“Mahnılarımız monitorinq aynasında”
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirilmişdir. Mahnıların monitorinqinin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, dilçi alimlər, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ziyalılar, televiziya kanallarının nümayəndələri və aparıcılar, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva Azərbaycan xalqına məxsus mədəni irsin mühüm hissəsini təşkil edən musiqimizi bədii-estetik zövqün ifadəsi, milli ruh və ideologiyanın təcəssümü adlandırmışdır. Zəngin tarixi ənənələrə malik musiqimiz Şərqdə operanın banisi Üzeyir Hacıbəylinin və ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın timsalında dünya mədəni irsinə bəxş edilən ən böyük xəzinə kimi dəyərləndirilmişdir. Nitqinə ulu öndər Heydər Əliyevin “Yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcək” sözləri ilə davam edən prof.Sevinc Əliyeva xalqımızın milli sərvəti olan mədəni irsin qorunması və beynəlxalq səviyyədə təbliği ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətlərini dövlətimizin Azərbaycan mədəniyyətinə verdiyi yüksək dəyərin ifadəsi olmaqla yanaşı, həm də ümumbəşəri məqsədlərə xidmət etdiyini vurğulamışdır. Mehriban xanım Əliyevanın xüsusi səyi və təşəbbüsü nəticəsində muğam, aşıq sənəti və tar ifaçılıq sənətinin UNESCO-nun dünyəvi irs siyahısına daxil edilməsi isə dünyada Azərbaycan mədəniyyətinin özünəməxsus yerinin bariz sübutu kimi səciyyələndirilmişdir. Dil və mədəniyyətin vəhdətindən də bəhs edən natiq bildirmişdir ki, milli dəyərlərin formalaşması, təbliği, nəsildən-nəslə ötürülməsi və mədəni ənənələrin yaranmasında dilin rolu əvəzsizdir. Azərbaycan musiqisinin əsas qolu olmaqla dilimizin bütün incəliklərini əks etdirən mahnı janrında ədəbi dil normalarının kobud şəkildə pozulması bu sahədə də monitorinqin aparılmasını zəruri etmişdir. Monitorinqin nəticələrini ümumiləşdirən prof.Sevinc Əliyeva qeyd etmişdir ki, mahnılarda dilimizin düzgün tətbiqi çox vaxt arxa plana keçir. Mahnı mətnlərində kifayət qədər leksik və qrammatik norma pozuntusunun, üslub və ifadə səhvlərinin, ifalarda isə çox vaxt orfoepik normaya əməl edilməməsi və dialekt elementlərinin aşkarlanması buna əyani sübutdur. Monitorinq zamanı milli-mənəvi dəyərlərimizə zidd davranışları təbliğ edən çoxsaylı nümunələrə də rast gəlinmişdir. Bildirilmişdir ki, müəyyən edilən nitq faktları dilimizin özünəməxsus sabit qrammatik quruluşuna, leksik tərkibinə xələl gətirməklə yanaşı, bədii-estetik zövqümüzün korlanması, zəngin musiqi ənənələrimizin itirilməsi ilə bağlı narahatlığa əsas verir. Aşkar edilən nöqsanların kütləvi hal alması mədəniyyətimizin inkişafına mane olduğu üçün bu sahədə ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi labüddür.
“Milli musiqimizin dünəni və bu günü” adlı məruzə ilə çıxış edən aparıcı mütəxəssis Günel Hacıyeva xalqımızın milli-mənəvi sərvəti sayılan musiqimizin çoxəsrlik inkişaf yoluna nəzər salmışdır. Müxtəlif dövrlərdə milli musiqimizin inkişaf mərhələlərinə ekskurs edən G.Hacıyeva bildirmişdir ki, ilk yazılı musiqi risalələrimizin müəllifi olan Səfiəddin Urməvi, Əbdülqadir Marağai və Mir Möhsün Nəvvab, onların layiqli davamçıları Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Niyazi, Qara Qarayev, Fikrət Əmirov və digərləri çoxcəhətli yaradıcılıq nümunələri ilə mədəniyyətimizi və dünya musiqi xəzinəsini zənginləşdirmişlər. Gənc nəsillərə milli estetik zövqün aşılanmasında zəngin musiqi mühitinin əhəmiyyətinə toxunan məruzəçi mahnı yaradıcılığında söz və musiqi müəllifi, ifaçı, həmçinin aranjimançı və müvafiq mütəxəssislərin üzərinə düşən böyük məsuliyyətdən danışmışdır. Mənşəyi bilinməyən top-reytinqli bayağı mahnıların intensiv şəkildə yayımlanması ilə “trend-mahnı” anlayışının qeyri-iradi qəbul olunması, milli mədəniyyətimizə yad, bayağı mahnıların insanlara gerçəklik kimi təqdim edilməsi artıq həyəcan təbilinin çalınmasını zəruri edir. Ticarət-kommersiya məqsədlərinə yönəldilmiş, arzuolunmaz əxlaqı, aşağı səviyyəli davranış tərzini reklam və diktə edən məqsədyönlü mahnılar insanların həyatına nüfuz etdikcə mənfi tendensiyaların təsirinin qaçılmaz olduğu vurğulanmışdır. Statistik nəticələri qonaqların diqqətinə çatdıran çıxışçı 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1253 norma pozuntusunun müəyyənləşdirildiyini qeyd etmişdir.
Aparıcı mütəxəssis Nazlıxanım Teyyubova “Mahnılarımızın dil mənzərəsi” adlı məruzəsində mahnıların monitorinqi zamanı 668 orfoepik, 111 leksik, 144 qrammatik, 330 üslub və ifadə səhvinin aşkarlandığını bildirmişdir. Nəticələri dil normaları üzrə ümumiləşdirən N.Teyyubova ifa zamanı müxtəlif səslərin öz məxrəclərindən kənar səsləndirilməsinin, şəkilçilərin, mürəkkəb sözlərin yanlış tələffüz edilməsi və vurğunun yerində işlədilməməsinin adi hala çevrildiyini nəzərə çatdırmışdır. Əyani nümunələr əsasında nitq faktlarını təhlil edən məruzəçi bildirilmişdir ki, mahnı mətnlərində sözlər əksər hallarda kontekstə uyğun seçilmir, hətta dilin frazeoloji qatını təşkil edən sabit söz birləşmələrinin tərkibi dəyişdirilməklə məna təhrif edilir. Şəkilçilərin yanlış ixtisar edilməsi, qrammatik göstəricilərin yersiz şəkildə bir-birini əvəzləməsi, söz sırasının pozulması nəticəsində yaranan anlaşılmaz misralar mahnıların monitorinqi zamanı diqqətçəkən məqamlar kimi vurğulanmışdır. Mahnılarında yol verilən üslub və ifadə səhvləri barədə də ətraflı məlumat verən çıxışçı mətnlərdə misraların qafiyələnməsinin ön plana keçməsi səbəbindən sözlərin semantik çalarlarından və dilimizin üslub imkanlarından yetərincə istifadə edilmədiyini, həmçinin mənəvi dəyərlərimizə zidd kobud söz və ifadələrə rast gəlindiyini təəssüf hissi ilə qeyd etmişdir.
Tədbirdə “Mahnıların məzmun, musiqi və təqdimata görə müxtəlif qruplar üzrə təsnifi” adlı yekun məruzə ilə çıxış edən direktor müavini dosent Gülarə Əmirova Azərbaycan musiqisi, xüsusən də mahnı janrının aktual problemlərini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Mahnılarımızda hind, ərəb, yəhudi və digər yad ritmlərin müşahidə olunmasının artıq adi hala çevrildiyini bildirən G.Əmirova xarici boğaz və yad çalarlardan istifadəni, ifaçılıq sənətinin bəlli qayda-qanunlarından kənara çıxan improvizələri, sözlərin heca-heca tələffüzünü milli musiqimizin inkişafına böyük maneələr kimi səciyyələndirmişdir. Konkret nümunələrə istinad edən məruzəçi mahnı janrı ilə bağlı ənənələrimizə ciddi xələl gətirən həmin elementlərin bir müddət sonra milli təsir bağışlayacağı ilə bağlı narahatlığını da vurğulamışdır. Son dövrlər mahnı yaradıcılığında ciddi böhranın müşahidə olunduğunu da bildirən Gülarə Əmirova qeyd etmişdir ki, heç bir məna yükü olmayan, bədiilikdən uzaq mətnlər, ifa üçün yetərli olmayan səs tembrləri və texnikalar, sözsüz ki, xalqımızın milli mədəniyyətinə xidmət etmir. Milli dəyərlərimizə zidd davranışları, narkomaniyanı və zərərli vərdişləri, tüfeyli həyat tərzini aşılayan, hətta sui-qəsdə təşviq edən mahnıların təbliği sağlam gəncliyimizin formalaşması üçün böyük təhlükədir. Beləliklə, mahnı ifaçılarının nitqi üzərində aparılan monitorinqdə başlıca məqsəd Azərbaycan musiqisinin real mənzərəsini göstərməklə sözügedən problemlərin ardıcıl həllinə nail olmaqdır.
Məruzələr ətrafında fikir mübadiləsi aparan Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri akademik Möhsün Nağısoylu, akademik Nizami Cəfərov və professor Mahirə Hüseynova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Bakı Turizm Peşə Məktəbinin direktoru dosent Neylüfər Kərimova, millət vəkili Jalə Əliyeva, professor Nazim Kazımov, bəstəkar Gövhər Həsənzadə, söz ustadları Baba Vəziroğlu, Seyran Səxavət, tanınmış incəsənət xadimləri Flora Kərimova, Nazpəri Dostəliyeva, Brilliant Dadaşova, İlqar Muradov və digər qonaqlar mahnı ifaçılarının nitqinin monitorinqə cəlb edilməsinin mədəniyyətimizin inkişafına mühüm töhfə verəcəyini bildirmişlər. Müzakirələrdə mahnı janrında söz və musiqinin vəhdəti, ifa zamanı orfoepiya normalarına riayət olunması və s. məsələlərə toxunulmuş, yalnız söz yığınından ibarət mətnlərə bəstələnmiş bayağı mahnıların milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi təəssüflə qeyd edilmişdir. Həmçinin bildirilmişdir ki, söz və musiqi müəllifləri, ifaçılarla yanaşı, televiziya və radioyayım şirkətlərinin üzərinə də böyük məsuliyyət düşür. Aktual problemlərin müzakirəsi ilə davam edən tədbirdə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin zəruruliyi də qeyd olunmuşdur.