Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır - ARAŞDIRMA
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, fiolologiya elmləri doktoru, professor Sevinc Əliyeva: “Biz KİV vasitəsilə dilimizin bugünkü vəziyyəti ilə tanış oluruq. Beynəlxalq Ana Dili Günü daha çox azsaylı xalqlar üçün əhəmiyyət daşıyır. Azərbaycan dili qədim tarixi köklərə malik olan dildir. Bizim dilimiz özünün lüğət tərkibi ilə seçilir.
Beynəlxalq Ana Dili Günündə də mən bu dildə danışan, dil açan hər bir kəsi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, dilimizin gözəlliklərini sevə-sevə Azərbaycan dilində daha peşəkar danışıb-yazmağı bacaraq.
Ümummilli Liderin təbirilə desək “Bu dildə danışmağımızla fəxr edək, qürur duyaq”. Bu dil həqiqətən mükəmməl dildir. Bu dil müxtəlif təsirlərə baxmayaraq özünün lüğət tərkibini qorumağı bacaran dildir. Bizim ata-babalarımız özlərindən sonra bizə böyük bir dil miras qoyublar. Biz də çalışmalıyıq ki, bu dili qoruyaq və gələcək nəsillərə ərməğan edək.
Ümummilli Lider Heydər Əliyev və cənab Prezident İlham Əliyevin sərəncam və fərmanlarında Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiq məsələləri həmişə gündəmdə olub. Burada 9 aprel 2013-cü il və 1 noyabr 2018-ci il tarixli fərmanları xüsusilə qeyd etmək istəyirəm”.