Layihələr

Beynəlxalq İpək yolu və Naxçıvan

23.11.2022
Beynəlxalq İpək yolu və Naxçıvan

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Mərkəzin direktor müavini dosent Gülarə Əmirova və baş mütəxəssis filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva “Naxçıvan” Universitetinin təşkil etdiyi “Beynəlxalq İpək yolu və Naxçıvan” adlı beynəlxalq elmi konfransda (22-23 noyabr) iştirak etmişlər. “Beynəlxalq münasibətlər və iqtisadiyyat”, “Tarix, arxeologiya və etnoqrafiya”, “Mədəniyyət və təhsil”, “Coğrafiya”, “Filologiya və folklorşünaslıq” panelləri üzrə keçirilmiş konfransda İpək yolunun tarixi inkişaf mərhələləri, iqtisadi aspektləri, müasir xarici ticarətdə və beynəlxalq münasibətlərdə əhəmiyyəti, dilimizə və mədəniyyətimizə təsiri, ölkəmizin etnomədəni həyatında rolu və digər mövzular müzakirə olunmuşdur. “Filologiya və folklorşünaslıq” üzrə paneldə prof. Sevinc Əliyeva “İpək yolu xalqları və dilləri qovuşduran amil kimi”, dos. Gülarə Əmirova “Orta əsr anadilli mənbələrdə arxaik sifətlər”, fil.ü.f.d. Mətanət Xudiyeva “Akademik Məmməd Cəfər Cəfərov romantizmin linqvopoetik xüsusiyyəti haqqında” elmi məruzələrlə çıxış etmişlər.