Layihələr
Beynəlxalq Ana Dili Günü
21.02.2022
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirmişdir. Tədbirdə Mərkəzin əməkdaşları, eləcə də Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin üzvü, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bu əlamətdar günün tarixindən və əhəmiyyətindən danışaraq bildirmişdir ki, dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu yüksəliş millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilin zənginliyinin sübutudur. Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsindən danışan professor ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sahədə müstəsna xidmətlərini xüsusilə vurğulamışdır. Xüsusən də ölkə başçısının 44 günlük Vətən müharibəsi dövründəki çıxışları, səlis və inandırıcı nitqi insanları qələbəyə kökləmiş, qalibiyyətə səsləmişdir. Natiq bildirmişdir ki, ölkə başçısının müvafiq Fərmanı ilə yaranmış AR Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi müxtəlif sahələrdə Azərbaycan dilinin düzgün tətbiqinə nəzarət edir və dilimizin beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində fəaliyyət göstərir.
Tədbirdə “Beynəlxalq Ana Dili Günü və Azərbaycan multikulturalizmi” adlı məruzə ilə çıxış edən Mərkəzin direktor müavini dosent Gülarə Əmirova bildirmişdir ki, ana dili xalqın varlığının, mənsub olduğu dövlətin müstəqilliyinin, siyasi mövcudluğunun göstəricisi kimi bir çox ölkələrdə problem olaraq qalmaqdadır. Bu baxımdan etnomədəni rəngarəngliyi ilə seçilən Azərbaycan tarixən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan Respublikasının ərazisində azsaylı xalq və etnik qrupların azad yaşaması və sərbəst inkişafı üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, ümumtəhsil məktəblərində onların dillərinin tədrisi ilə bağlı bir sıra əməli tədbirlər həyata keçirilmişdir. Respublikada yaşayan milli azlıqların dillərində məktəblər açılır, qəzet, dərslik və metodiki vəsaitlər hazırlanıb nəşr edilir. Ölkəmizin ümumtəhsil məktəblərində Azərbaycan dili ilə yanaşı, rus və gürcü dillərində də təlimin aparıldığını qeyd edən G.Əmirova azsaylı xalqların və etnik qrupların nümayəndələrinin, demək olar ki, hamısının Azərbaycanın dövlət dilini bildiyini, bu dildən etniklərarası ünsiyyət vasitəsi kimi də istifadə etdiyini qeyd etmişdir.
Samir Novruzov vətənə sevginin doğma dilə olan sevgidən başladığını söyləyərək Amerikada Azərbaycan dili və ədəbiyyatının tədrisi istiqamətində nəzərdə tutulan işlərdən danışmış, Azərbaycan dilinin tədrisinin coğrafiyasını beynəlxalq aləmdə genişləndirmək üçün xaricdə fəaliyyət göstərən universitetlər, Azərbaycan dərnəkləri ilə sıx əməkdaşlığın zəruriliyini qeyd etmişdir.
Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov bu əlamətdar günün əhəmiyyətindən danışaraq bildirmişdir ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi isə hamımız üçün qürurverici haldır. Natiq onu da əlavə etmişdir ki, Azərbaycan dili zənginliyi, gözəlliyi ilə seçilməklə yanaşı, həm də humanist dildir. Azərbaycan dili digər dilləri sıradan çıxarmır, hətta onların inkişafına və zənginləşməsinə təkan verir.
Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Vəfa İsmayılova ölkə xaricində yaşayan soydaşlarımızın üzərinə Azərbaycanın dəyərlərini tanıtmaq kimi mühüm bir missiyanın düşdüyünü bildirmişdir. O qeyd etmişdir ki, ana dili hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Beynəlxalq Ana Dili Günü hər kəsi bu amal ətrafında birləşməyə səsləyir. Natiq onu da əlavə etmişdir ki, dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, milli-mənəvi sərvətimiz olan dilimizin qorunması və təbliğ edilməsi hər birimizin mühüm vətəndaşlıq borcudur.