Layihələr

“Bəkir Çobanzadə və müasir türk dünyası”

22.05.2023
“Bəkir Çobanzadə və müasir türk dünyası”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarının təşkilatçılığı ilə görkəmli türkoloq-alim, ictimai-siyasi xadim professor Bəkir Çobanzadənin 130 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və müasir türk dünyası” adlı tələbə elmi konfransı keçirilmişdir. Tədbiri giriş nitqləri ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev və SABAH Mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova Bəkir Çobanzadənin həyatı və yaradıcılığı haqqında fikirlərini bölüşərək, böyük alimin irsinə həsr olunmuş tələbə elmi konfransının təşkilini yüksək qiymətləndirmişlər. Plenar iclasda çıxış edən prof. Sevinc Əliyeva böyük mütəfəkkirin türkologiya, eləcə də Azərbaycan dilçiliyi üçün mühüm əhəmiyyətə malik zəngin və çoxşaxəli fəaliyyətindən bəhs etməklə türk xalqlarının dili, tarixi və mədəniyyətinin tədqiqi sahəsinə verdiyi töhfələrdən, türkoloji düşüncənin inkişafında xüsusi rolundan danışmışdır. Prof. Sevinc Əliyeva dilin lüğət tərkibinin araşdırılması, türk dillərinin ortaq köklərinin tədqiq edilməsində B.Çobanzadənin “İbn Mühənna və onun lüğəti” əsərini son dərəcə qiymətli mənbə hesab etməklə müəllifin "Xətainin dili və ədəbi yaradıcılığı haqqında" elmi monoqrafiyasına da toxunmuşdur.

S.Əliyeva Orxan Şaiq Gökyayın 1938-ci ildə İstanbulda nəşr olunmuş "Dədə Qorqud" kitabına istinadən B.Çobanzadənin Leninqrad Şərqşünaslıq İnstitutunun əlyazmaları arasından “Kitabi-Dədə Qorqud” dastanının elmə məlum olmayan 13-cü boyunu aşkar etdiyini, lakin 1937-ci ildə repressiyaya məruz qalan alimlə birlikdə onun elmi irsinin, o cümlədən həmin əlyazmanın da məhv olduğunu təəssüflə qeyd etmişdir.

Digər qonaqlar İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının şöbə müdiri dosent Dürdanə Rəhimzadə, ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyaları kafedrasının professoru Yaqub Babayev, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfov, ADPU-nun SABAH Mərkəzinin müəllimi Pərvin Eyvazov və Anar Fərəcov görkəmli alim Bəkir Çobanzadənin dilçilik görüşləri, ana dili uğrunda mübarizəsi, ədəbi-bədii fəaliyyəti barədə məlumat vermiş, türkçülük ideologiyasının aktual problemlərindən bəhs etmişlər.

“Bəkir Çobanzadənin həyatı və yaradcılığı”, “Heydər Əliyev və müasir türk dünyası”, “Türk filologiyası məsələləri”, “Türk xalqlarının tarixi və mədəniyyəti” və digər elmi bölmələr üzrə davam edən konfransa 5 ali təhsil müəssisəsindən 78 tezis qəbul edilmişdir.