Layihələr
"Azərbaycan dili və mədəniyyətimiz” layihəsi çərçivəsində Xalq artisti Eldar Mansurovla görüş
06.07.2022
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Azərbaycan dili və mədəniyyətimiz” layihəsi çərçivəsində peşəkar bəstəkarlıq məktəbinin nümayəndəsi Xalq artisti Eldar Mansurovla görüş keçirilmişdir. Tədbirdə mahnı janrında dilimizin saflığının qorunması, düzgün tətbiqi və digər məsələlər müzakirə edilmişdir. Musiqi sənətində, xüsusilə mahnılarımızda melodiya müxtəlifliyi, təsirli musiqi effektlərinin yaradılmasının vacibliyini vurğulayan Mərkəzin direktoru professor S.Əliyeva ana dilinin məhz bu janrda qorunması məsələsinə xüsusi diqqət çəkmişdir. Bildirilmişdir ki, ifaçılar dilinin ədəbi dil normalarına riayət etməklə, yazarlar bədii-poetik musiqi mətnləri yazmaqla, bəstəkarlar isə zövqlü musiqilər bəstələməklə bu işə xidmət göstərə bilərlər.
Mahnı mətni ilə poetik şeirin fərqləndirilməsinin mühüm faktor olduğunu qeyd edən Eldar Mansurov sözlərin aydın tələffüzünün, melodiyanın dolgunluğunun, söz və musiqi vəhdətinin qorunmasının zəruriliyini xüsusi vurğulamışdır. Son zamanlar təsadüfi şəxslərin müəyyən kütləyə hesablanmış mahnılar bəstələməsi, mətn yazarlarının Azərbaycan dilini mükəmməl bilməməsi səbəbilə şeirlərdə bölgünün nizamsızlığı, həmçinin əcnəbi mahnıları dilimizə tərcümə etmək cəhdləri bayağı mahnıların meydana çıxması ilə nəticələnir.
Müzakirələrdə ifaçılıq sənətində mövcud problemlərin aradan qaldırılması üçün qarşılıqlı əməkdaşlığın zəruriliyi qeyd olunmaqla gələcəkdə keçiriləcək təlimlərə peşəkar bəstəkar və söz yazarlarının da cəlb olunacağı vurğulanmışdır.