“Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfrans
“Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfrans
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfrans keçirilmişdir. AMEA-nın müvafiq elmi müəssisələrinin, bir sıra dövlət qurumlarının nümayəndələrinin, həmçinin dilçi alimlər və yazıçıların iştirak etdiyi konfransda Azərbaycan dilinin milli korpusunun yaradılması, onun dünya dillərinin milli korpusları sistemində yerləşdirilməsi, milli terminoloji informasiya sisteminin formalaşmasının arxitektur-texnoloji prinsipləri, linqvistik verilənlər bazasının quruluş xüsusiyyətləri, Azərbaycan dilində nitq texnologiyalarının tətbiqi və digər aktual mövzular müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova “Mobil tətbiq proqramları və Azərbaycan dili” adlı elmi məruzə ilə çıxış etmişdir. Məruzədə ölkəmizin sosial-iqtisadi həyatında informasiya-kommunikasiya texnologiyalarının rolundan bəhs edən G.Əmirova informasiya cəmiyyətinin formalaşması, rabitə və İKT sektorunun sürətli inkişafı istiqamətində hüquqi-normativ bazanın təkmilləşdirilməsi məqsədilə bir sıra sərəncam və fərmanların imzalanmasını, dövlət proqramlarının, milli strategiyaların və yol xəritələrinin qəbul edilməsini dövlətin bu sahəyə göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirmişdir. Çıxışda gündəlik həyat tərzinin əsas elementlərindən birinə çevrilən İKT-nin nailiyyətlərindən ölkə əhalisinin 80%-dən çoxunun istifadə etməsi vurğulanmaqla rəqəmsal dünyanın ayrılmaz hissəsi olan mobil tətbiqlərin dizaynına, funksionallığına, istifadəçi interfeysinin cəlbediciliyinə üstünlük verildiyi halda Azərbaycan dilinin normalarına lazımi diqqət yetirilmədiyi təəssüflə qeyd olunmuşdur. Mobil tətbiq mətnlərində yol verilən qüsurlara toxunan natiq bildirmişdir ki, bəzən cümlələrin natamam yazılması, qarşılığı olduğu halda alınma sözlərin işlədilməsi ana dilimizə olan laqeyd münasibətin göstəricisidir.