"Musiqidə ədəbi dil normaları" adlı seminar
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə "Musiqidə ədəbi dil normaları" adlı seminar keçirilmişdir. Tədbirdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, direktor müavini dosent Gülarə Əmirova, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Humanitar elmlər kafedrasının müdiri professor Tərlan Quliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist İlham Nəzərov, Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva və başqaları iştirak etmişlər.
Çıxış edənlər tərəfindən mahnı janrında söz və musiqinin vəhdəti, ifa zamanı orfoepiya normalarına riayət olunması və s. məsələlərə toxunulmuş, yalnız söz yığınından ibarət mətnlərə bəstələnmiş bayağı mahnıların milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi təəssüflə qeyd edilmişdir. Günel Hacıyevanın “Milli musiqimizin dünəni və bu günü” adlı məruzəsi isə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılmışdır.