Media

“Dublyajların dili monitorinq aynasında” adlı tədbir

24.09.2024
“Dublyajların dili monitorinq aynasında” adlı tədbir

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Dublyajların dili monitorinq aynasında” adlı tədbir keçirilmişdir. Dublyaj filmlərinin növbəti monitorinq nəticələrinin təqdim edilməsi və bu sahədə mövcud problemlərin müzakirəsi məqsədilə təşkil olunmuş tədbirdə "Azərbaycan Televiziyası" QSC-nin Dublyaj redaksiyasının baş redaktoru İbrahim Qurbanov, Real Televiziyasının proqram departamentinin rəhbəri Kamran Qasımov, Azərbaycan Dram Teatrının aktyoru Xalq artisti Sabir Məmmədov, Sumqayıt Dram Teatrının aktyoru Əməkdar artist Cəlal Məmmədov, televiziya kanallarının dublyaja məsul nümayəndələri, tərcüməçilər və digər qonaqlar iştirak etmişlər.

   Mərkəzin direktoru professor Sevinc Əliyeva giriş nitqində tədbirin keçirilməsində başlıca məqsədin monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi, onları əmələ gətirən səbəblərin müəyyənləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunu vurğulamışdır. Professor Sevinc Əliyeva bildirmişdir ki, filmlər aid olduğu xalqın dil, bədii təfəkkür və yaradıcılığını əks etdirdiyindən dillər və mədəniyyətlər arasında fərqlər nəzərə alınmadıqda mətnin hərfi tərcüməsi özünü doğrultmur. Məhz bu səbəbdən tərcümə ilə məşğul olan şəxsin hər iki dili, xüsusən də dilin xüsusi qatını təşkil edən frazeoloji birləşmələri mükəmməl bilməsi, dillərin qrammatik quruluşuna dərindən bələd olması olduqca vacibdir. Bu sahədəki mövcud problemlərə də toxunan Sevinc Əliyeva mənbə dildəki mənanın təhrif edilməsi, səsləndirmə zamanı orfoepiya qaydalarına riayət olunmaması, bəzən məişət üslubuna yaxın ifadələrin işlədilməsi hallarını təəssüf hissi ilə qeyd etmişdir.

   Mərkəzin aparıcı mütəxəssisi Günel Hacıyeva monitorinqin nəticələrini təqdim edərək qeydә alınmış 1000 dil faktından 846-sının (246-sı orfoepik, 7-si orfoqrafik, 140-ı leksik, 82-si qrammatik norma pozuntusu, 370-i üslub vә ifadә sәhvi olmaqla) hesabata daxil edildiyini bildirmişdir. Monitorinq zamanı dublyaj filmlərində qeydə alınan norma pozuntuları faktlarını əyani şəkildə iştirakçılara təqdim edən G.Hacıyeva həmin nöqsanları geniş şərh edərək müvafiq izahını vermişdir.

   Müzakirələr zamanı qonaqlar dublyajla bağlı tələblər və tərcümə zamanı diqqət edilməsi vacib olan məqamlara aydınlıq gətirmişlər. Ümumi qəbul olunmuş milli mental dəyərlərin, yaş kateqoriyasının nəzərə alınmasının zərurilyi diqqətə çatdırılaraq mükəmməl işin ərsəyə gəlməsi üçün redaktor, rejissor və aktyor əməkdaşlığının vacibliyi də vurğulanmışdır. Dublyajların dil məsələsinə də toxunan qonaqlar frazeoloji birləşmələrin tərcüməsinin sinxron səslənmədə yaratdığı çətinliklərdən bəhs etmişlər.

   Aparılan müzakirələrin yekunu olaraq dublyajlarda ədəbi dil normalarının tətbiqində boşluqların aradan qaldırılması üçün praktik təkliflər irəli sürülməklə Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı tövsiyələr verilmişdir.