Media

“Azərbaycan dili müzəffər ordumuzun dilidir” adlı esse müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir

16.06.2023
“Azərbaycan dili müzəffər ordumuzun dilidir” adlı esse müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir

   “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ixtisaslaşdırılmış hərbi ali təhsil müəssisələrinin tələbələri arasında elan etdiyi “Azərbaycan dili müzəffər ordumuzun dilidir” adlı esse müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin kollektivi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşı fil.ü.f.d, dosent Kəminə Məmmədova, Polis Akademiyasının fil.ü.f.d, dosent Fərqanə Əliyeva, Heydər Əliyev adına Hərbi İnstitutun nümayəndəsi, münsiflər heyətinin üzvləri və yazıları fərqləndirilən kursantlar iştirak etmişlər.

   Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva ixtisaslaşdırılmış hərbi ali təhsil müəssisələrinin kursantları arasında esse müsabiqəsinin keçirilməsində başlıca məqsədin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin dərindən öyrənilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günə tarix yazan, dünyanın inkişaf etmiş silahlı qüvvələri arasında özünə layiqli yer tutan müzəffər ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsi, yeni nəslin vətənpərvərlik ruhunda formalaşmasına, eləcə də gələcək zabitlərimizdə yazı və şifahi nitq vərdişlərinin düzgün inkişafı işinə töhfə vermək olduğunu bildirmişdir.

   Münsiflər heyətinin üzvü, Bakı Dövlət Universitetinin kiçik elmi işçisi Pərvin Eyvazov müsabiqəyə göndərilən yazıların yoxlanma prinsipləri və qaliblərin seçilmə meyarları barədə ətraflı məlumat verməklə təqdim olunmuş 20 essenin maksimum 10 ballıq sistemlə qiymətləndirildiyini və 10 yazının müəllifinin qalib kimi seçildiyini nəzərə çatdırmışdır. Münsif, eləcə də esselərdə kursantların mövzunu təhliletmə bacarığını, məzmunun dolğunluğu və məntiqi ardıcıllığın gözlənilməsi kimi amilləri yüksək qiymətləndirməklə yanaşı, yazılarda orfoqrafik, qrammatik, üslub səhvlərinə rast gəlindiyini və punktuasiya qaydalarına riayət olunmadığını da qeyd etmişdir.

   Münsiflər heyətinin üzvü, Bakı Mühəndislik Universitetinin tədris məsləhətçisi dosent Zabitə Teymurlu çıxışında müsabiqədə iştirak edən gənclərdə vətənpərvərlik ruhunun yüksək olduğunu, yazılarda ifadəliliyin qorunduğunu bildirməklə yanaşı, ədəbi dil normalarına əməl olunmasının zəruriliyini də vurğulamışdır.

   “Azərbaycan dili müzəffər ordumuzun dilidir” adlı esse müsabiqəsində ilk üç yerin qalibləri ‒ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantları, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Fəxri fərmanlarla təltif edilmiş, ilk onluğa düşən digər iştirakçılara təşəkkürnamələr təqdim olunmuşdur.

   Gənc nəslin vətənpərvərlik və azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsi, milli kimliyimiz olan Azərbaycan dilinə sevginin kursantlara aşılanması, dövlət dilinin tədrisi və təbliğindəki xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşı fil.ü.f.d, dosent Kəminə Məmmədovaya Fəxri fərman təqdim edilmişdir.

   Sonda birinci yerin qalibi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantı “Azərbaycan dili müzəffər ordumuzun dilidir” adlı esseni səsləndirmişdir.