlandığını nəzərə çatdırmışdır. G.Əmirova, həmçinin qeyd etmişdir ki, 90-cı illərin əvvəlində səriştəsiz siyasət nəticəsində Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi, müstəqil dövlətimiz isə süquta uğramaq təhlükəsi qarşısında qalmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlətimizin həyatında dönüş nöqtəsi olmuşdur. Məhz ulu öndər müstəqil Azərbaycanı dağılmaqdan, iqtisadi tənəzzüldən və özbaşınalıqdan xilas etmişdir. G.Əmirova müstəqilliyin bizə qazandırdığı uğurlar sırasında ana dilimizin dövlət dili statusunu qazanmasını xüsusilə qeyd etmişdir. O, Heydər Əliyevin ana dilinə olan misilsiz sevgisi və qayğısından söz açaraq ulu öndərin bu sahədəki geniş fəaliyyətinə nəzər salmışdır. Natiq, eləcə də H.Əliyevin siyası kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndərin dil siyasətini uğurla davam etdirdiyini və dövlətin ana dilinə olan qayğısından ətraflı söz açmışdır.
Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov çıxışında Şərqdə ilk demokratik respublikanın yaranmasından və onun banisi olan tarixi şəxsiyyətlərdən bəhs etmişdir. O qeyd etmişdir ki, əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hərbi, ictimai və siyasi proseslər dövrün ziyalı təbəqəsini bir cəbhədə birləşməyə vadar etmişdir. Cümhuriyyətin yaranması ilə Azərbaycan adı ilk dəfə dövlət adı kimi rəsmiləşdirilmiş, “Azərbaycan” anlayışı xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə “tarixi-coğrafi” anlamdan kənara çıxaraq siyasi-ideoloji məna kəsb etmişdir. Dosent bildirmişdir ki, Azərbaycanın siyasi xadimlərinin səyi nəticəsində Qərb demokratik siyasi sisteminə əsaslanaraq yaranmış AXC yaşadığı 23 ay ərzində demokratik prinsipləri əsas götürmüş, dövlətçilik ənənələrinin formalaşmasında mühüm işlər görmüşdür. Şahlar Məmmədov Müstəqilliyin Bərpası Gününü həm də qürur günü kimi səciyyələndirmişdir, çünki bu tarixi gün 44 günlük Zəfər salnaməsinin ildönümü ilə eyni vaxta təsadüf edir.
Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Vəfa İsmayılova çıxışında bildirmişdir ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Müstəqilliyi qoruyub saxlamaq isə onu qazanmaqdan daha çətindir. Təəssüf ki, birinci dəfə xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması nəticəsində müstəqillik itirilmişdir. İkinci tarixi şərait isə 70 il sonra yaranmış, Sovet imperiyasının dağılması Azərbaycan xalqına milli müstəqiliyini bərpa etmək imkanı vermişdir. Vəfa İsmayılova bildirmişdir ki, ötən əsrin 90-cı illərində siyasi şərait xalqı yeganə və yekdil istək ətrafında birləşdirmiş, müstəqilliyə gedən yola isə 1991-ci il, dekabrın 29-u keçirilən ümumxalq səsverməsi təkan vermişdir. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqiliyinə tərəfdar çıxmışdır. Ötən 30 ilə nəzər salan natiq bu müddət ərzində Azərbaycanın regionun güclü dövlətinə, torpaqlarını işğaldan azad edən qüdrətli və nüfuzlu dövlətə çevrildiyini də vurğulamışdır.
Çıxış edən Mərkəzin baş mütəxəssisi dosent Mətanət Xudiyeva bildrimişdir ki, müstəqil dövlətin vətəndaşı olmaq xüsusilə qürurvericidir, dövlət başçısının yürütdüyü siyasət isə bu müstəqilliyin qarantıdır və əbədi olacağından xəbər verir. Tədbir digər çıxışlarla davam etmişdir.