"AzTV və İTV də daxil telekanallarımızın monitorinqinin nəticələrini təqdim edəcəyik..."
"Təəssüf ki, aparıcıların nitqi ilə bağlı tənqidlərimizdən sonra radiolarda maarifləndirici verilişlərin sayı azaldı..."
“Telekanalların dil monitorinqini başa çatdırmışıq. Bu haqda hesabatı nəşrə verimişik. İnşallah, yanvarın sonunda televiziyalar haqda hesabatı təqdim edə bilərik. Paralel olaraq radio-kanalların da monitorinqi yekunlaşıb və hesabatın emalı başa çatıb. Yəqin ki, telekanalların ardınca, təxminən fevralın sonunda radioların da monitorinqinin hesabatının təqdimatını keçirəcəyik. Ardınca isə reklamların monitorinqi başlanmalıdır. Artıq Reklam Agentliyi ilə müqavilə bağlamışıq”.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva bu məlumatı Moderator.az-a açıqlamasında rəhbəri olduğu Mərkəzin 2021-ci ildə gördüyü işlər barədə danışarkən çatdırıb.
“Onu da əlavə edim ki, AzTV və İctimai televiziya da daxil olmaqla bütün telekanallar monitorinqə cəlb olunub. “Lider” televiziyası fəaliyyət göstərənədək onun da monitotrinqini aparmışıq. Hesabatımızda bu kanalın da dil monitorinqinin hesabatı yer alıb. Monitorinqdə aparıcıların ad-soyadları çəkilmir, yalnız verilişlərin adı və vaxtı göstərilir. Təbii ki, verilişin adı və vaxtı göstəriləndə kanal rəhbərliyi və aparıcılar özləri kimdən söhbət getdiyini bilir”- açıqlamasının ardında bunları söyləyən Mərkəz rəhbəri radio kanallarının monitorinqi haqda da danışıb.
“Radiolarda vəziyyət heç də yaxşı deyil. Təəssüf ki, bizim aparıcıların nitqi ilə bağlı tənqidlərimizdən sonra radio kanallarında səsli çıxışların, maarifləndirici verilişlərin sayı azaldı və musiqilərə, mahnılara üstünlük verildi. Yəqin ki, özlərinə arxayın deyillər. Halbuki, radio rəhbərləri də bu haqda ölçülərini götürməliydilər. Amma təbii ki, radiolarla bağlı hesabatımızda biz sözümüzü deyəcəyik. Onların nəzərinə çatdıracağıq ki, musiqili verilişlərin sayını artırmaq çıxış yolu deyil” –deyə Sevinc Əliyeva bildirib.
Mərkəz direktoru beynəlxalq sahədə fəaliyyətlərindən də bəhs edib.
“2021-ci ildən eyni zamanda beynəlxalq fəaliyyətimiz də güclənib. Sanki özümüz də bilmədən bu prosesə qoşulduq. Xüsusən ötən ilin oktyabr ayındakı Misir səfərimizdən sonra bəlli oldu ki, Azərbaycan dilinin beynəlxalq əhəmiyyətinin genişlənməsi ilə bağlı bizim qurumun verə biləcəyi töhfə əvəzolunmazdır. Araşdırmalarımız zamanı Azərbaycan dilinin xaricdə tədrisi məsələsində kifayət qədər problemlər üzə çıxdı. Bu haqda bir sıra ölkələrlə bağlı qeydlərimizi aparır və əlimzdən gələn müvafiq tədbirlər görməyə çalışırıq.
Dekabrın 28-də Mərkəzimizin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dilimizə sevgi ilə yola çıxdıq” adlı beynəlxalq onlayn tədbir keçirdik. Tədbirə Türkiyə, ABŞ, Kanada, İsveçrə, Norveç, Rusiya və s. ölkələrdən nümayəndələr qatılmışdılar. Demək olar ki, hər yerdə Azərbaycan dili dərslikləri ilə bağlı ciddi problemlər var. Dərsliklərdə təqdim olunan mətnlər xeyli ağırdır. Odur ki, Azərbaycan dilində öyrənmək istəyən əcnəbilər də böyük əngəllərlə üzləşirlər. Bunları nəzərə alaraq bizim “Asan Radio”dakı “Nitq mədəniyyəti” adlı verilişimizdə səsləndirilən qiraət hekayələrindən ibarət audio-disklər hazırlamışıq. Misir səfərimizdə də onlardan aparmışdıq. Növbəti səfərlərimizdə də soydaşlarımıza belə disklərin çatdırılması nəzərdə tutulub. Eyni zamanda xaricdəki azərbaycanlı ailələlərdə böyüyən uşaqlarımızın nağıllarımızı mükəmməl, doğru tələffüzlə dinləməsi üçün əməkdaşımızın ifasında nağılların qiraətinin də audio-disklərini sifariş etmişik. Buraya ana dilimizdə 5 Azərbaycan nağılının və xarici xalq nağıllarından 5-nin tərcüməsinin qiraəti daxildir.
Artıq Azərbaycan dili dərsliklərinin tərtibatıyla bağlı müzakirələrə başlayacağıq. Yəqin ki, dərsliklər səviyyələr üzrə, yəni xaricdəki azərbaycanlılar və əcnəbilər üçün hazırlanacaq. Onu deyim ki, Çində bu işlər üzrə vəziyyət qənaətbəxşdir. Orada Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bu sahədə böyük işlər görür. Misirdə də vəziyyət yaxşıdır. Orada da diaspor sədrimiz Teymur Nəsirovun rəhbərliyi altında təqdirəkayiq işlər aparılır...
Biz xaricdə dilimizə olan bu sevgini gördükcə bir daha əmin oluruq ki, həqiqətən dilimiz çox mükəmməl və zəngindir. Odur ki, bir Azərbaycan vətəndaşı, həmçinin televiziya və radio aparıcısı, eləcə də qəzet və sayt yazarları olaraq bizim ən azı bu dildə qeyri-səlis, səhv danışmaq və deyilən tənqidlərdən nəticə çıxarmamaq və leksikonumuzu daha da zənginləşdirmək üçün tənbəllik etmək haqqımız yoxdur”- deyə dilçi professor vurğulayıb.