Dövlət dilinin işlənmə norma və qaydaları niyə pozulur?
Reklamlarda dövlət dilinin işlənməsini məhdudlaşdıran sahibkarlar buna görə məsuliyyət daşıyırlar
Azərbaycan dili - əcdadlarımızın əsrlər boyu yaşatdıqları və bizə miras qoyduqları son dərəcə gözəl, zəngin bir dildir. Bu dil xalqımızın milli kimliyini təsdiqləyir. Biz Vətənimizə, anamıza, övladlarımıza, digər yaxınlarımıza sevgimizi məhz bu dildə izhar edirik. Beşik başında ana dilində səslənən laylalar hər bir azərbaycanlının ömrünün sonunadək onunla qalacaq ruhunun, mənəvi dünyasının rüşeymlərini formalaşdırır. Tarix boyu dilimizə basqılar, təzyiqlər çox olub. Respublikamız ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin inkişafında yeni mərhələ başlayıb.
Bütün şərtlər təmin edilib, amma...
Hələ keçmiş sovet dönəmində məhdudiyyətlərə baxmayaraq, Azərbaycan dilinin respublikamızda dövlət dili kimi işlədilməsinə nail olan Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikamızın siyasi rəhbərliyinə qayıtdıqdan sonra da Öz ənənəsinə sadiq qaldı. Ulu Öndərin Özünün də dəfələrlə etiraf etdiyi kimi, O, Azərbaycan dilini çox sevirdi. Onun zamanında imzaladığı çoxsaylı sənədlər dilimizə diqqət və qayğının dövlət siyasəti səviyyəsinə yüksəlməsini təmin etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib.
Ümummilli Liderimizin əsasını qoyduğu dövlət dilinə dövlət qayğısı siyasəti son 18 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramları və digər sənədlər ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait?? yaradılmasını təmin edib. O cümlədən dövlət başçımız 1 noyabr 2018-ci il tarixində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” növbəti Fərman imzalayıb. Qeyd olunan sənəddə indiki çağırışlar fonunda Azərbaycan dilinin saflığının qorunmasını hədəfləyən bir sıra mühüm müddəalar yer alıb. Deyilənlərə əsasən vurğulaya bilərik ki, Azərbaycan dilinin bütün sahələrdə dövlət dili kimi işlənməsinə nail olmaq və onun saflığını qorumaq üçün bütün şərtlər təmin olunub.
Bəs norma və qaydalar niyə pozulur?
Təəssüf ki, hazırda bir sıra sahələrdə dövlət dilinin işlənmə norma və qaydaları kobud şəkildə pozulur, KİV-lərdə, internet resurslarında ehtiyac olmadığı halda əcnəbi sözlərdən istifadəyə yer verilir. Yeri gəlmişkən, dövlət başçısının 1 noyabr 2018-ci il tarixində imzaladığı Fərmanda da Azərbaycan dilinin saflığının qorunmasının və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsinin təmin edilməsi üçün kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması, Azərbaycan dilinin düzgün tətbiqi məsələlərinə xüsusi yer ayrılıb. Söhbətimiz paytaxtdakı reklam daşıyıcılarında Azərbaycan dilindən necə istifadə olunması, daha dəqiq desək, dövlət dilinin işlənmə norma və qaydalarının kobud şəkildə pozulması ilə bağlıdır. Yazı ilə əlaqədar araşdırmalar apararkən şəhərin ayrı-ayrı mərkəzi küçələrində olduq. Şahidi olduğumuz mənzərədən təəssüfləndik. Demək olar ki, əksər mağazaların, xidmət və iaşə obyektlərinin qarşısından asılan reklam lövhələrində Azərbaycan dilinin işlənməsinin məhdudlaşdırıldığının şahidi olduq. Reklamlarda dövlət dilinin işlənməsinə etinasız münasibətə yalnız şəhərin mərkəzi küçələrində deyil, ətraf ərazilərdə də rast gəlmək mümkündür. Mətnlər çox halda ingilis, qismən də rus dillərində tərtib edilib. Azərbaycan dilində olan reklamlar isə azlıq təşkil edir. Bilmək olmur, bura Bakıdır, yoxsa London, Moskva? Göz qamaşdıran reklamlara baxdıqca düşünürsən: Dövlət dilinin işlənmə norma və qaydaları niyə pozulur və yaxud bunun qarşısı niyə alınmır?
Laqeyd münasibətin təzahürü...
Sualımızı müxtəlif qurumların rəsmilərinə ünvanladıq, həmçinin ictimaiyyət nümayəndələrinin şəhərimizin reklam lövhələrindəki xaotik vəziyyətə münasibətlərini öyrəndik. “Yeni Azərbaycan”a danışan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirova bildirdi ki, istər kütləvi informasiya vasitələrində yerləşdirilmiş, istər şəhərimizin küçələrində asılmış plakatlarda, istərsə də mağazaların, iaşə obyektlərinin xidmət və fəaliyyət sahəsini bildirən lövhələrdə yer almış reklamlar istehsalçının məhsulunu bazara və müştəriyə tanıtmaqla biznes məqsədlərinə xidmət edir. Belə lövhələr hazırlanarkən onların dizaynına, cəlbediciliyinə üstünlük verildiyi halda, təəssüf ki, reklam mətnlərində Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsi məsələsinə lazımi diqqət yetirilmir. Reklamlardakı kobud dil qüsurları, mətnlərin natamam yazılması, əcnəbi dildə yazılma faktları, bəzən etik normalara sığmayan ifadələrin işlədilməsi ana dilimizə olan laqeyd münasibətin göstəricisidir. Gülarə Əmirova fikirlərini diqqətə çatdırarkən qanunlara istinad edərək vurğulayıb: “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanun”un 7.1-ci maddəsində qeyd edilir ki, reklamlarda əcnəbi dillərin tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Eləcə də “Reklam haqqında Qanun”un 4.7-ci maddəsində qeyd edilir ki, “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Amma özünün kifayət qədər auditoriyası ilə seçilən yol kənarlarındakı reklam lövhələrində, televiziya kanallarında nümayiş etdir?lən reklam çarxlarında, internet səhifələrindəki reklam mətnlərində dil normalarının bütün səviyyələrdə pozulduğunu görürük”.
Qloballaşma şəraitində milli kimliyimizi ifadə edən ana dilinin qorunmasına etinasız münasibət bəslənilməsindən təəssüfləndiyini bildirən qurum rəsmisi əlavə edib: “Bu, çox ciddi məsələdir. Dil normalarının pozulması “Dövlət dili haqqında” Qanunun pozulmasıdır və bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 8 may 2020-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa 533.1-ci maddə əlavə edilib. Həmin maddədə oxuyuruq: “Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir”.
Qeyri-peşəkar tərcümələr...
Qloballaşma şəraitində Azərbaycan dilinə xarici təsirlərin, ələlxüsus da ehtiyac olmadığı təqdirdə əcnəbi sözlərin işlədilməsinin qarşısının alınması, mətnlərdə dilimizin qrammatik qaydalarına əməl edilməsi də aktual məsələlərdəndir. Təqdim olunan reklamlar bu nöqteyi-nəzərdən də acınacaqlı haldadır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Reklamların dili Bakının paytaxt statusuna qətiyyən adekvat deyil. Acınacaqlı haldır ki, Azərbaycan dilində tərtib olunmuş reklamlarda ədəbi dilin normalarına, qrammatik qaydalara qətiyyən əməl olunmur. İş o yerə çatıb ki, biz şəhərdə, hətta müxtəlif dialektlərdə yazılan reklamlara da rast gəlirik. “Günümüzün reallığı ondan ibarətdir ki, Azərbaycan dilinin ahəng qanununa, dilimizin qrammatik qaydalarına uyğun gəlməyən sözlər, lüzumsuz kəlmələr ən çox reklamların dilində müşahdə olunur. Şəhərimizdə fəaliyyət göstərən bir sıra firmalara, özəl müəssisələrə, ofislərə, kafe və restoranlara çox zaman heç kəsin başa düşmədiyi və ya çətin anlaşılan adlar verilir, yaxud da bu obyektlər əcnəbi dildə adlandırılır. Sahibkarların öz müəssisələrini xarici dildə adlandırmaları bir növ dəb halını almışdır. Müəssisələrin adlarının xarici dildə olması guya təklif edilən xidmət və ya məhsulların üstün keyfiyyətli olmasına zəmanət verir. Bu problem televiziya kanallarında hər gün yayımlanan müxtəlif reklamların dili üçün də səciyyəvidir. Reklamlar o səviyyədə təqdim edilir ki, mətnlə görüntü arasında ciddi fərq olduğu dərhal nəzərə çarpır. İngilis, rus dillərindən və Türkiyə türkcəsindən ana dilimizə tərcümə edilən mətnlərdə kifayət qədər qüsurlar, kobud səhvlər olur. Əsasən də söz və ifadələrin dilimizə uğursuz tərcüməsi, leksik vahidlərin yerində işlədilməməsi xüsusi nəzərə çarpır”, - deyə Gülarə Əmirova bildirib.
Qurum rəsmisinin sözlərinə görə, Azərbaycan dili söz ehtiyatına, fikri ifadə etmək imkanlarına görə olduqca zəngindir. Ana dilində olan söz və ifadələrin əvəzinə qarşılığı olduğu halda alınmaların işlədilməsini heç cür məqbul saymaq mümkün deyil. Bu xüsusda fikirlərinə davam edən Gülarə Əmirova vurğulayıb: “Görünür, reklam şirkətlərində mətnlərin tərcüməsi və onların dilimizə uyğunlaşdırılması işi qeyri-peşəkarlar tərəfindən həyata keçirilir. Bu da nəticə etibarilə dilimizin saflığına xələl gətirir”.
Sahibkar məsuliyyətsizliyi...
“Bizim arzumuzdur ki, paytaxtımız milli simada olsun. Şəhərimizin milli siması onun reklam örtüyündə də görünməlidir. Mən dünyanın bir çox şəhərlərində olmuşam. Reklam lövhələrinin əcnəbi dillərdə tərtib edilməsinə başqa şəhərlərdə də rast gəlmək mümkündür. Necə deyərlər, Qərb Şərqə, Şərq də Qərbə meyillənir. Ancaq başqa şəhərlərdə bu meyillilik milli koloritə ziyan vuracaq dərəcədə çox deyil. Bakıda isə reklam lövhələrinin xarici dillərdə tərtib olunması hədsiz dərəcədə çoxalıb. Bunun bir əndazəsi, çərçivəsi olmalıdır. Burada Azərbaycan dilinin özü ilə bağlı hər hansı bir problem yoxdur - dilimiz möhtəşəm və zəngindir. Problem dəb amilindədir və bazar axtarışı da buna öz təsirini göstərə bilər”. Bu sözləri qəzetimizə eksklüziv açıqlama verən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov ifadə edib.
Nizami Cəfərovun qənaətinə görə, Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərin sahibləri milli təəssübkeşlik mövqeyindən çıxış etməlidirlər. Sahibkarlar da Azərbaycan dilinin daşıyıcısı olduqlarını unutmamalıdırlar, hər kəs dilimizin qorunmasına, işlənmə dairəsinin genişlənməsinə və zənginləşməsinə öz töhfəsini verməlidir. “Reklam bazarındakı xaotiklik müstəqilliyimizin ilk dövrləri üçün, bəlkə də, başadüşülən idi. Ancaq hazırda ölkəmizdə bütün sahələrdə qanunçuluq bərqərar olur, nizam-intizam yaradılır, reklam bazarında da ciddi qayda-qanun yaratmaq vaxtı çatıb. Burada söhbət yalnız reklamların əcnəbi dillərdə tərtibindən getmir. Təəssüf doğuran haldır ki, təqdim olunan reklamlarda dilimizin normaları, qrammatikası da ciddi şəkildə pozulur. Bütün bu kimi hallar aradan qaldırılmalıdır. Dilimiz gözəl olduğu kimi, ona münasibət də yüksək səviyyədə olmalıdır. Bizim gündəlik həyatımızda diqqət yetirmədiyimiz hər xırda nüans belə dilə bu və ya digər dərəcədə öz mənfi təsirini göstərir”, - deyə akademik vurğulayıb.
Nizami Cəfərov açıqlamasında xarici ölkələrin ayrı-ayrı şəhərlərində Azərbaycan dilində, milli üslubda reklamların yerləşdirilməsi məsələsinin aktuallığına da diqqət çəkib. Akademikin fikirlərənə görə, bu həm də ölkəmizin tanıdılmasına, xaricdə yaşayan soydaşlarımızın ana Vətənə bağlılıq hissinin güclənməsinə öz müsbət təsirini göstərə bilər.
Vəziyyəti necə düzəltməli?
Yuxarıda deyilənlər reklamlarda dövlət dilinin işlənməsinin məhdudlaşdırılması, dilimizin norma və qaydalarının davamlı şəkildə pozulması barədə konkret təsəvvür yaradır. Reklam bazarı bərbaddır. Bəs vəziyyəti necə düzəltməli? Bu sualla Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə müraciət etdik. Agentliyin mətbuat katibi Hüseyn Əzizov sorğumuza cavab olaraq Dövlət Reklam Agentliyi tərəfindən Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi istiqamətində son dövrlərdə bir çox tədbirlər həyata keçirildiyini bildirdi. Onun sözlərinə görə, təkcə 2021-ci ilin 9 ayı ərzində dövlət dil normalarının qorunması məqsədilə açıq məkanlarda 498 reklamın yayımı dayandırılıb və bu qəbildən olan işlər hazırda da davam etdirilir.
Dövlət Reklam Agentliyinin mətbuat katibinin sözlərinə görə, reallaşdırılan tədbirlərin məntiqi davamı olaraq açıq məkandakı reklamlarda dövlət dilinin qorunması məqsədilə birgə komissiya yaradılıb. ADRA-nın təşəbbüsü ilə yaradılan və Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarından ibarət komissiyanın iclasında dövlət dili ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsi, bu sahədə təxirəsalınmaz tədbirlərin icrası və qaldırılan məsələlərin yerində araşdırılması müzakirə edilib. “İclasda qeyd olunub ki, hazırda ADRA tərəfindən Bakıdakı binaların üzərindəki fasad reklamlarının standartlarının müəyyənləşdirilməsi istiqamətində operativ iş aparılır. Bu proses yekunlaşdıqdan sonra yeni standartlara uyğun reklamların hazırlanması zamanı dövlət dilindən düzgün istifadə məsələlərinə xüsusi diqqət yetiriləcək. Hazırda komissiyada təmsil olunan qurumlar tərəfindən açıq məkandakı reklamlarda Azərbaycan dilinin qorunması istiqamətində təkliflər hazırlanır. Gələcəkdə məsələ ilə bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi də istisna olunmur. İlkin mərhələdə komissiya reklamlarda Azərbaycan dilinin düzgün istifadəsi ilə bağlı müxtəlif platformalarda maarifləndirmə işlərinin aparılmasını qərara alıb”.
Deyilənlərdən hasil olan nəticə odur ki, aidiyyatı qurumlar tezliklə paytaxtın reklam lövhələrində dövlət dilinin qanunlarla müəyyən edilmiş norma və qaydalar çərçivəsində işlənməsini təmin edəcəklər. Təki belə olsun. Bizim istəyimiz Azərbaycanın dövlət dilini həmişə layiq olduğu uca zirvələrdə görməkdir.
Mübariz ABDULLAYEV