“Cəmiyyətin inkişafında qadın” mövzusunda elmi sessiya
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Cəmiyyətin inkişafında qadın” mövzusunda elmi sessiya keçirilmişdir. Sessiyada Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Mədəni irsimizin qorunmasında Mehriban Əliyevanın rolu” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban Əliyevanın milli-mədəni irsimizin beynəlxalq səviyyədə tanınmasındakı rolu, mədəniyyət, incəsənət, idman, multikulturalizm, xeyriyyəçilik sahəsində gördüyü fundamental işlər, o cümlədən muğam sənətinin dirçəldilməsinə verdiyi töhfələr barədə məlumat verən prof. Sevinc Əliyeva xalqımızın milli sərvəti olan mədəni irsimizin qorunmasında görülən əsaslı tədbirlərin ümumbəşəri məqsədlərə də xidmət etdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, dövlət siyasətinin mühüm istiqamətlərindən olan milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və beynəlxalq səviyyədə təbliği ilə bağlı həyata keçirilən uğurlu fəaliyyət dövlətin mədəniyyətimizə verdiyi yüksək dəyərin ifadəsi olmaqla Azərbaycan mədəniyyətinə dünya miqyasında tanınmaq baxımından geniş üfüqlər açmışdır. Nitqinə Mehriban xanım Əliyevanın mədəniyyətimizin həm milli, həm də bəşəri mahiyyət daşıması fikri ilə davam edən natiq milli irsimizə dünya xalqlarının böyük marağını onun ümumbəşəriliyinin təsdiqi, Azərbaycan xalqının maddi-mənəvi mədəniyyət abidələrinin UNESCO-nun dünyəvi irs siyahısına daxil edilməsini isə dünyada Azərbaycan mədəniyyətinin özünəməxsus yerinin bariz sübutu kimi səciyyələndirmişdir.