Layihələr

“Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində həmyerlimiz Eldar Vəliyevlə görüş

31.03.2023
“Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində həmyerlimiz Eldar Vəliyevlə görüş

     Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində Çexiya Respublikasının Praqa şəhərində yaşayan həmyerlimiz Eldar  Vəliyevlə görüş keçirilmişdir.

     Çex – Azərbaycan Birliyinin sədri, Şərqi Avropada yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Çexiya üzrə əlaqələndiricisi, Karlov Universitetində Azərbaycan dili və Azərbaycan tarixi müəllimi kimi fəaliyyət göstərən və Praqada “Buta” Azərbaycan həftəsonu məktəbinin təsisçisi olan soydaşımızla görüşdə Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği və tədrisi, eləcə də Çexiyada yaşayan soydaşlarımızın övladlarının ana dilimizi öyrənməsi üçün Azərbaycan dilinin tədrisi işinin təkmilləşdirilməsi məsələləri geniş müzakirə edilmişdir. Mərkəzin direktoru professor Sevinc Əliyeva dominant dillərin təsirinə baxmayaraq  xarici ölkələrdə dilimizi və mədəniyyətimizi yaşadan, layiqincə təmsil edən həmvətənlərimizin fəaliyyətilərini yüksək dəyərləndirərək bildirmişdir ki, ana dilimizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi Monitorinq Mərkəzi üçün də xüsusi əhəmiyyət daşıyır. Ölkə hüdudlarından kənarda doğma dilin tədrisi işinin uğurlu təşkili məqsədilə xaricdə yaşayan soydaşlarımızla sıx əməkdaşlıq çərçivəsində mövcud problemlərin həlli yollarının müəyyənləşdirildiyi diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, Mərkəz tərəfindən “Azərbaycan dili” dərsliyinin tərtibinə başlanılmış, düzgün tələffüz qaydalarının tətbiqinə töhfə vermək məqsədilə nağıl və hekayələrdən ibarət audiodisklər xaricdə yaşayan azərbaycanlı ailələrdə böyüyən uşaqlara təqdim olunmuş, həmçinin kiçikyaşlılar üçün digər maarifləndirici vəsaitlərin hazırlanması da nəzərdə tutulmuşdur.

     Uzun müddət Çexiyada diaspor fəaliyyəti ilə məşğul olan Eldar Vəliyev  həmin ölkədə Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, eləcə də mədəniyyətimizin yüksək səviyyədə təbliğində yaxından iştrak etdiyini bildirmişdir. Çexiyadakı “Buta” həftəsonu məktəbinin fəaliyyəti, Karlov Universitetində Azərbaycan dili və tarixi fənninin tədrisi barədə ətraflı məlumat verən E.Vəliyev əlavə etmişdir ki, bu təhsil ocaqları vətənimizdən kənarda böyüyən gənc nəslə adət-ənənələrimizin aşılanmasında  və tarixi, mədəni irsimizin təbliğində mühüm əhəmiyyət kəsb edir. Aparılan müzakirələrin yekunu olaraq Azərbaycan dilinin tətbiqi istiqamətində birgə görüləcək iş və vəzifələr müəyyənləşdirilmişdir.