III Beynəlxalq Dünya Uşaq Konfransı
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva İKSAD-ın təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində keçirilən “III Beynəlxalq Dünya Uşaq Konfransı”nda iştirak etmişdir. Çin, Kanada, İsveç, Rusiya, ABŞ, İspaniya və digər ölkələrin nümayəndələrinin də təmsil olunduğu konfransda uşaqlarda nitqin formalaşması, münaqişə bölgələrində təhsilin təşkili, müharibə şəraitinin uşaq psixologiyasına təsiri, sağlam həyat tərzi və düzgün qidalanmaya dair maraqlı məruzələr dinlənilmişdir. Professor Sevinc Əliyeva “Uşaqlarda nitqin inkişafı” adlı məruzəsində ana dilinə yiyələnmə və uşaqlarda nitqin formalaşması mərhələlərindən ətraflı bəhs etmişdir. Uşaqların ətraf mühitlə tanışlığı, müşahidələri, həmçinin folklor nümunələri və bədii ədəbiyyatla bağlı aparılan işləri nitq inkişafının mənbələri hesab edən S.Əliyeva uşaqların lüğət ehtiyatına daxil ediləcək sözlərin diqqətlə seçilməsinin və tematik prinsipə əsasən qruplaşdırılmasının vacibliyini də xüsusi vurğulamışdır.