Media

“Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ilə bağlı tədbir

16.12.2022
“Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ilə bağlı tədbir

Ölkə başçısının “Azərbaycan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 09.04.2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Prezident İlham Əliyev və dövlətin dil siyasəti” və “Azərbaycan dili milli varlığımız, mənəvi sərvətimizdir” mövzularında tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş vətən oğullarının  əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi
filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Paşayeva iştirak etmişlər. “Prezident İlham Əliyev  və dövlətin dil siyasəti” adlı məruzəsində prof. Sevinc  Əliyeva  dili  xalqın milli sərvəti,  onun dövlət dili statusuna yüksəlməsini isə milli dövlətçilik tarixinin qızıl səhifəsi kimi  dəyərləndirmişdir.  Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsindən danışan S.Əliyeva ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sahədə müstəsna xidmətlərini xüsusi vurğulamışdır. Xüsusən də Ali Baş Komandanın  44 günlük Vətən müharibəsi dövründəki çıxışları, Azərbaycan dilində səlis və rabitəli nitqi insanları qələbəyə kökləmiş, qalibiyyətə səsləmişdir. Natiq bildirmişdir ki, ölkə başçısının müvafiq Fərmanı ilə yaranmış AR Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi müxtəlif sahələrdə Azərbaycan dilinin düzgün tətbiqinə nəzarət etməklə yanaşı, dilimizin beynəlxalq aləmdə nüfuzunun genişlənməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

 Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan dili haqqında çıxışlarından ibarət videoçarxlar təqdim olunmuşdur.