Layihələr

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı eyni vaxtda üç beynəlxalq elmi konfransa ev sahibliyi etmişdir.

21.07.2023
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı eyni vaxtda üç beynəlxalq elmi konfransa ev sahibliyi etmişdir.

AMEA Folklor İnstitutunun, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, ADPU-nun Quba filialının və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Avrasiya afşarları”, “Beynəlxalq Avrasiya elmi tədqiqat və innovasiyalar” və “VI Beynəlxalq Dədə Qorqud türk mədəniyyəti, tarix və ədəbiyyat” beynəlxalq elmi konfranslarda Azərbaycanla yanaşı, dörd xarici ölkədən 90-a yaxın nümayəndə təmsil olunmuşdur. Konfransın elm komitəsinə sədrlik edən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru prof. Sevinc Əliyeva plenar iclasda “Kitabi-Dədə Qorqud Azərbaycan xalqının möhtəşəm abidəsidir” adlı məruzə ilə çıxış edərək dünya eposçuluq ənənəsi, qədim eposların arasında özünəməxsus yer tutan abidənin ideya-məzmunu, türk xalqlarının tarixi, ədəbiyyatı və dövlətçilik ənənələrinin öyrənilməsində, xüsusilə dilimizin qədim qatlarının tədqiqində dastanın rolu  və s. mövzulara toxunmuş, çıxış zamanı “Kitabi-Dədə Qorqud” dastanından bir fraqmentin yer aldığı, eləcə də Dədə Qorqud boylarına həsr edilən şeir səsləndirilən videoçarx nümayiş olunmuşdur. Ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarına məhz Dədə Qorqud dili və ifadələri ilə müraciəti konfrans iştirakçıları tərəfindən xüsusi maraq və ehtiramla qarşılanmışdır.

Plenar iclasdan sonra işini 11 fərqli panel üzrə davam etdirən konfransda türk xalqlarının şifahi və yazılı ədəbiyyatının ən gözəl nümunəsi olan “Kitabi-Dədə Qorqud” dastanında oğuz-qıpçaq münasibətləri, dastanda türk qadını obrazı və abidənin tədrisinin tərbiyəvi əhəmiyyəti, Koreya və Azərbaycan folklorunda oxşar xüsusiyyətlər və s.mövzuları əhatə edən 78 məruzə dinlənilmişdir. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi fil.ü.f.d.Mətanət Xudiyeva “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin ümumi mənzərəsi”, Mərkəzin mütəxəssisi Gülnar İsmayılova “Yunus Əmrə və Qazi Bürhanəddin divanlarında söz yaradıcılığı” adlı məruzələrlə çıxış etmişlər.