Layihələr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir

23.12.2022
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş onlayn beynəlxalq tədbir keçirilmişdir. Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin qorunması, dünya miqyasında təbliği istiqamətində cari ildə  görülmüş işlərin müzakirəsi ilə bağlı  keçirilən tədbirdə Türkiyə, Kanada, Misir, Çin, İngiltərə, Fransa, Niderland  və s. ölkələrdə yaşayan və müxtəlif qurumlarda çalışan soydaşlarımız iştirak edirdilər. Monitorinq Mərkəzinin direktoru filologiya elmləri doktoru, professor Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq milli birlik, mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq hisslərini təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə həmvətənlərimizi ürəkdən təbrik etmişdir. Soydaşlarımızı vahid məfkurə ətrafında birləşdirən milli-mənəvi dəyərimiz olan ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan dilinin beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyev və  Prezident İlham Əliyevin hər kəsə nümunə olacaq dil sevgisindən  danışan Sevinc Əliyeva dominant dillərin təsirinə baxmayaraq  xarici ölkələrdə öz dilini, mədəniyyətini yaşadan və layiqincə təmsil edən həmvətənlərimizin fəaliyyətini  yüksək dəyərləndirərək  bildirmişdir ki, doğma dilimizin təbliği Mərkəz üçün də prioritet məsələdir. Natiq əlavə etmişdir ki, hazırda Mərkəzin əməkdaşları tərəfindən “Azərbaycan dili” dərsliyi və ədəbi dil normalarını əks etdirən audiovəsaitlər hazırlanır. Azərbaycan dilinin düzgün tələffüz qaydalarının təbliğinə xidmət edən nağıllar və hekayələrdən ibarət disklər artıq dinləyicilərə və xaricdə yaşayan soydaşlarımızın ailələrində böyüyən uşaqlara təqdim edilmişdir. 

   Azərbaycan dilinin xarici ölkələrdə tədrisi işinin təkmilləşdirilməsi istiqamətində təkliflərlə çıxış edən Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri dosent Aqşin Əliyev əcnəbilər üçün dərsliklərdə pərakəndəliyin aradan qaldırılması məqsədilə müvafiq elmi metodologiyanın zəruriliyini vurğulamışdır. Təmsil etdiyi təhsil ocağında Azərbaycan dilinin ənənəvi, eyni zamanda onlayn tədris edilməsini dilimizin təbliği coğrafiyasının genişləndirilməsində əhəmiyyətli addım kimi dəyərləndirən Kanadanın Toronto şəhər Təhsil Mərkəzinin Xarici dillər bölməsinin müəllimi Yeganə Cəfərova yaş və bilik səviyyələri üzrə dərsliklər və resurs çatışmazlığını təəssüflə qeyd etmişdir. Artıq Londonda da həftəsonu Azərbaycan məktəbinin fəaliyyətə başlamasını diqqətə çatdıran məktəbin həmtəsisçisi Murad Nağıyev, Fransada noyabrda ikinci analoji məktəbin açılmasını sevinc hissi ilə iştirakçların nəzərinə çatdıran Fransa – Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova bu tədbirlərin soydaşlarımızın ailələrində böyüyən uşaqların doğma dili mənimsəmələri üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.

   Digər çıxışlarda Qazaxıstan Respublikasının Aktau şəhərində fəaliyyət göstərən Azərbaycan Mərkəzi barədə məlumat verilmiş, Misirdə Azərbaycan dilinə yalnız gənclər və tələbələrin deyil, orta nəsil nümayəndələrinin də marağından, Niderlandda mütəmadi olaraq Azərbaycan ədiblərinin yaradıcılıq gecələrinin təşkilindən bəhs edilmiş, Bolqarıstanda Azərbaycan nağıllarının bolqar dilinə tərcüməsinin planlaşdırıldığı qeyd olunmuşdur. Müzakirədə Azərbaycan dilinin əcnəbi tələbələrə tədrisində yaranan çətinliklər, qiraət materialının çatışmazlığı ilə bağlı fikirlər səsləndirilmişdir.

   Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin vaxtilə dünya azərbaycanlılarına milli-mənəvi dəyərlərimizin, xüsusən də Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı müraciətlərinin əks olunduğu videoçarxlar nümayiş etdirilmişdir.