Layihələr

“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans

04.05.2023
“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans

     Azərbaycan Respublikasının Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, Salyan Rayon İcra Hakimiyyəti və Salyan Rayon ATİAHİ-nin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində "Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, YAP Salyan Rayon Təşkilatının sədri Elmar Məmmədov, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Mərkəzin şöbə müdiri Vəfa İsmayılova və digər əməkdaşlar, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Pərvanə İsayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur Paşayeva və ümumtəhsil məktəblərin müəllimləri iştirak etmişlər.

     Azərbaycan elminin inkişafında Heydər Əliyevin tarixi xidmətləri ilə bağlı məruzə edən Sənan Mənsimli və Sevindik Hətəmov öz çıxışlarında əsası ulu öndər tərəfindən qoyulmuş uğurlu təhsil siyasəti fonunda elmin inkişafına zəmin yaradan köklü islahatlardan, dünyəvi təhsilə inteqrasiyada Heydər Əliyevin əvəzsiz rolundan ətraflı məlumat verərək bildirmişlər ki, müstəqil dövlətimizdə elm və təhsil məsələləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir.

     “Ulu öndər Heydər Əliyevin dil siyasəti” adlı məruzəsində ölkəmizdə dil siyasətinin formalaşması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsindən danışan professor Sevinc Əliyeva dövlətçilik tariximizə Heydər Əliyev dövrü kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafının yalnız rəsmi sənədlərdə deyil, əməli fəaliyyətdə də öz əksini tapdığını diqqətə çatdırmışdır. 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi, müstəqillik dövründə dövlət dili məsələsinin referendumda ayrıca müzakirəyə təqdim olunması dövlət başçısının dilə olan sevgisinin parlaq təzahürü kimi səciyyələndirilmişdir. 2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanda isə dövlət dilinin qorunması və inkişafı sahəsində yaranmış problemlər geniş təhlil edilməklə müvafiq həlli yolları göstərilmişdir. Məruzəçi XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafında, diplomatiya aləminə yol açaraq dünya dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsində ulu öndərin misilsiz xidmətlərini vurğulamaqla bildirmişdir ki, məhz Heydər Əliyevin imzaladığı sərəncam və fərmanlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını və əbədi strategiyasını müəyyən etmişdir. Xalqın milli sərvəti olan dilin dövlət dili statusu qazanmasını dövlətçilik tarixinin ən mühüm nailiyyəti kimi qiymətləndirən S.Əliyeva Azərbaycan dilinin milli dövlətçiliyimizin əsas atributu kimi özünü təsdiq etməsini məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlamışdır.

     Digər məruzəçilər fil.e.d. Pərvanə İsayeva “Heydər Əliyevin dövlətçilik strategiyasında Azərbaycan ədəbiyyatı və mədəniyyətinin yeri”, fil.ü.f.d. Aynur Paşayeva “Heydər Əliyevin azərbaycançılıq ideologiyasında milli dil siyasəti” mövzuları ilə bağlı məruzə edərək ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycan elminin inkişafı məqsədilə həyata keçiriliən fundamental tədbirlər barədə ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, gənc nəslin, o cümlədən yüksək erudisiyalı gəncliyin inkişafına hərtərəfli dəstək nümayiş etdirən ulu öndərin ideyaları bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.