“AZLİNG-2023 − Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans
Neftçala rayon Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, neftçalalı alimlərin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “AZLİNG-2023 − Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.
Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, direktor müavini dosent Gülarə Əmirova, baş mütəxəssis fil.ü.f.d Mətanət Xudiyeva iştirak etmişlər.
Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə başlanan forumda çıxış edən prof. Sevinc Əliyeva ümummilli lider Heydər Əliyevin dil siyasətindən və Azərbaycan dilinə misilsiz xidmətlərindən, həmçinin dilimizin saflığının qorunması istiqamətində Monitorinq Mərkəzinin fəaliyyətindən bəhs etmiş, verilən sualları cavablandırmışdır.
Dos. Gülarə Əmirova moderatoru olduğu “Müasir Azərbaycan ədəbi dili məsələləri” mövzulu paneldə “Açıq məkan reklamlarında Azərbaycan dilinin düzgün tətbiq məsələləri”, Mətanət Xudiyeva isə “Heydər Əliyev və dil siyasəti” mövzulu paneldə “Ümummilli lider Heydər Əliyevin dil siyasəti” adlı məruzələrlə çıxış etmişlər.