“Gələcəyimiz əmin əllərdədir” adlı tədbir
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Gələcəyimiz əmin əllərdədir” adlı tədbir keçirilmişdir. Tədbirdə Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva, Bakı Turizm Peşə Məktəbinin direktoru dosent Neylüfər Kərimova, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti tarix elmləri üzrə fəlsəfə doktoru Təranə Tağıyeva, 220 №-li liseyin müəllimi filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımova, 47 №-li məktəbin müəllimi Aybəniz Rüstəmova, 82 №-li məktəbin müəllimi Şəlalə Məmmədova və Monitorinq Mərkəzinin əməkdaşları iştirak etmişlər. Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva müəllimləri peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik edərək gənclərin vətənə layiqli övlad, dövlətə və xalqımıza bağlı nümunəvi vətəndaş, milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi yetişməsində bu müqəddəs peşə sahiblərinin üzərinə düşən mühüm missiyadan danışmış, Aprel döyüşlərində, 44 günlük müharibədə və sonrakı dövrlərdə Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlığı təhsil ocaqlarında milli ruhun və vətənpərvərliyin təbliğinin nəticəsi kimi dəyərləndirmişdir. Natiq bildirmişdir ki, elm və təhsil sahəsində həyata keçirilən hər bir islahatın əsasında məhz milli təəssübkeşlik, adət-ənənələrimizin təbliği, ana dilinə sevginin aşılanması və milli-mənəvi dəyərlərə ehtiram dayanır. Bu kimi yüksək dəyərlərin aşılanmasında Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin üzərinə mühüm vəzifələr düşdüyü vurğulayan S.Əliyeva doğma dilimizin tətbiqinin Monitorinq Mərkəzi üçün hər zaman prioritet istiqamət olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan dili fənninin tədris səviyyəsi, dərs vəsaitlərində mətnlərin düzgün seçilməsi, tapşırıqların hazırlanmasında zəruri metodik göstərişlərin nəzərə alınması, şagirdlərdə yazı vərdişlərinin formalaşdırılması, orfoqrafiya və orfoepiya normaları ilə bağlı biliklərin tətbiqi və möhkəmləndirilməsi üçün praktik məşğələlərin təşkili hamını narahat edən ciddi məsələlər sırasındadır.
Monitorinq Mərkəzinin mütəxəssisi Gülnar İsmayılova “Müəllim uğurlu gələcəyin təminatçısıdır” adlı məruzəsində doğma dilimizin zənginliyindən və qorunmasından bəhs etmiş, günümüzdə Azərbaycan dilinin tədrisi ilə bağlı aktual problemlərə diqqət çəkmişdir. Belə ki, orta məktəb dərsliklərinin dilində müşahidə olunan qrammatik qaydalarda sistemsizlik, durğu işarələrinin buraxılması, söz sırasının pozulması və ya sözlərin yerində işlədilməməsi, fikir mücərrədliyi, ciddi üslub və ifadə səhvlərinin nəzərə çarpması, şagirdlərdə imla və inşa yazı qabiliyyətinin zəif inkişafı və s. təəssüf doğuran hallar kimi dəyərləndirilmişdir.
Dosent Təranə Tağıyeva “Dil xalqın milli-mənəvi dəyərlərini yaşadan yeganə vasitədir” adlı məruzəsində Azərbaycan dilini xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı, varlığımızı müəyyən edən mənəvi sərvət kimi səciyyələndirmişdir. Bildirilmişdir ki, qədim tarixi kökə malik dilimizi qorumaq və onun saflığı uğrunda mübarizə aparmaq dilin daşıyıcısı kimi hər bir azərbaycanlının ümdə vəzifəsidir. Dilin inkişafına mane olan amilləri təhlil edən T.Tağıyeva bu prosesi müsbət məcraya yönəltmək üçün insanların təfəkkürünə, düşüncə tərzinə təsir etməyin, milli-mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulamışdır.
“Dilimizin təbliği və sevdirilməsində dərsliklərin rolu” adlı məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımova şagirdlərin ədəbi dilə yiyələnməsində, dilimizin təbliğində və düzgün tədrisində orta məktəb dərsliklərinin əhəmiyyətindən danışmış, dərs vəsaitlərinə mətnlər seçilərkən milli ədəbiyyata müraciət edilməsini, klassik sənətkarlarımızın əsərlərinin motivləri əsasında, uşaqların anlaya biləcəyi hekayə və mətnlərə daha çox yer verilməsini zəruri hesab etmişdir. Natiq onu da əlavə etmişdir ki, şagirdlərə məlumat məhz dərsliklərlə ötürüldüyü üçün onların tərtibatı ilə yanaşı elmi materialların düzgün seçilməsi də olduqca əhəmiyyətlidir.
Tədbir təhsil sahəsində aktual məsələlər barədə fikir mübadiləsi ilə davam etmiş, müzakirələrin Azərbaycan təhsilinə əsaslı töhfə verəcəyi ifadə olunmuşdur.