“Azərbaycan dili və mədəniyyətimiz” layihəsi çərçivəsində Əməkdar incəsənət xadimi Məlahət Abbasova və Əməkdar artist Aybəniz Haşımova ilə görüş
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Azərbaycan dili və mədəniyyətimiz” layihəsi çərçivəsində Türkiyə Respublikasında yaşayan soydaşımız İstanbul Şəhər Teatrlarının direktor müavini Əməkdar incəsənət xadimi Məlahət Abbasova və Əməkdar artist Aybəniz Haşımova ilə görüş keçirilmişdir. Görüşdə milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olan mədəniyyət sahəsində Azərbaycan dilinin saflığının qorunması, doğma dilimizin və mədəniyyətimizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və təbliği, eləcə də dublyaj sahəsindəki nöqsanlarla bağlı fikir mübadiləsi aparılmışdır. Professor Sevinc Əliyeva bildirmişdir ki, Mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan dilinin düzgün tətbiqi və təbliği məqsədilə ardıcıl tədbirlər keçirmişdir. Natiq mədəniyyət sahəsində də dilin saflığının qorunmasını Mərkəz üçün prioritet məsələ kimi dəyərləndirərək qurumun Mədəniyyət və Azərbaycan dili şöbəsinin bu işə mühüm töhfələr verəcəyini diqqətə çatdırmışdır. Peşəkar fəaliyyətində Azərbaycan ‒ Türkiyə mədəni əlaqələrinin inkişafına geniş yer verməklə vətənpərvərliyi ilə hər zaman ön sıralarda olan Məlahət Abbasova milli-mənəvi dəyərlərimizin təbliğinə dair gördüyü işlər barədə ətraflı məlumat vermişdir. Azərbaycan dilinin saflığının qorunmasında sənət nümayəndələrinin üzərinə düşən öhdəliklərdən bəhs edən professor S.Əliyeva ana dilimizin ölkə hüdudlarından kənarda nüfuzunu artırmağın başlıca vəzifə olduğunu söyləyərək Məlahət Abbasova və Aybəniz Haşımovanın bu istiqamətdə fəaliyyətlərini yüksək qiymətləndirmişdir.
Filmlər və serialların dublyajında ədəbi dilin tətbiqi səviyyəsi də müzakirə edilmiş, aparılan monitorinq zamanı bu sahədə ciddi nöqsanların aşkar edildiyi diqqətə çatdırılmışdır. Mərkəzin mədəniyyət və Azərbaycan dili ilə bağlı işlərinə uğurla rəhbərlik edən baş mütəxəssis Aygün Qurbanova görüşün Türkiyə ‒ Azərbaycan dostluğu, musiqi və mədəniyyətimizin inkişafı, eləcə də serialların dublyajında dilin düzgün tətbiqi ilə bağlı vacib məqamların öyrənilməsi üçün faydalı olacağını vurğulamışdır. O, həmçinin bildirmişdir ki, Məlahət xanımın timsalında keçirilən bu kimi görüşlər və Monitorinq Mərkəzinin incəsənət xadimləri ilə əməkdaşlığı mədəniyyətimizlə yanaşı, Azərbaycan dilinin təbliğində də böyük rol oynayacaqdır. Müzakirələrin yekunu olaraq bu sahədə görüləcək işlərin uğurlu inkişafı və təbliği naminə əməkdaşlığın zəruriliyi vurğulanaraq konkret təkliflər səsləndirilmişdir.