“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin tələbələri arasında elan olunan “Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin kollektivi, müsabiqənin qalibləri – Nomozov Lazizbek, Boriboyeva Rano, Sultanova Feruza iştirak etmişlər. Tədbirə eyni zamanda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru fil.ü.f.d Kərimulla Məmmədzadə və müsabiqədə ilk onluğa düşən digər iştirakçılar videoformatda qoşulmuşlar.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva “Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin keçirilməsində başlıca məqsədin Azərbaycan – özbək xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi, həmçinin Azərbaycan dili və ədəbiyyatının beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi işinə töhfə vermək olduğunu bildirmişdir.
Özbəkistan və Azərbaycanın elm, təhsil, mədəniyyət və digər sahələrdəki əlaqələrindən bəhs edən Kərimulla Məmmədzadə keçirilmiş müsabiqənin əhəmiyyətini qeyd etməklə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin, birgə elmi tədqiqatların aparılmasının, layihələrin və təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova təşkil olunmuş müsabiqənin türk dünyasında mədəni əlaqələrin inkişafına, həmçinin Azərbaycan – Özbəkistan birliyinə töhfə olduğunu qeyd etmişdir.
“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsində ilk üç yerin qalibləri ‒ Nomozov Lazizbek, Boriboyeva Rano, Sultanova Feruzaya Fəxri fərman və hədiyyələr təqdim edilmiş, onluğa düşən digər iştirakçılar da təşəkkürnamələrlə təltif olunmuşdur.
Müsabiqənin qalibləri Nomozov Lazizbekin ifasında Xalq şairi Ramiz Rövşənin “Qocalıram” şeiri, Boriboyeva Ranonun ifasında Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri, Sultanova Feruzanın ifasında Xalq şairi Vahid Əzizin “Ümidlə” şeiri böyük maraqla qarşılanmışdır.