Layihələr

“Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində Sofiya Şıqayeva Mitreşka ilə görüş

13.05.2022
“Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində Sofiya Şıqayeva Mitreşka ilə görüş
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində Bolqarıstanda yaşayan soydaşımız Sofiya Şıqayeva Mitreşka ilə görüş keçirilmişdir.
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, eləcə də həmin təhsil ocağında Azərbaycan dilini tədris edən soydaşımızla görüşdə Bolqarıstanda doğma dilin təbliği və tədrisi məsələləri geniş müzakirə edilmişdir. Sofiya Universitetində Azərbaycan dilinin 2013-cü ildən tədris olunduğunu bildirən qonaq növbəti ildən Azərbaycan ədəbiyyatı və mədəniyyətinin də tədris proqramına daxil edilməsi təklifinin irəli sürüldüyünü vurğulamışdır. Azərbaycan mədəniyyəti, milli–mənəvi dəyərləri və ədəbiyyatının Bolqarıstanda təbliğindən danışan S. Mitreşka Nizami Gəncəvi və Nəsimi qəzəllərinin, Cəlil Məmmədquluzadənin bir neçə hekayəsinin, Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərlərinin bolqarca nəşr edildiyini diqqətə çatdırmışdır. Hazırda M.FAxundovun bir neçə komediyasının tərcümə edildiyi, Şuşa haqqında bolqar dilində kitabın hazırlandığı, Azərbaycanın qadın şairlərinin antologiyasının isə artıq yekunlaşdığı barədə məlumat verilmişdir. Fevral ayında Müqəddəs Kiril və Mefodi adına Velikotırnova Universitetinin elan etdiyi tərcümə müsabiqəsində Azərbaycan dilinin də təmsil olunması müsbət hal kimi dəyərləndirilmişdir. Görüş zamanı soydaşımız Bolqarıstanda yaşayan azərbaycanlı ailələrdə böyüyən uşaqlarda doğma dilə maraq yaratmaq üçün müvafiq dərslik və dərs vəsaitlərinin çatışmazlığını təəssüf hissi ilə qeyd etmişdir.
Mərkəzin direktoru professor Sevinc Əliyeva xaricdə yaşayan soydaşlarımızın ölkəmizin, mədəniyyət və dilimizin təbliğinə xidmət edən fəaliyyətlərini yüksək dəyərləndirərək bu məsuliyyətli işlərində onlara uğurlar arzulamışdır. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldiməsi üçün əməkdaşlığın zəruriliyini vurğulayan S.Əliyeva lazımi dərslik və vəsaitlərlə təmin olunması, tərcümələrin və ölkəmizi təmsil edən müvafiq kitabların bolqar dilində nəşri istiqamətində Monitorinq Mərkəzinin öz töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırmışdır. Mərkəzin həyata keçirəcəyi layihələr sırasında Azərbaycan dilini öyrənən əcnəbi tələbələr üçün müxtəlif müsabiqələrin təşkilinin xüsusi əhəmiyyəti nəzərə çatdırılmışdır.