Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqlı ilə görüş
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Almaniyada işgüzar səfəri çərçivəsində Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqlı ilə görüşmüşdür. Görüşdə Azərbaycan mədəniyyətinin təbliği və bu mədəniyyətin tərkib hissəsi olan Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi məsələsinin aktuallığı qeyd edilməklə Azərbaycan dilinin tədrisi və tətbiqi vəziyyəti məsələləri müzakirə edilmiş, həftəsonu məktəblərinin yaradılması və Azərbaycan dilinin tədrisinə başlanılmasının zəruriliyi vurğulanmışdır. Professor S.Əliyeva tədbirdə iştirak edən diaspor nümayəndələrinin suallarını cavablandırmış, onlara Azərbaycan dilinə dair tədris vəsaitləri, Azərbaycan və dünya xalqlarının müxtəlif nağılları və hekayələrinin, Azərbaycan yazıçı və şairlərinin yaradıcılığından seçilmiş nümunələrin səsləndirildiyi müxtəlif diskləri təqdim etmişdir. Görüşdə, həmçinin yaxın vaxtlarda Azərbaycan şifahi ədəbi dilinin tələffüz qaydalarına uyğun bədii qiraət nümunələrinin hazırlanması istiqamətində Belçikada həmyerlimizin təsis etdiyi studiya ilə əməkdaşlığa dair razılıq əldə olunmuşdur.