“Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində görüş
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Mərkəzin və Azərbaycan Xanımları Beynəlxalq Klubunun birgə təşkilatçılığı ilə xaricdə yaşayan diaspor nümayəndələri və bu istiqamət üzrə respublikamızda fəaliyyət göstərən ziyalı xanımlarla “Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində görüş keçirilmişdir. Görüşdə Mərkəzin əməkdaşları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Hollandiyadan Azərbaycan Xanımları Beynəlxalq Klubunun təsisçisi və rəhbəri Kəmalə Cəlilova, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Aytən Əsgərova, Azərbaycan Dillər Universitetinin dosenti, “Dünya Azərbaycanlıları Həmrəylik İnstitutu” İctimai Birliyinin sədri, Avropada (Hollandiya) Qərbi Azərbaycan İcmasının təsisçisi filologiya üzrə fəlsəfə doktoru Həqiqət Hacıyeva, Rasim Hüseynov adına Cəyirli kənd ümumi orta məktəbin ingilis dili müəllimi, Cəyirli Bələdiyyəsinin sədri Aynur Axundova, Rusiyanın Kemerova şəhərindən “Azərbaycan Qadınları” İctimai Birliyinin sədr müavini Təranə Novruzova, Almaniyanın Hannover şəhərindən Almaniya − Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli, Misirdən "Discover Azerbaijan" layihəsinin rəhbəri Dr. Sada Ali Aşraf, Misirin Ayn-Şəms Universitetinin Tibb fakültəsinin tələbəsi, gənc ixtiraçı-alim, "Qarabağ, Azərbaycan" və "Azərbaycan sədası" adlı kitabların müəllifi və tərcüməçisi Dr. Sandi Salem, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru (Misir) Dr. Səbinə Aydın, İsveçdən Azərbaycan Birliyinin sədri, Stokholm şəhərindəki “Qarabağ” məktəbinin yaradıcısı və rəhbəri, “IWC-İnternational Women Club”un İdarə Heyətinin üzvü, həkim-terapevt Sevda Dadaşova, “Xan qızı Natəvan” Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzindən (Rusiya) − Mərkəzin vitse-prezidenti Ruhiyə Poladova, Mərkəzin üzvləri − Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət Əhmədova, Rusiyanın Kemerova şəhərindən Diaspor Təşkilatının sədri Təranə Novruzova və sədr müavini Tünzalə Zeynalova, Yekaterinburq Diaspor Təşkilatının sədri Kəmalə Yaşarovna, “Dünya Azərbaycan Qadınları” İctimai Birliyinin Azərbaycan üzrə nümayəndəsi Nəsibə İsrafilqızı, “Dünya Azərbaycan Qadınları” İctimai Birliyinin nümayəndəsi (Moskva) Leyla Fərəcova və başqaları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva soydaşlarımızı vahid məfkurə ətrafında birləşdirən milli-mənəvi dəyərimiz olan ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan dilinin beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Ana dilimizin dünyanın ən mötəbər kürsülərindən səsləndirilməsini, dominat dillərin təsirinə baxmayaraq, xarici ölkələrdə öz dilini, mədəniyyətini yaşadan və layiqincə təmsil edən həmvətənlərimizin fəaliyyətini qürurverici hal kimi dəyərləndirən S.Əliyeva bildirmişdir ki, doğma dilimizin təbliği Monitorinq Mərkəzi üçün də prioritet məsələdir. O, xaricdə yaşayan soydaşlarımız tərəfindən dilimiz və mədəniyyətimizin təbliğinə dair keçirilən tədbirləri yüksək qiymətləndirməklə müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizlə əməkdaşlığın zəruriliyindən bəhs etmişdir.
Diaspor nümayəndələri Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Diaspor Təşkilatları qarşısında qoyulan vəzifələrdən söhbət açmış, xaricdə Azərbaycan dilinin tədrisi prosesinin təkmilləşdirilməsi, müxtəlif tədris səviyyələri üzrə dərsliklərin nəşr olunması, şagird və tələbələrin müvafiq ədəbiyyatla təmin edilməsi, yay məktəblərinin yaradılması kimi zəruri məsələləri müzakirə etmiş, Monitorinq Mərkəzi tərəfindən həftəsonu məktəblərin fəaliyyətinə dəstək verilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar. Aparılan müzakirələrin yekunu olaraq xaricdəki mərkəz və cəmiyyətlərin fəaliyyətləri yaxından öyrənilməklə Azərbaycan dilinin dünya miqyasında nüfuzunun yüksəldilməsi və tətbiqi istiqamətində görüləcək vəzifələr müəyyənləşdirilmişdir.