Media

Azərbaycan dilinin yeni orfoepiya normalarının mübahisəli bəndləri ilə bağlı müzakirə

22.11.2022
Azərbaycan dilinin yeni orfoepiya normalarının mübahisəli bəndləri ilə bağlı müzakirə

AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı müzakirə keçirilmişdir. Tədbirdə İnstitutun alimləri ilə yanaşı, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin mütəxəssisləri, Bakı Dövlət Universitetinin professorları və media nümayəndələri iştirak etmişlər. Müzakirədə bildirilmişdir ki, tələffüz ədəbi dilin danışıq normaları kimi özünü büruzə verməli, elmi əsaslar və sözlərin ümumişləklik dərəcəsinə görə müəyyən olunmalı, eyni zamanda dil daşıyıcıları ilə dil arasında təzad yaratmamalıdır. Orfoepiya qaydaları təsbit olunarkən hecaların strukturu, morfemlərin sərhədləri, fonetik və fonoloji   prinsiplər  və s. nəzərə alınmalıdır. Bəzi analoji sözlərin, xüsusilə də alınmaların  tələffüzündə vahid prinsipin olmaması da diqqətə çatdırılmışdır. Tədbir  “Azərbaycan dilinin Orfoepiya normaları”nın 2.7-ci bəndində qeyd olunmuş “ov, öv”  hərf birləşmələri, 2.5.3-cü bəndində öz əksini tapmış   “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə” yanaşı saitlərinin işləndiyi sözlərin tələffüz qaydaları və digər bəndlərin  müzakirəsi ilə davam etmişdir. Monitorinq Mərkəzinin şöbə müdiri dosent Şahlar Məmmədov “Azərbaycan dilinin Orfoepiya normaları”nın  1.3-cü  bəndini təqdir edərək bildirmişdir ki, danışıqda ədəbi dil normaları sabitləşdikcə tələffüzlə yazı qaydaları arasındakı fərq azalır. Müzakirələrdə yaxından iştirak edən dos. Ş.Məmmədov “Azərbaycan dilinin Orfoepiya normaları”nın 4.4-cü bəndindəki fikrin 4.10-da təkrar olunmasını diqqətə çatdıraraq onların bir bənddə verilməsini təklif etmişdir. Bununla yanaşı,  4.1-ci bəndində üçüncü şəxsin təkini bildirən -dır4 şəkilçisinin tələffüzünün normanın  nümunələrində  tam əhatə olunmamasını, 2.5.1-ci bəndində “ai, ia, iə, əi və io”  saitlərinin yanaşı  işləndiyi  alınma sözlərin tələffüzü zamanı [y] səsinin artırılması və 2.5.3-cü bəndində “ae,ea, eə,əa,eo,üa,üə,au,ua,ue,uə” yanaşı saitlərinin işləndiyi sözlərin yazıldığı kimi tələffüz edilməsi qeyd olunduğu halda bu bəndlərdə “aü, ui, iu” sait birləşmələrinin tələffüzünə aydınlıq gətirilmədiyini nəzərə çatdırmışdır. Səsləndirilən təkliflərin sırasında “aclıq, güclü, poçt, vicdan” kimi sözlərin, eləcə də  “a, ə” saitləri ilə bitən çoxhecalı sözlərə  “y” bitişdirici samiti ilə başlanan şəkilçi əlavə olunduqda tələffüzdə çoxvariantlılığın aradan qaldırılması üçün  normalara  ayrıca bəndlərin əlavə olunması da  yer almışdır.